“Azərbaycanda uşaqların müdafiəsi islahatı” üzrə milli konfrans

22-23 oktyabr 2009


Oktyabrın 22-də Bakıda, “Gülüstan” sarayında Azərbaycanda Uşaq ilinə və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş "Azərbaycanda uşaqların müdafiəsi islahatı" üzrə milli konfrans işə başlamışdır. Azərbaycan hökuməti, Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun (YUNİSEF) və “Azercell” şirkətinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir.


Dövlət qurumlarının, beynəlxalq təşkilatların, Milli Məclisin deputatlarının qatıldığı konfransı Baş nazirin müavini Elçin ƏFƏNDİYEV açaraq bildirmişdir ki, son illər ərzində ölkənin iqtisadi-sosial vəziyyətində böyük və əsaslı dəyişikliklər baş vermişdir. Azərbaycan dayanıqlı iqtisadi inkişafa qədəm qoymuş və bununla da insanların layiqli həyatı üçün münbit zəmin yaradılmışdır. Bütün bunlar ilk növbədə ölkədə uşaq hüquqlarının həyata keçirilməsi, xüsusən də uşaqların müdafiəsi sahəsində konkret addımların və ümumilikdə uşaqların vəziyyətinin yaxşılaşdırılmasına zəmin yaratmışdır.


Ötən dövrdə uşaqların müdafiəsi mexanizminin müəyyən edilməsi və yeni alternativ qayğı formalarının yaradılması sahəsində yaxşı irəliləyişlər əldə edilmişdir. Bu baxımdan Azərbaycan Prezidentinin 2006-cı il 29 mart tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər)” qəbul edilməsi böyük əhəmiyyətə malikdir. Bu proqramdan irəli gələn vəzifələrin icrası istiqamətində atılan mühüm addımlar xüsusi yer tutur. Prosesin uğurla həyata keçirilməsinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva hərtərəfli dəstək verir.


Elçin Əfəndiyev diqqətə çatdırmışdır ki, ikigünlük milli konfrans zamanı Azərbaycanda uşaqların müdafiəsi sistemində islahatlara cavabdeh olan əsas dövlət qurumlarının - Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, digər qurumların, o cümlədən İnsan Hüquqları üzrə Müvəkkilin, YUNİSEF-in regional ofisinin, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, ekspertlərin məruzələri dinləniləcəkdir. Bundan başqa, uşaqların müdafiəsi sistemi sahəsində mühüm mövzuların işçi qruplarda müzakirə olunması və konfrans bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulmuşdur.


Baş nazirin müavini bildirmişdir ki, Azərbaycan hökuməti uşaqların müdafiəsində ölkəmizin beynəlxalq qurumlar, ən vacibi isə uşaqlarımız qarşısında götürdüyü öhdəliklərin bundan sonra da həyata keçirilməsinə hazırdır və bu işdə Heydər Əliyev Fondunun dəstəyinə ümid edirik.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım ƏLİYEVA konfransda çıxış etmişdir.


YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark HEREVARD uşaq problemlərinin həlli üçün ölkədə fəaliyyət göstərən bütün əlaqədar qurumların səylərinin birləşdirilməsinin vacibliyini vurğulamışdır. O, Azərbaycanda uşaq məsələləri ilə bağlı inkişafın müşahidə olunduğunu, bunun qanunvericilikdə əksini tapdığını qeyd etmişdir. Bildirmişdir ki, bir sıra vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq təşkilatlar aztəminatlı qruplardan olan uşaqları yeni alternativ qayğı xidmətləri ilə təmin edir. Bu xidmətlər Azərbaycanın müxtəlif yerlərində ehtiyac içərisində yaşayan uşaqları həyati əhəmiyyət kəsb edən yardım ilə təmin etməklə yanaşı, ölkədə alternativ qayğı sistemlərinin daha geniş miqyasda inkişaf etdirilməsinə töhfələr verir.


YUNİSEF-in Heydər Əliyev Fondu və Azərbaycan hökuməti ilə sıx fəaliyyət göstərdiyini söyləyən BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi alternativ qayğı sistemləri barədə ətraflı məlumat vermişdir.


Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər)” əhəmiyyətini xüsusi vurğulayan YUNİSEF-in nümayəndəsi bildirmişdir ki, problemin həlli istiqamətində dövlət, qeyri-hökumət və vətəndaş cəmiyyəti qurumlarının birgə fəaliyyəti təmin olunmalıdır. Burada dövlətin əsas funksiyası hazırlanacaq layihələrə dəstəyin təmin edilməsindən ibarətdir.


Konfransın qarşısında duran vəzifələrə toxunan Mark Herevard müzakirələr nəticəsində uşaqların hüquqlarının müdafiəsinin təşkili ilə bağlı strategiyanın müəyyən olunmasının vacibliyini qeyd etmişdir.


Layihəyə dəstək verməkdən məmnun olduqlarını deyən “Azercell Telekom” Birgə Müəssisənin prezidenti Ali AĞAN bildirmişdir ki, 2009-cu il Azərbaycanda Uşaq ili olduğu üçün bu konfransın əhəmiyyəti daha böyükdür.


Ali Ağan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqların hüquqlarının qorunması sahəsindəki fəaliyyətinin, valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərdiyi diqqət və qayğının cəmiyyətdə yüksək qiymətləndirildiyini vurğulamışdır. Bildirmişdir ki, Fondun uşaqlarla bağlı həyata keçirdiyi layihələr Azərbaycanın gələcəyinə hesablanmışdır.


Azərbaycan hökuməti, Heydər Əliyev Fondu, YUNİSEF, “Azercell Telekom” MMC və vətəndaş cəmiyyətinin nümayəndələri arasında uşaq hüquqlarının müdafiəsi sahəsində islahatların həyata keçirilməsinin gücləndirilməsi üçün tərəfdaşlığın qurulduğunu qeyd edən Ali Ağan, bunun nəticəsində bir sıra layihələrin reallaşdırıldığını diqqətə çatdırmışdır. 2008-ci ilin payız mövsümündə uşaqların ailə mühitində böyümək hüququnun təbliğ edilməsinə hədəflənmiş “Hər bir uşağın ailəyə ehtiyacı var” adlı milli ictimai məlumatlandırma kampaniyasının əhəmiyyəti yüksək qiymətləndirilmişdir.


Sonra konfransda mövzu ilə bağlı məruzələr dinlənilmişdir.


X X X


“Azərbaycanda uşaqların müdafiəsi islahatına doğru” mövzusunda məruzə edən təhsil naziri Misir MƏRDANOV bildirmişdir ki, konfrans ölkəmizdə uşaqların rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması, cəmiyyətdə hərtərəfli və ahəngdar inkişafının, onlara təhsil və səhiyyə xidmətlərinin göstərilməsi, valideyn himayəsindən məhrum uşaqların ailə mühitində yaşamaq hüququnun təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.


Uşaqların rifahının yüksəldilməsi ilə bağlı məsələlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Azərbaycan müstəqilliyinin ilk illərində BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuş, bu sənədlə bağlı üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi məqsədilə müxtəlif qanunvericilik aktları, o cümlədən “Uşaq hüquqları haqqında” Qanun qəbul edilmişdir.


Nazir demişdir ki, son illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı uşaqların hüquqlarının qorunmasına yönəlmiş proqramların həyata keçirilməsinə zəmin yaratmışdır. Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı hazırlanmışdır. Bu proqramdan əvvəl Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü ilə hazırlanmış “Uşaq evləri və internat məktəblərinin inkişaf Proqramı”na əsasən son 5 ildə ölkədə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 38 internat məktəbi və uşaq evi yenidən qurulmuş, əsaslı təmir edilmiş, ən müasir avadanlıqla təchiz olunmuşdur. Bu müəssisələrdə kimsəsiz uşaqlar üçün ev şəraitinə yaxın mühit yaradılmışdır.


Ötən müddət ərzində Proqramın icrası ilə bağlı Təhsil Nazirliyi digər tərəfdaşlarla birlikdə bir sıra işlər görmüşdür. Proqramın səmərəli həyata keçirilməsi və idarəolunması məqsədilə Nazirlər Kabinetinin sərəncamı ilə Təhsil Nazirliyi nəzdində İşçi Qrupu yaradılmış, 55 dövlət uşaq müəssisəsində qiymətləndirmə həyata keçirilmişdir. Hazırda övladlarına sərbəst şəkildə qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahının yaxşılaşdırılması məqsədilə yerlərdə müxtəlif tədbirlər həyata keçirilir.


Nazir bildirmişdir ki, Dövlət Proqramı qarşısında duran əsas vəzifələrdən biri də de-institusionalizasiya ilə bağlı əhalinin məlumatlandırılmasıdır. Bu istiqamətdə vəsaitlər, bukletlər çap edilərək dövlət uşaq müəssisələrinə, əlaqədar dövlət strukturlarına, beynəlxalq təşkilatlara, QHT-lərə çatdırılmış, televiziya kanallarında xüsusi verilişlər təşkil olunmuş, diskussiyalar aparılmışdır.


Qarşıda daha ciddi vəzifələrin dayandığını diqqətə çatdıran Misir Mərdanov bildirmişdir ki, bu istiqamətdə normativ hüquqi baza təkmilləşdirilməli, dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi, onların hüquqlarının qorunması və sosial müdafiəsinin işlək mexanizmləri tətbiq edilməli, dövlət uşaq müəssisələrinə uşaqların düşməsinin qarşısının alınması məqsədilə risk qrupundan olan ailələr arasında sistemli preventiv tədbirlərin görülməsi üçün sosial işçilər hazırlanmalı, ailələrə verilmiş uşaqların vəziyyətinin dövri monitorinqinin aparılması mexanizmləri yaradılmalıdır.


X X X


Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli ƏLƏKBƏROV “Ailəyə dəstək üzrə sosial müdafiə tədbirləri” mövzusunda məruzəsində demişdir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan olunması ölkəmizdə uşaqların vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə birgə səylərimizin artırılması baxımından geniş imkanlar açmışdır. Bugünkü tədbir də məhz bunun təzahürüdür.


Nazir bildirmişdir ki, dövlətin həyata keçirdiyi sosial–iqtisadi siyasətin prioritetləri sırasında sosial müdafiə sisteminin təkmilləşdirilməsi, əhalinin aztəminatlı qruplarının ehtiyacları öyrənilərək onlara müxtəlif yardımların göstərilməsi önəmli yer tutur. Həyata keçirilmiş tədbirlər nəticəsində yoxsulluğun səviyyəsi 49 faizdən 13,2 faizədək azalmışdır.


Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nda həssas qrupların daha səmərəli müdafiəsi üçün mövcud sosial müdafiə sistemində müvafiq islahatların həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2006-cı il iyulun 1-dən ölkədə ünvanlı sosial yardım sisteminin tətbiqinə başlanılmışdır. Hazırda 153 minə yaxın ailə ünvanlı sosial yardım alır və orta hesabla ayda hər bir ailəyə 107 manat vəsait ödənilir. Yardım alanların 90 faizi uşaqlı ailələrdir. Onlardan 45,2 faizi isə üç və daha çox uşağı olan ailələrdir. Yardım alanların 50 faizini uşaqlar təşkil edir. Yardım alan çoxuşaqlı ailələr arasında yoxsulluq səviyyəsi 3 il ərzində 20 faizə qədər azalmışdır.


“Sosial müavinətlər haqqında” Qanuna əsasən hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 370 min nəfərə yaxın adama 34 növ üzrə sosial müavinət ödənilir. Bunlardan da 6-sı birbaşa uşaqlara ünvanlanmışdır ki, bu da 135 min nəfərə yaxın uşağı əhatə edir.


Nazirlik tərəfindən “2010–2013-cü illərdə aztəminatlı ailələrin sosial reabilitasiyası Dövlət Proqramı”nın layihəsi hazırlanır. Bu sənəddə uşaqların sosial müdafiəsinə xüsusi diqqət yetiriləcəkdir.


Natiq qeyd etmişdir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük qayğısı nəticəsində ölkəmizin hər yerində uşaqlara diqqət durmadan artmaqdadır. Heydər Əliyev Fondunun xətti ilə son illər ərzində müxtəlif iri layihələrin həyata keçirilməsi minlərlə uşağın sevincinə səbəb olmuşdur.


Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramının həyata keçirilməsi məqsədi ilə Təhsil Nazirliyi, YUNİSEF, digər dövlət qurumları, beynəlxalq və qeyri–hökumət təşkilatları ilə sıx əməkdaşlıq çərçivəsində bir sıra işlər görülmüşdür. Uşaqların internat evlərinə düşmək ehtimalının qarşısının alınması prosesinin gücləndirilməsi sayəsində 50-dən çox uşağın internat evinə düşməsinin qarşısı alınmış, 20-dən artıq uşaq isə evlərinə qaytarılmışdır. Bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları ilə birgə respublikanın Quba və İsmayıllı rayonlarında “Reabilitasiya xidmətinin gücləndirilməsi (2009–2011-ci illər)” pilot layihəsi icra edilir. Həmin layihə çərçivəsində son iki ay ərzində 51 uşağa tibb müəssisələrində və evlərdə müxtəlif növ reabilitasiya xidmətləri göstərilmişdir.


F.Ələkbərov bu konfransın müasir uşaq müdafiə sisteminin yaradılmasına güclü təkan verəcəyinə əminliyini bildirmişdir.


X X X


Məruzəsinə belə bir tədbirin Bakıda keçirilməsinə göstərdikləri dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevaya və konfransın təşkilatçılarına minnətdarlıqla başlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran HÜSEYNOVA demişdir ki, uşaqların hüquq və azadlıqlarının qorunması, onların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin prioritet istiqamətlərini təşkil edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşmaqdadır. Bu siyasətin davamı olaraq son illərdə Prezident İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olmuşdur.


Azərbaycanın BMT-nin uşaq hüquqları qurumları ilə sıx əlaqə qurduğunu diqqətə çatdıran H.Hüseynova demişdir ki, Azərbaycanda “Uşaq hüquqları haqqında” Qanun qəbul olunmuş, bu sahədə milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilmiş, uşaqların hüquqlarının müdafiəsi, onların normal formalaşması, sağlam böyüməsinə yönəlmiş bir çox Dövlət Proqramları hazırlanmış, 2009-cu il Azərbaycan Prezidentinin Sərəncamı ilə Uşaq ili elan edilmişdir.


Hicran Hüseynova BMT-nin “Uşaq hüquqlarına dair Konvensiyası”na uyğun olaraq ölkəmizin qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi ilə bağlı dövri hesabatın hazırlandığını diqqətə çatdırmışdır. Komitə sədri demişdir ki, hesabatdan keçən dövr ərzində Azərbaycanda müşahidə olunan ən aktual məsələlərdən biri uşaq ölümü problemidir. Mövcud vəziyyəti dəyişmək məqsədi ilə respublikamızda bütün dövlət qurumları intensiv tədbirlər həyata keçirmişlər ki, bunun da nəticəsində son illər hər 1000 doğuşa ölüm hadisəsi 67-dən 43-ə enmiş, neonatal ölüm göstəricisi isə 31-dən 28-dək azalmışdır.


Uşaqlarla bağlı məsələlərdə prioritetlərdən birinin də ana və uşaqların sağlamlığının qorunması olduğunu diqqətə çatdıran komitə sədri demişdir ki, bu məqsədlə ölkəmizdə 2006-2010-cu illəri əhatə edən “Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Planı” qəbul olunmuşdur. Bu Plan çərçivəsində səhiyyə sahəsində islahatlar, klinikaların yaradılması və yeni avadanlıqla təchizatı, uşaqlara göstərilən tibbi yardımın keyfiyyətinin artırılması, uşaqlar arasında xəstəliklərin profilaktikası həyata keçirilir.


Ötən dövrdə xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli də diqqət mərkəzində olmuşdur. Bununla bağlı dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Proqramı xüsusi önəm daşıyır.


Bu sahədəki problemlərdən söhbət açan H.Hüseynova, valideynləri, pedaqoji kollektivləri və ictimaiyyəti həssas qruplardan olan uşaqlara diqqət və qayğını artırmağa çağırmışdır. Bildirmişdir ki, hazırda Azərbaycanda 56,5 min xüsusi qayğıya ehtiyacı olan uşaq vardır. Respublika üzrə xüsusi qayğıya ehtiyacı olan və internat məktəblərinə cəlb edilmiş uşaqların sayı isə 1282 nəfərdir. Problemin həllinə mənfi təsir göstərən əsas amil Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalıdır. Bunun nəticəsində 195 min 994 uşaq qaçqın və məcburi köçkün həyatı yaşayır.


Azərbaycanda erkən nikah, yuvenal ədliyyə və uşaqların məktəblərdən yayınması məsələlərinə toxunan H.Hüseynova bildirmişdir ki, respublikamızda həyata keçirilən bütün proqramlar, layihələr uşaqların inkişafına layiqli töhfələr verəcək, ailələrimizin sosial bazasını möhkəmləndirəcəkdir.


X X X


BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Mark Herevard Azərbaycanda uşaqların müdafiəsi sahəsindəki nəcib fəaliyyətinə görə Mehriban xanım Əliyevaya YUNİSEF-in xüsusi mükafatını təqdim edərək dedi:


- Hörmətli Mehriban xanım, mən çox böyük şərəf hissi ilə konfrans iştirakçılarının təklifi ilə çox kiçik bir çıxış edəcəyəm. İcazə verin, Sizə uğurlu fəaliyyətinizə görə təşəkkürlərimizi bildirim, uşaqların müdafiəsi sahəsində işinizi davam etdirməyinizi arzulayım. Sizə bir daha təşəkkürlərimizi bildirəm.


X X X


Fasilədən sonra konfrans işini sessiyalarda davam etdirmişdir. Təhsil naziri Misir Mərdanovun sədrliyi ilə keçirilən birinci sessiyada Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova “Uşaq hüquqlarının müdafiəsi sahəsində milli müstəqil monitorinq mexanizminin əhəmiyyəti”, Uşaq Parlamentinin sədri Tale Əliyev “Uşaq hüquqlarının daha səmərəli müdafiəsində uşaqların iştirakının əhəmiyyəti”, YUNİSEF-in region üzrə uşaqların müdafiəsi müşaviri Jan-Klod Leqrand “MDB və Şərqi Avropa ölkələrində uşaqların müdafiəsi islahatı: regional baxış” mövzularında məruzələrlə çıxış etmişlər.


Çıxışlarda uşaq hüquqlarının müdafiəsi sahəsində yaradılmış müstəqil monitorinq mexanizminin əhəmiyyəti, bu istiqamətdə həyata keçirilmiş tədbirlər, əldə olunmuş nəticələrin təhlili sahəsində görülmüş tədbirlər barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, həyata keçirilmiş tədbirlər nəticəsində həmin istiqamətlərdə mühüm uğurlar əldə edilmişdir.


Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin sədrliyi ilə davam edən konfransın ikinci sessiyasında İtaliyanın EducAid və Boloniya Universitetinin nümayəndəsi Alessandro Latini “Yerli səviyyədə inteqrativ xidmətlərin sınaqdan keçirilməsi”, YUNİSEF-in uşaqların müdafiəsi üzrə məsləhətçisi, Moldovadan olan xanım İrina Malançuk “Sosial islahatın strateji planlaşdırılması: dövlət uşaq müəssisələrində olan uşaqların vəziyyəti və dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plan”, YUNİSEF-in sosial siyasət üzrə məsləhətçisi, Böyük Britaniyadan olan Devid Larter “İslahatın maliyyələşdirilməsi: dövlət uşaq müəssisələri və alternativ xidmətlərin müqayisəsi” adlı məruzələrlə çıxış etmişlər.


YUNİSEF tərəfindən 2006-2007-ci illərdən başlayaraq de-institusionalizasiya layihəsi üzrə bir sıra layihələrin həyata keçirildiyi qeyd olunmuş, bu istiqamətdə müxtəlif ölkələrdə əldə olunmuş təcrübə barəsində ətraflı məlumat verilmişdir. Azərbaycanın Masallı, Quba, İsmayıllı və Bakı şəhərinin Nizami rayonlarında məsələ ilə bağlı müvafiq məlumatların toplanaraq təhlil olunduğu diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, monitorinqlərin aparıldığı rayonlarda müvafiq qurumların birgə fəaliyyəti müşahidə olunmuş, xidmətlərin inteqrasiyası aparılmış, bəzi pilot layihələr uğurla həyata keçirilmiş, layihələrdən müsbət nəticələr əldə olunmuşdur.


Qazanılmış təcrübənin yayılması məqsədi ilə təcrübə mübadiləsinin təşkilinin vacibliyi vurğulanmışdır.


Konfransın birinci günü təqdim olunmuş məruzələrlə bağlı müzakirələr aparılmış, növbəti gün işçi qruplarda aparılacaq müzakirələrin mövzuları təqdim olunmuşdur.


 

1.JPG2.JPG3.JPG4.JPG