“Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum

10 iyun 2008


İyunun 10-da Bakıdakı “Gülüstan” sarayında “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda ikigünlük beynəlxalq forum işə başlamışdır.


Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri iştirak edirlər.


Beynəlxalq forumun iştirakçısı olan yüksək səviyyəli qonaqlar “Gülüstan” sarayına gəldilər.


Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrini, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanı, Polşanın birinci xanımı Mariya Kaçinskini, Cənubi Afrika Respublikasının birinci xanımı Zanele Mbekini, Anqolanın birinci xanımı Ana Paula duş Santuşu, Latviya Respublikasının birinci xanımı Lilita Zatleri, ABŞ-ın Texas ştatının birinci xanımı Anita Perrini, Rusiya Federasiyası Şurası sədrinin müavini Svetlana Orlovanı, Argentinanın vitse-prezidentinin xanımı Marta Kristina Çeruti Dekobosu, Bəhreyn xarici işlər nazirinin xanımı şeyxa Veysəli səmimiyyətlə qarşıladı.


Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva qonaqların hər biri ilə xatirə şəkli çəkdirdi.


Sonra forumun rəsmi açılış mərasimi oldu.


Qonaqları Bakıda salamlamaqdan məmnunluğunu bildirən MEHRİBAN XANIM ƏLİYEVA dedi ki, bu forum Heydər Əliyev Fondunun, YUNESKO-nun və İSESKO-nun birgə səyləri ilə həyata keçirilir. Mən həmin təşkilatlara və onların rəhbərliyinə - YUNESKO-nun baş direktoru cənab Koişiro Matsuuraya və İSESKO-nun baş direktoru cənab Əbdüləziz bin Osman Əl-Tüveycriyə öz dərin minnətdarlığımı bildirmək istəyirəm.


Mehriban xanım Əliyeva bildirdi ki, son 15 ildə alimlər və yazıçılar, din xadimləri və siyasətçilər çox sadə səslənən bir suala cavab axtarırlar: Dialoq, yoxsa qarşıdurma? Bu problem bir çox beynəlxalq forumların və konfransların əsas mövzusu olubdur. Zənnimcə, hər bir belə toplantı özlüyündə dialoq olaraq müxtəlif ölkələrin və mədəniyyətlərin təmsilçilərini bir araya gətirməklə böyük əhəmiyyət kəsb edir. Belə görüşlər ən azı insanların bir-birini daha dərindən tanımasına, fikir və təcrübə mübadiləsinin aparılmasına xidmət edir.


Bu gün biz mədəniyyətlər və sivilizasiyalararası dialoq probleminə qadınların gözü ilə baxmalıyıq, qadın mövqeyini qabartmalıyıq. Qadın olan yerdə həmişə səmimiyyət var, sevgi var, məhəbbət var. Qadın olan yerdə düşmənçiliyə, qarşıdurmaya, nifrətə yer yoxdur. Zənnimcə, qadınlar əzəldən bəri dialoq tərəfdarıdırlar. Məhz ona görə, qadın potensialı dialoqun möhkəmlənməsində böyük rol oynaya bilər. Mən ümidvaram ki, konfransımız səmərəli keçəcək, iki gün ərzində müxtəlif fikir və təkliflər səslənəcək və konfransımızın nəticələri mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə layiqli töhfəsini verəcəkdir.


Forumu açıq elan edən Mehriban xanım Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubu göndərdiyini bildirdi.


Sonra Prezidentin İcra Aparatının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin forum iştirakçılarına təbrikini oxudu.


Sonra İSESKO-nun baş direktoru ƏBDÜLƏZİZ BİN OSMAN ƏL–TÜVEYCRİ çıxış edərək Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanı, forumun iştirakçılarını salamladı və mədəniyyətlərarası dialoqa dair tədbirlərin keçirilməsinə göstərdiyi yüksək dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi.


Qadınlar mədəniyyətlərin dialoqunun inkişaf etdirilməsində çox mühüm rol oynayırlar. Onlar gənc nəslin tərbiyəçisidirlər. Onlar cəmiyyəti quran ailənin özəyidirlər. Onlar gənc nəslə ideal dəyərlər və ali prinsiplər aşılayırlar.


Mədəniyyətlər və sivilizasiyalararası dialoqun hamının işi olduğunu bildirən Əbdüləziz bin Osman Əl-Tüveycri diqqətə çatdırdı ki, bu sahədə qadınların rolu danılmazdır. Bunun üçün qadınlar ilk növbədə savadlı olmalı, mükəmməl təhsil almalıdır. Lakin bu o demək deyildir ki, qadınların fəaliyyəti ev işləri və ya təhsillə məhdudlaşır. Əlbəttə, qadınlar fəaliyyət üçün daha çox imkana malikdirlər. Təhsil dedikdə, biz mədəniyyətlərin dialoqundakı dəyərlərə əsaslanan təhsili nəzərdə tuturuq.


Bu forumda yaradılan imkandan istifadə edərək hamını mədəniyyətlərin dialoqunda və millətlər arasında anlaşmanın inkişaf etdirilməsi istiqamətində birlikdə çalışmağa, bununla da sülhün və insanların dinc yanaşı yaşamasının düşmənlərinin irqi, dini və mədəni ayrı-seçkiliyə çağırışlarının qarşısını birlikdə almağa çağırıram.


Forumda YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın videomüraciəti nümayiş olundu. Koişiro Matsuura əvvəlcə forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə, xüsusilə də Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdi.


K.Matsuura qeyd etdi ki, bu forumun keçirilməsi gender bərabərliyinin inkişafına təkan verəcəkdir.


Gender bərabərliyi YUNESKO-nun 2008-2010–cu illər üçün qlobal prioritetidir. Ümid edirəm ki, bizim təşkilatımız gələcəkdə bu istiqamətdə yeni mexanizmin yaradılmasında mühüm rol oynayacaqdır.


Mədəniyyətlərarası dialoqun çox vacib məsələ olduğunu qeyd edən Polşanın birinci xanımı Mariya Kaçinski öz ölkəsində tarixən mövcud olan tolerantlıq adət-ənənələrinin davam etdirildiyini bildirdi.


Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan çıxışında bu cür mötəbər tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya, YUNESKO-ya və İSESKO-ya, Azərbaycan dövlətinə xüsusi minnətdarlığını bildirdi. Ə.Ərdoğan bildirdi ki, hazırda dünyada baş verən proseslərdə qadınların rolu artır. Cəmiyyətin təkanverici qüvvəsi olan qadınların rolunun daha da artması üçün səyləri birləşdirməliyik.


Anqolanın birinci xanımı Ana Paula duş Santuş Azərbaycanda olmağından və qadın problemlərinə həsr olunmuş belə əhəmiyyətli forumda iştirakdan məmnun qaldığını söylədi. Bildirdi ki, tarixən Azərbaycan Asiya ilə Avropanı birləşdirən mədəni yollar üzərində yerləşən ölkədir. Xanım duş Santuş Azərbaycanın dünya mədəniyyətinə verdiyi töhfələri xüsusi vurğuladı, Azərbaycanın mədəni irsinin zənginliyinin digər xalqlar üçün nümunə olduğunu söylədi.


Latviyanın birinci xanımı Lilita Zatler mədəniyyətlərarası dialoqda qadınların rolu mövzusunun məhz Bakıda müzakirə edilməsinin onu həddindən artıq sevindirdiyini bildirdi. Məşhur yazıçı Kiplinqin Şərqlə Qərbin heç zaman birləşə bilməyəcəyi barədə fikri ilə razılaşmadığını qeyd edən xanım Zatler, bugünkü tədbirin onun qənaətinə bariz nümunə olduğunu dedi, qadınların sivilizasiyanın mühüm tərkib hissəsi olduğunu, kişilərlə bərabər cəmiyyətin idarə edilməsində onların rolunun artırılmasının vacibliyini vurğuladı.


Cənubi Afrika Respublikasının birinci xanımı Zanele Mbeke Azərbaycan Prezidenti İlham Əliyevə foruma göndərdiyi təbrikə və xoş arzulara görə minnətdarlığını bildirdi.

 

Azərbaycan paytaxtını sivilizasiyalar arasında körpü, qonaqpərvərlik rəmzi adlandıran xanım Z.Mbeke, artıq tarixi İpək yolunun üzərində yerləşən Bakının zəngin ənənələrə malik olduğunu qeyd etdi, göstərilən qonaqpərvərliyə görə təşəkkürünü çatdırdı.


O, Qərb ilə Afrika arasında fərqlərin yaranmasının səbəblərinin bu qitənin zorla mənimsənilməsindən meydana gəldiyini, lakin cəmiyyətin müsbətə doğru inkişafını nəzərə alaraq zaman keçdikcə bu fərqlərin də aradan qaldırılacağına əminliyini bildirdi. Çünki hazırda sülhün, dialoqun, humanizmin inkişaf etdirilməsi istiqamətində daha real addımlar atılmağa başlanılmışdır.


Rusiya Federasiyası Federasiya Şurasının sədrinin müavini Svetlana Orlova Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş forumun işinə uğurlar arzuladı, iştirakçıları Federasiya Şurasının sədri Mironovun təbrik məktubunun mətni ilə tanış etdi.


Xanım S.Orlova forumun mövzusunun aktuallığını xüsusi qeyd edərək bunun cəmiyyətdə qadınların rolunu dəyərləndirməyənlərə tutarlı cavab olduğunu vurğuladı.


ABŞ-ın Texas ştatının birinci xanımı Anita Perri beynəlxalq Bakı forumunun təhlükəsizliyin artırılması, qadınlara qarşı diskriminasiya ənənələrinə son qoyulması istiqamətində mühüm addım olduğunu söylədi.


Argentina vitse-prezidentinin xanımı Marta Kristina Çerutti de Kobos qızlara və qadınlara qarşı diskriminasiya hallarının qarşısının alınması məqsədi ilə təhsil sahəsində mövcud imkanları daha da genişləndirməyin zəruri olduğunu söylədi.


Qonaq dedi ki, qadınların cəmiyyətdə, xüsusən təhsil sistemində rolu böyükdür. İntellektual səviyyədə qadınların cəmiyyətdə rolu əvəzedilməzdir. Ən vacib məsələlərdən biri qızların pulsuz təhsillə təmin olunmasıdır.


Forumda çıxış edən ABŞ-ın Con Hopkins Universitetinin professoru Frensis Fukuyama ilk dəfə Bakıda 20 il öncə olduğunu söylədi, budəfəki gəlişində böyük dəyişikliklərin şahidi olduğunu qeyd etdi.


Qlobal tendensiyaların inkişaf etdiyi cəmiyyətdə qadınların rolunun artdığını vurğulayan professor, müxtəlif ölkələrdə qadınlara yanaşmada fərqlərin mövcudluğunu diqqətə çatdırdı.


Bildirdi ki, müasirləşən dünyada artan iqtisadi inkişaf nəticəsində qadınların statusu da dəyişir və bu fərqlər aradan qalxır.


Forumun açılış sessiyası başa çatdıqdan sonra tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.


Fasilədən sonra beynəlxalq forum işini sessiyalarda davam etdirdi.


“İnsan sivilizasiyasının münaqişəsi, yoxsa birliyi?” mövzusundakı sessiyaya Avropa Şurasının sabiq baş katibi, “Sivilizasiyaların Dialoqu” Dünya İctimai Forumunun beynəlxalq əlaqələndirmə komitəsinin sədri Valter Şvimmer sədrlik etmişdir.


Bakı forumunun keçirilməsini yüksək qiymətləndirən V.Şvimmer dedi ki, Azərbaycanın bu foruma ev sahibliyi etməsi onun insan hüquq və azadlıqlarının, eləcə də qadın hüquqlarının qorunmasına verdiyi önəmin xüsusi göstəricisidir.


Sonra Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çıxış etdi.


Forum iyunun 11-də işini davam etdirmişdir. Forumun üçüncü sessiyasına sədrlik edən Qazaxıstan Prezidentinin müşaviri, Ailə Məsələləri və Gender Siyasəti üzrə Milli Komissiyanın sədri xanım Gülşarə Abdıkalıkova belə bir möhtəşəm tədbirin təşkilinə və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan hökumətinə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, İSESKO-nun və YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya minnətdarlıq etmişdir.


Xanım G.Abdıkalıkova qadınların dünyada gedən qloballaşma prosesində iştirakı, mövcud problemlərin həllində, münaqişələrin çözülməsində, sülhün, əmin-amanlığın bərqərar olunmasındakı rolunun artırılması baxımından Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bu tədbirin olduqca mühüm əhəmiyyət daşıdığını bildirmişdir.


Mərakeş Krallığının mədəniyyət naziri xanım Turiyə Cəbran çıxışında demişdir ki, belə bir tədbirin Azərbaycanda keçirilməsi bu ölkədəki tolerantlığın, insan hüquq və azadlıqlarının müdafiəsinin bariz nümunəsidir.


Macarıstanın Təhsil və Mədəniyyət Nazirliyinin beynəlxalq məsələlər üzrə dövlət katibi Katalin Bogyay Azərbaycan və macar xalqları arasında tarixən mövcud olan mədəni əlaqələrdən danışmış, forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.


K.Bogyay demişdir ki, Macarıstan hər zaman dialoq vasitəsilə digər ölkələrlə mədəni mübadiləyə öz töhfəsini verməyə çalışmışdır. Mədəni diplomatiya cəmiyyətin özəyini təşkil edir. Bu mənada mədəniyyətlərarası dialoqun daha da yayılması üçün səyləri birləşdimək lazımdır.


Yaponiyanın Şizuoka Prefektura Universitetinin professoru Yoko Hirosi müasir dünyadakı problemlərdən danışmış, onların həllində qadınların rolunu qeyd etmişdir.


Rusiya Elmlər Akademiyası Sosiologiya İnstitutunun ailə və gender məsələləri şöbəsinin müdiri Tatyana Qurko demişdir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq forum həm bu, həm də digər problemlərin həllində mühüm rol oynayacaq, qadınların rolunun artmasına təkan verəcəkdir.


Böyük Britaniyada nəşr olunan “Şərq Maqazin” jurnalının baş redaktoru Rim Məğribi isə bildirmişdir ki, qadınlar hər zaman mədəniyyətlərarası dialoqda mühüm rol oynamışlar. Lakin tarixən formalaşmış stereotiplər əsasında hərəkət qadınların ailədə davranışına mənfi təsir göstərir. Bu cür tədbirlər mənfi baxışları dəyişdirəcəkdir.


Amsterdam Universitetinin Avropa tədqiqatları üzrə professoru Kornelia Verteg sosial həyatda qadınların və kişilərin arasındakı qeyri bərabərlikdən danışmış, bu sahədəki Avropa təcrübəsindən bəhs etmişdir.


Sonra mövzu ətrafında müzakirələr aparılmış, iştirakçılar rəy və təkliflərini bildirmişlər.


Belçika Senatının üzvü xanım Anna-Mari Lizinin sədrliyi ilə keçirilən dördüncü sessiyada “Şərq və Qərb: Biz bir-birimizi necə görürük” mövzusunda müzakirələr olmuşdur.


Sədr demişdir ki, Avropada ən böyük problemlərdən biri qadın miqrantların statusu və qızların nikah məsələləri ilə bağlıdır. Bu cür hallar cəmiyyətdə bərabərsizliyə, qadın hüquqlarının pozulmasına münbit şərait yaradır.


Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru xanım İrina Kudryaşova təhsil sahəsində çalışan qadınların problemlərinə toxunaraq demişdir ki, siyasi dözümsüzlük, münaqişələr elmə və təhsilə mənfi təsir göstərir. Bunun qarşısını almaq üçün İslam dəyərlərinin sosial həyata göstərdiyi təsir Avropa gənclərinə daha geniş şəkildə öyrədilməlidir. İslam dəyərləri bütün cəmiyyətlərin inkişafının təməlini təşkil edə bilər.


Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri Firəngiz Əlizadə Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən danışmış, Şərqdə ilk operanın Azərbaycanda yaradıldığını diqqətə çatdırmışdır. Mədəniyyətlərarası dialoqun Qərb və Şərq musiqisinin sintezinə də müsbət təsir göstərəcəyini bildirmişdir.


İrlandiyanın Dublin Triniti Kollecinin professoru Roland Hil çıxışında demişdir ki, mədəniyyətləri öyrənmək, tədqiq və təbliğ etmək sivilizasiyalararası toqquşmanın qarşını almağa kömək edə bilər. Bunun üçün digər xalqların milli ənənələrinin, ədəbiyyatının, maddi mədəniyyət nümunələrinin öyrənilməsi çox vacibdir. Ümid edirik ki, bu forum sivilizasiyalararası dialoqu daha da inkişaf etdirəcəkdir.


ABŞ-ın Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Tədqiqatları Mərkəzinin direktoru xanım Ancela Stent Bakıda ikinci dəfə olduğunu bildirmiş, ötən müddət ərzində baş vermiş dəyişiklikləri, sürətli inkişafı yüksək qiymətləndirmişdir. O, qadınların sülhə necə nail olunması istiqamətindəki fəaliyyətinə dair tədqiqatlar aparıldığını qeyd etmiş və qadınların müxtəlif dövlət vəzifələrində çalışmalarının mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.


Almaniyalı qrafinya Anna Beatriça Şlik demişdir ki, bu forum beynəlxalq aləmdə Azərbaycanın imicinin daha da yüksəlməsinə təsir göstərəcəkdir. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin inkişafına xüsusi diqqət və qayğı göstərir və biz hamımız onunla qürur duyuruq.


Sonra mövzu ətrafında müzakirələr olmuş, iştirakçılar rəy və təkliflərini bildirmişlər.


Fasilədən sonra beynəlxalq forumun sessiyalarında məruzəçilərin hesabatları dinlənilmişdir.


Sonra Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış etmişdir. O demişdir ki, ikinci forum 2010-cu ildə yenə də Bakıda keçiriləcəkdir. Forumla əlaqədar jurnal nəşr olunacaqdır.


Beynəlxalq forumun yekun sənədi – Bakı Bəyannaməsi qəbul olunmuşdur.


Bəyannamədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın qadınların sivilizasiyalararası dialoqa töhfəsinə həsr olunan forumu keçirmək təşəbbüsü alqışlanır. Bildirilir ki, Bakı forumu İnsan Hüquqları üzrə Dünya Bəyannaməsinin 60-cı ildönümünə təsadüf edir. Bu da insan hüquqları, mədəniyyət müxtəlifliyi, mədəniyyətlərarası dialoq və gender bərabərliyi arasında əlaqə yaratmaq haqda düşünməyə imkan verir. Bəyannamədə dünya dövlətləri münaqişələrin həllində və sülhməramlı proseslərdə qərarların qəbulunda qadınların iştirakının artırılmasına çağırılır.


Sənəddə bir daha Heydər Əliyev Fondu, YUNESKO və İSESKO-ya forumun təşkilinə görə minnətdarlıq bildirilir.


Tədbirin yekun sessiyasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri MEHRİBAN xanım ƏLİYEVA çıxış etdi.


Sonra İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri təmsil etdiyi təşkilat adından forumun yüksək səviyyədə təşkilinə və iştirakçılara göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirdi.


YUNESKO-nun Mədəniyyət Siyasəti və Mədəniyyətlərarası Dialoq İdarəsinin direktoru xanım Katerina Stenu yekun nəticələr barədə danışdı.


İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu çıxışında bildirdi ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda keçirilən bu forum qloballaşan dünyada sivilizasiyalararası dialoqa təkan verəcəkdir.


Sonra E.İhsanoğlu İKT-nin müraciətini oxudu.


Müraciətdə, son üç ildə Heydər Əliyev Fondunun Azərbaycanda və xaricdə humanitar sahədə gördüyü işlər xüsusi qeyd olunmuşdur.


Sonda Ekmələddin İhsanoğlu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplomu təqdim etdi.


Mehriban xanım Əliyeva beynəlxalq foruma yekun vuraraq dedi:


- Hörmətli dostlar, mən bir daha onu qeyd etmək istəyirəm ki, biz bu cür vacib məsələlər üzrə əməkdaşlığa, mədəniyyətlərarası dialoqa həmişə hazırıq. Ümid edirəm ki, Bakı Bəyannaməsində qeyd olunduğu kimi, biz 2010-cu ildə bir daha görüşəcəyik. Mən hamımızı bu forumun uğurla başa çatması münasibətilə bir daha təbrik edirəm.


Bununla da “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq Bakı forumu öz işini başa çatdırdı.



023.jpg030.jpg

Paylaş: