“Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda konfrans

14 may 2008


Mayın 14-də Bakının “Gülüstan” sarayında Dünyada Savadlılığın Dəstəklənməsi üzrə YUNESKO-nun Regional Konfransları silsiləsindən “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda konfransı başlanmışdır.


YUNESKO-nun, Heydər Əliyev Fondunun və respublika Təhsil Nazirliyinin təşkilatçıları olduğu konfrans Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda keçirilir. Konfransda YUNESKO-nun baş direktoru Koişiro Matsuura, Hollandiya şahzadəsi xanım Laurentien, YUNESKO-nun xoşməramlı səfirləri - İordaniya şahzadəsi xanım Ferial və İslandiyanın sabiq prezidenti xanım Viqdos Finboqadottir, habelə bir sıra ölkələrin təhsil nazirləri və çoxsaylı mütəxəssisləri, Azərbaycan hökumətinin nümayəndələri, xarici ölkələrin Bakıdakı səfirləri iştirak edirlər.


“Gülüstan” sarayında mövzu ilə bağlı “BMT-nin Savad Onilliyi” mövzusunda sərgi də təşkil olunmuşdur. Sərgidə VIII əsrdən XX əsrin əvvəllərinə qədər məktəb və mədrəsələrdə dərs vəsaiti kimi istifadə edilən müqəddəs “Qurani-Kərim”in müxtəlif dövrlərə aid nüsxələri, habelə Azərbaycanda mövcud qədim kitablar və yeni dərs vəsaitləri, müxtəlif illərə aid ensiklopediyalar, əlifba kitabları və lüğətlər, ümumilikdə 18 adda qədim kitab və 183 dərs vəsaiti nümayiş etdirilir.


Avropanın 31 ölkəsini əhatə edən konfransı Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov açaraq, qonaqları salamladı.


Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrikini oxudu.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılış mərasimində çıxış etdi.


Konfrans mayın 15-də işini davam etdirmişdir. İlk olaraq “Müasir dünyada savad konsepsiyası, onun inkişafı və yaşlıların təlimi” mövzusunda “dəyirmi masa” keçirilmişdir. YUNESKO-nun Ömürboyu Təhsil İnstitutunun direktoru Adama Ouen müzakirələri açaraq demişdir ki, əsas diqqət Avropada savad anlayışı, onun inkişafı, ömürboyu öyrənmə perspektivində böyüklərin təhsili kimi məsələlərə yönəldiləcək, səslənən fikirlərdən siyasət və strategiyaların işlənib hazırlanması zamanı istifadə olunacaqdır. Bu, cəmiyyətin bütün üzvlərinə əsas bacarıqların əldə edilməsində kömək göstərəcək və inkişafa təkan verəcəkdir. Hazırda Avropa ölkələrində savadla bağlı vəziyyəti nəzərə alaraq, böyüklər üçün savad proqramlarına diqqət artırılır. Uğurlu və məsuliyyətli bir həyat sürmək, cəmiyyətin həyatında səmərəli iştirak etmək, müasir dövrün və gələcəyin tələblərinə cavab vermək üçün əlavə bacarıqların lazım olduğunu vurğulayan A.Ouen demişdir ki, bu baxımdan savad və böyüklərin öyrədilməsinin əsas məqsədi fərdlərdə dəyərləndirmə, idarəetmə, inteqrasiya olunma və qarşılıqlı təsir üçün başlıca bacarıqların inkişaf etdirilməsidir. Əlbəttə ki, bu bacarıqlara oxu, yazı, elmi savad, riyazi bilik, dil bilmək kimi koqnitiv komponentlər daxil deyildir. Bununla belə, sürətli sosial və texnoloji dəyişikliklərin tələbi, iqtisadiyyat və mədəniyyətin qloballaşması, müxtəlifliyin artması, rəqabət və liberallaşma, sosial bərabərsizlik, münaqişələr və yoxsulluğun bütün formaları insanlardan elə bacarıqlar tələb edir ki, bunlar texniki ünsiyyət bacarıqları çərçivəsindən kənara çıxır. Bacarıqların potensial bəhrələri insanlara əmək bazarında, siyasi proseslərdə və sosial şəbəkələrdə uğurla iştirak etməyə imkan verir. Vurğulanmışdır ki, fundamental insan hüququ kimi savad özlüyündə məqsəd deyil, fərdi və ictimai həyatda fəal iştirak, sosial həyata müdaxilə, iqtisadi və humanitar inkişaf üçün, o cümlədən özünəinam və qərarlar qəbulu üçün bir vasitədir.


YUNESKO-nun eksperti Aaron Benavot, Niderlandın Yazı və Oxu Fondunun direktoru Marqaret de Vrays, Böyüklərin Təhsili üzrə Avropa Assosiasiyasının prezidenti Yanoş Yigeti Tot, Avropa Komissiyasının Təhsil və mədəniyyət departamentinin nümayəndəsi Marta Ferreyra “dəyirmi masa”da çıxış edərək, təmsil etdikləri qurumlar tərəfindən aparılmış tədqiqat işləri və bunların nəticələri barədə məlumat vermişlər. Qeyd olunmuşdur ki, ümumiyyətlə, Avropa İttifaqı ölkələrində savadlılıq anlayışının tərifi fərqlidir. Lakin şəxsi, ictimai və iqtisadi həyat problemlərinin öhdəsindən gəlmək üçün lazımi adekvat savada verilən tələblər eynidir.


Bildirilmişdir ki, Avropada 80 milyon aşağı təhsilli fəhlə var və onların ümumi işçi qüvvəsinin üçdə birini təşkil edir. Hesablamalar göstərir ki, 2010-cu ilədək ibtidai təhsili olanlar yeni yaradılacaq iş yerlərinin yalnız 15 faizində çalışa biləcəklər. İş yerlərinin 50 faizi isə yüksək ixtisaslı işçilər tələb edəcəkdir. Bu vəziyyət Aİ ölkələrində insanların xeyli hissəsinin hüquqlarının pozulmasına yol açır. Müasir əmək bazarı savadlılığı aşağı olan insanlara çox məhdud miqdarda iş yeri təklif edir. Hər bir kəsin baza vərdişlərinə yiyələnməsinin həqiqətən mümkünlüyünü təmin etmək Təhsil Şurasının 2010-cu ilədək Təhsil və təlim iş proqramının ən əsas məsələlərindəndir. Avropada böyüklərə baza vərdişlərini yüksəltmək və təsdiqləmək imkanını təmin etmək məsələsi də Avropa Komissiyasının böyüklərin təhsili üzrə Fəaliyyət planının mövzularından biridir.


“Dəyirmi masa”da iştirakçıları maraqlandıran suallara ətraflı cavab verilmiş, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.


Fasilədən sonra konfrans öz işini YUNESKO-nun xoşməramlı səfiri, İordaniya şahzadəsi Ferialın sədrliyi ilə “Ailədə savad və nəsillərarası öyrənmə” və YUNESKO-nun xoşməramlı səfiri xanım Viqdos Finnboqadottirin sədrliyi ilə “Davamlı inkişaf naminə savad və təhsil” və “Rotary İnternational” təşkilatının nümayəndəsi Örsçelik Balkanın sədrliyi ilə “Səhiyyə sahəsində savadlılıq” mövzuları üzrə işçi qruplarında müzakirələrlə davam etdirmişdir.


Həmin gün YUNESKO-nun baş direktorunun müavini Nikolas Börnetin sədrliyi ilə “Savad səviyyələrinin və təməl bacarıqların müəyyən edilməsi və dəyərləndirilməsi” mövzusunda ikinci “dəyirmi masa” keçirilmişdir.


N.Börnet vurğulamışdır ki, savadın qiymətləndirilməsi üzrə müasir meyarlar diqqəti yalnız məktəb və savad proqramlarında iştirak edənlərin qeydiyyatını aparmağa deyil, vərdişlərin müxtəlif səviyyə və növlərinin, bacarıqların gündəlik həyatda tətbiqinin qiymətləndirilməsinə yönəldir. Bu cür vərdiş insanın sadəcə oxuyub-yazmaq üçün zəruri bacarıq və vərdişlərə malik olub-olmamasını müəyyənləşdirməkdən müasir elmi cəmiyyətlərdə düzgün istiqamətlənmək bacarığının öyrənilməsinə doğru yönəlir. Deməli, savadın qiymətləndirilməsində yalnız savadlı-savadsız mövqeyindən çıxış etmək kifayət etmir, digər məqamlar da nəzərə alınmalıdır. Savad səviyyəsinin qiymətləndirilməsi həm də müxtəlif əhali qruplarının təhsilə ehtiyacları barədə informasiyanın əldə olunmasını təmin etməlidir.


“Dəyirmi masa”da Kanada Statistika İdarəsinin təmsilçisi İvan Klermont, Latviyadan Andres Kanqro, Fransadan Jan Pyer Janto, Rusiyadan Marina Kuznetsova, Polşadan İreneuş Bialetski mövzu ilə bağlı təqdimatlarla çıxış etmiş, savadın ölçülməsi məsələsinin işlənib hazırlanması və istifadəsi haqqında təcrübələrdən danışmışlar. Subregionlarda həyata keçirilmiş qiymətləndirmənin nəticələrindən nümunələr gətirilmiş, siyasətin və fəaliyyətin çərçivəsinin müəyyənləşdirilməsində savad proqramlarından necə istifadə edilməsi, hansı əlavə məlumatların tələb olunması məsələlərinə toxunulmuşdur. Avropa regionunda savadın qiymətləndirilməsi üzrə məlumatların yaradılması və istifadəsi üzrə gələcək beynəlxalq və yerli planlar da müzakirə edilmişdir.


Mayın 16-da konfrans başa çatmışdır. Günün birinci yarısında konfrans “Pedaqoji yanaşmalar: keyfiyyətli təməl təliminin inkişaf etdirilməsi” mövzusunda “dəyirmi masa” ilə davam etmişdir.


Müzakirələri açan YUNESKO-nun Moskva ofisinin direktoru Mark Riçmond demişdir ki, keyfiyyətli ibtidai təhsili təmin etmək üçün ilkin şərt savad, böyüklərin ibtidai təhsili və peşəkar təlim proqramları vasitəsilə yaxşı hazırlıq keçmiş mütəxəssislərdir. Lakin bir çox hallarda təlim qısa və səthi aparılır. Digər vacib məsələ dərs proqramıdır. Keyfiyyətli dərs proqramlarının tərtibi üçün, ilk növbədə, öyrəncilərin tələblərini təhlil etmək lazımdır.


İngiltərədən Con Vorhauz “Böyüklərin savad pedaqogikasına dair tədqiqat: böyüklərin yazma, oxuma və hesab öyrənməsi üçün milli tədqiqat və hazırlıq mərkəzi” mövzusunda çıxışında demişdir ki, tədrisin keyfiyyəti və pedaqoji təcrübədən səmərəli istifadə savadsızlığın aradan qaldırılmasında əsas amillər kimi nəzərə alınmalıdır. O bildirmişdir ki, 2001-ci ildə ingilis dilini ikinci dil kimi öyrənənlər arasında aparılan araşdırmalar göstərmişdir ki, bu sahədə qısa vaxt ərzində nailiyyət qazanılması üçün tədrisin metodikasında müasir elementlər öz əksini tapmalıdır.


Hamburqdakı (Almaniya) Böyüklərin Təhsili İnstitutunun direktoru Nüsl fon Ekkexard, Polşadan Eva Prjibilska çıxışlarında savadsızlığın aradan qaldırılması, insanların, o cümlədən miqrantların cəmiyyətə daha sürətlə inteqrasiya olunması üçün müxtəlif layihələr həyat keçirilməsinin əhəmiyyətindən danışmışlar.


Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin dekanı Əfqan Abdullayevin keyfiyyətli tədrisə nail olmaq üçün istifadə edilən metodlara dair çıxışı da maraqla qarşılanmışdır. O, həmçinin bildirmişdir ki, 15 yaşdan yuxarı insanların savadlılıq dərəcəsinə görə Azərbaycan 177 ölkə arasında 15-ci yeri tutur.


İkinci “dəyirmi masa” “Yeni tələblərə cavab və inteqrasiya olunmuş təlim imkanları sistemlərinin yaradılması” mövzusuna həsr olunmuşdu. Avropa Şurasının nümayəndəsi Sezar Birzenin apardığı “dəyirmi masa”da Serbiya Böyüklərin Təhsili Cəmiyyəti Federasiyasının prezidenti Katarina Popoviç, Avstriyadan olan Lorens Lassniq, İsveçrə Böyüklərin Təhsili Federasiyasının direktor müavini Rut Jermann, Rusiyadan Viktor Bolotov çıxış etmişlər.


Azərbaycan MEA-nın akademiki Urxan Ələkbərov “Qaçqınlar və məcburi köçkünlər üçün sabit nəticələrə yönümlü təhsil imkanları: Hökumət, qeyri-hökumət təşkilatları və özəl sektorların əməkdaşlığı” mövzusunda təqdimatında ölkəmizdə savadsızlıqla mübarizədə Heydər Əliyev Fondunun xidmətlərini də vurğulamışdır. O bildirmişdir ki, demokratiyanın təşviqi üçün savadlılığın çox böyük əhəmiyyəti vardır.


Müzakirələrdə savadsızlıq probleminə daha geniş yanaşmağın vacibliyi vurğulanmış, bildirilmişdir ki, savadlanmanın həyata keçirilməsində əsas təminatçılar dövlət və QHT-lər olmalıdır. Avropa ölkələrində əsas problem təhsil imkanları üçün əlaqələndirilmiş sistemin olmamasıdır. Savadsızlıq probleminin həlli Avropa ölkələrinin sıx əməkdaşlığına təkan verəcəkdir.


YUNESKO-nun baş direktorunun təhsil üzrə müavini Nikolas Börnet konfransı keçirməkdə dəstəyinə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.


Konfransın yekun tövsiyələri qəbul olunmuş, bunların bütün dünyada təbliğ edilməsi zəruri sayılmışdır.


Konfransın bağlanış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov YUNESKO-ya və Heydər Əliyev Fonduna minnətdarlığını bildirmişdir. Konfransın Azərbaycan üçün böyük əhəmiyyəti olduğunu vurğulayan nazir demişdir ki, bu tədbir ölkəmizdə təhsildə aparılan islahatların daha da təkmilləşdirilməsinə təkan verəcəkdir.



01.jpg02.JPG03.jpg04.JPG05.jpg