“Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq konfrans

1-2 noyabr 2007


Noyabrın 1-də “Gülüstan” sarayında “Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq konfrans başlanmışdır.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın himayəsi ilə keçirilən konfransda Qətər Dövləti Əmirinin xanımı Şeyxa Moza bint Nasir əl-Misnəd və bir sıra beynəlxalq təşkilatın rəhbərləri iştirak edirlər.


Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qətər Dövlətinin birinci xanımı Şeyxa Moza bint Nasir əl-Misnədi səmimiyyətlə qarşıladı.


Konfrans “Gənclər sivilizasiyaların alyansı naminə: arzular həyata keçir” filminin nümayişi ilə başlandı. Filmdə Azərbaycanda mədəniyyətə göstərilən diqqət və qayğıdan bəhs olunur, sivilizasiyalar arasında ittifaqın yaradılması təşəbbüsünün əsas məqsədləri vurğulanır.


İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş katibi Elşad İsgəndərov konfransı açaraq, beynəlxalq tədbirin Bakıda keçirilməsinin əhəmiyyətini vurğuladı və konfransı dəstəklədiyinə görə Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.


Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrikini oxudu.


Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın konfrans iştirakçılarına təbrikini çatdırdı.


İKT Gənclər Forumunun baş katibi ELŞAD İSGƏNDƏROV iştirakçıları bir daha salamlayaraq dedi:


- Çətin anlarda mötəbər təşəbbüslərin həyata keçirilməsi və qeyri-düzgün konsepsiyanın, ədavət və nifrətin aradan qaldırılması üçün böyük qarşılıqlı etimad və bir-birimizə inam lazımdır. Mədəniyyətlərarası dialoqun qurulmasında Gənclər Forumunu tanınmış şəxsiyyətlər dəstəkləmişlər. Ona görə də biz bunu xüsusi vurğulayır və onların bu gün burada iştirakını yüksək dəyərləndiririk.


Xanım Mehriban Əliyeva da bizim dəvətimizi xeyirxahlıqla qəbul etdi və idarə heyətinin üzvü oldu. Bu, bizim fəaliyyətimizin ilkin mərhələsində oldu və təbii ki, təşəbbüsün həyata keçirilməsinə, ümumiyyətlə, təşkilatımıza böyük töhfə verdi. Ona görə mən bu təşəbbüsün bu gün gözəl səviyyədə təşkil edilməsinə görə Mehriban xanıma bir daha öz minnətdarlığımı bildirirəm.


Biz böyük fərəh hissi ilə ilk sözü Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevaya veririk. O, sivilizasiyalararası ittifaqın daha qlobal səviyyəyə qaldırılmasında öz rolunu oynamışdır.


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva konfransda çıxış etdi.


Sonra çıxış edən Qətər Dövlətinin birinci xanımı ŞEYXA MOZA BİNT NASİR ƏL-MİSNƏD Sivilizasiyalararası İttifaqın əhəmiyyətindən danışdı, yaradıcı və innovasiyaya meylli gənclərin görəcəyi işlərin vacibliyini vurğuladı. O dedi ki, bizim bacarığımıza, imkanlarımıza olan inamımız bir-birimizi daha yaxından öyrənməyə imkan yaradır. İnamın olmaması isə qorxu üçün əsasdır. Qorxu da dialoqa mane olur. Bu məsələdə gənclərin üzərinə böyük iş düşdüyünü bildirən Şeyxa Moza bint Nasir əl-Misnəd vurğuladı ki, biz keyfiyyətə və bərabərliyə əsaslanan qlobal mədəniyyət uğrunda mübarizə aparmalıyıq. Vətəndaşların ehtiyaclarını qabaqlaya bilən yaxşı cəmiyyət modeli yaradılmalıdır ki, o, ölkəyə sədaqətlə xidmət etsin, birliyi möhkəmləndirsin, ümumbəşəri prinsiplərə sadiq olsun.


İslam dininin mütərəqqi ideyalarından danışan Qətər Əmirinin xanımı onun düzgün təbliğində gənclərin rolundan bəhs etdi, müsəlman gənclərə tövsiyə kimi dedi ki, yeni nəsil özündən əvvəlki nəslin səhvlərini təkrar etməməlidir. Müasir gənclik əvvəlki nəslin görə bilmədiyi işləri həyata keçirməlidir. İslamdan şəxsi məqsədlər üçün istifadə edilməsi pislənilməlidir. Düşünürəm ki, bugünkü gənclik mədəniyyətlərarası əməkdaşlıq yolu ilə qloballaşan dünyaya dəyərli töhfələr verəcəkdir.


Şeyxa Moza bint Nasir əl-Misnəd müsəlman ölkələrində gənclərin işlə təminatında problem olduğunu bildirdi və işsizliyin aradan qaldırılmasının vacibliyini vurğuladı.


Gənclər hərəkatına dəstəyinə görə Azərbaycan Prezidentinə və onun xanımına təşəkkürünü bildirən İSESKO-nun baş direktoru ƏBDÜLƏZİZ BİN OSMAN ƏL-TÜVEYCRİ indi dünyada baş verən proseslərin gənclərin birliyini aktuallaşdırdığını, bu baxımdan da gənclər arasında dialoqun vacib olduğunu vurğuladı. O, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsinin zəruriliyini xatırladaraq dedi ki, bu baxımdan indiki konfrans çox əhəmiyyətlidir.


Dini və irqi ayrı-seçkiliyin qarşısının alınması üçün məqsədyönlü tədbirlərin həyata keçirildiyini, bu işə dünya ölkələri gənclərinin də töhfə vermələrinin zəruriliyini vurğulayan İSESKO-nun baş direktoru Azərbaycanın sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi işindəki xidmətlərini yüksək qiymətləndirdi, konfransa uğurlar arzuladı.


BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi BRUNO PUEZA müzakirə olunan mövzunun vacibliyinə toxundu, qloballaşma ilə bağlı fikirlərini açıqladı, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların bir-birinə yaxınlaşmasının faydasından danışdı. O, BMT-nin İnkişaf Proqramının rəhbəri Kamal Dərvişin konfrans iştirakçılarına təbrikini çatdırdı. Özünün bu mühüm tədbirdə iştirak edə bilməməsindən təəssüfləndiyini, konfransın gənclərlə bağlı məsələlərin müzakirəsi baxımından əhəmiyyətini vurğulayan İnkişaf Proqramının rəhbəri bəşəri problemlərin həllində gənclərin iştirakı məsələsinin BMT-nin Minilliyin İnkişaf Məqsədlərində öz əksini tapdığını bildirdi.


İslam Konfransı Gənclər Forumunun İdarə heyətinin sədri ƏLİ SARIQAYA çıxışında dedi ki, sivilizasiyalar arasındakı fərqlərin aradan qaldırılması dünyada mövcud problemlərin həllinə müsbət töhfə verə bilər.


Natiq qlobal istiləşmə probleminə toxunaraq, dünyada içməli su probleminin getdikcə daha kəskin şəkil aldığını vurğuladı, gənclərin inkişafına mənfi təsir göstərən yoxsulluq problemindən, qlobal məsələlərlə bağlı beynəlxalq razılaşmaların pozulması hallarının aradan qaldırılmasından danışdı. O bildirdi ki, iqtisadi qeyri-bərabərlik və milli iddialar, xüsusən də bəzi dövlətlərin iddiaları sivilizasiyalararası dialoqu kölgə altına alır.


Əli Sarıqaya konfransın təşkilinə, gənclərin problemlərinin həllinə və sivilizasiyalararası dialoqun dərinləşməsinə verdiyi töhfələrə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür etdi.


Səmimi qonaqpərvərliyə görə Mehriban xanıma təşəkkürünü bildirən Avropa Şurasının nümayəndəsi RALF-RENE VAYNQARTNER Azərbaycanın Şərqlə Qərb arasında körpü rolunu oynadığını xatırlatdı, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi işində təmsil etdiyi qurumun gördüyü işlərdən danışdı. O dedi ki, Avropa Şurasının gənclərlə bağlı xüsusi qurumu fəaliyyət göstərir və bu qurum “Gənclər sivilizasiyaların alyansı naminə” təşəbbüsünü hər cür dəstəkləməyə hazırdır.


Tədbirdə İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunun və YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın təbrik məktubları oxundu. Hər iki məktubda “Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq konfransın təşkilinə görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq ifadə olunur.


Konfransda bildirildi ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva təhsil, elm, gənclər, mədəniyyətlərarası dialoq sahəsində və Azərbaycan mədəniyyətinin dünyada təbliğində xidmətlərinə görə İslam Konfransı Gənclər Forumunun “Gəncliyin inkişafı uğrunda Qlobal Səfir” adına layiq görülmüşdür. Bununla əlaqədar Mehriban xanıma plaket təqdim olundu.


Həmin gün Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Qətərin birinci xanımı Şeyxa Moza bint Nasir əl-Misnədin şərəfinə nahar verildi.


Fasilədən sonra konfrans işini bölmə iclaslarında davam etdirdi.


Tədbirin əhəmiyyətinin vurğulandığı və qarşıda duran vəzifələrin müzakirə olunduğu bölmə iclaslarında beynəlxalq təşkilatların nümayəndələri sivilizasiyaların dialoqu sahəsində təcrübələrini bölüşdülər.


İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri konfransın müsbət nəticələr verəcəyinə əminliyini bildirərək, qarşıda duran vəzifələrin yerinə yetirilməsi, çətinliklərin aradan qaldırılması üçün birgə səylərin vacibliyini vurğuladı.


İran İslam Respublikasının vitse-prezidenti, Milli Gənclər Təşkilatının rəhbəri Əli Əkbəri dünyada sülhün təmin olunmasında gənclərin yaxından iştirak edəcəyinə ümidvar olduğunu söylədi.


Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tədbirin respublikamızda keçirilməsini əlamətdar hal kimi səciyyələndirdi, konfransın yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.


A.Rəhimov dedi ki, Şərqlə Qərb mədəniyyətlərinin qovuşduğu məkanda yerləşən Azərbaycanda həmişə tolerantlıq yüksək səviyyədə olmuşdur. XX əsrin əvvəllərində Azərbaycan Şərqdə ilk dəfə dünyəvilik prinsipləri əsasında demokratik dövlət yaratmışdı. Hazırda Azərbaycanda 80-ə yaxın xalqın və etnik azlıqların nümayəndələri yaşayırlar.


Bakıda, “Gülüstan” sarayında keçirilən “Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq konfransın rəsmi hissəsi noyabrın 2-də başa çatmışdır.


Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın himayəsi ilə təşkil olunmuş bu mötəbər tədbirdə Gənclər Səyyar Cavabvermə komandasının təqdimatı olmuşdur. İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq Naminə Gənclər Forumuna üzv dövlətlərin hər birindən nümayəndənin təmsil olunduğu komanda gənclərin sivilizasiya ittifaqı uğrunda beynəlxalq səviyyəli iş aparacaqdır.


Portuqaliyanın sabiq prezidenti, BMT baş katibinin Sivilizasiyaların İttifaqında yüksək nümayəndəsi Jorj de Sampayo konfransın yüksək səviyyədə təşkilinə, göstərilən qonaqpərvərliyə və gənclər hərəkatına verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir. O, Bakıda müzakirə olunan məsələlərin, o cümlədən mədəniyyətlərarası dialoqun, əldə olunan razılaşmaların dünya üçün faydalı olduğunu söyləmişdir.


Konfrans iştirakçıları Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ilə xatirə şəkli çəkdirmişlər.



0.jpg1.jpg2.jpg3.jpg4.JPG