Tullantıların idarəolunması sahəsində uşaqların ikinci beynəlxalq konfransı

15-17 noyabr, 2013


Noyabrın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən “Təmiz Qala” layihəsinin maarifləndirmə proqramı çərçivəsində Qala qəsəbəsində “Yenidən istifadə et. Azalt. Çeşidlə.” (“Reuse. Reduce. Recycle.”) şüarı altında uşaqların ikinci beynəlxalq konfransı öz işinə başlayıb.

 

Qeyd edək ki, 15 noyabr - Tullantıların Çeşidlənməsi Günüdür.

 

Tədbirdə Azərbaycanla yanaşı, Gürcüstan, Rusiya, Türkiyə, Belarus, Ukrayna və Özbəkistandan ekologiya və ətraf mühit sahəsinə maraq göstərən şagirdlər iştirak ediblər.

 

Üç gün davam edən konfransın keçirilməsində məqsəd uşaqların ətraf mühitin mühafizəsində iştirakı, onlara tullantıların düzgün zərərsizləşdirilməsi metodlarının öyrədilməsi, eləcə də məişət tullantılarının çeşidlənməsi, təbii ehtiyatlara qənaət mövzularında müzakirələrin aparılması və uşaqların bu sahədə məlumatlılıq səviyyəsinin artırılması idi.

 

Beynəlxalq konfransda qeyri-ənənəvi təhsil metodlarından da istifadə olunub. Konfransın sessiyaları və panel diskussiyaları tamamilə uşaqların özləri tərəfindən təşkil edilib. “Təmiz Şəhər” ASC-nin mütəxəssisləri və müstəqil ekspertlər tərəfindən müzakirə xarakterli seminarlar keçirilib.

 

Konfrans çərçivəsində iştirakçılar Bakı şəhərində tullantıların idarə edilməsi sistemi ilə əyani tanış olmaq üçün Balaxanı qəsəbəsində fəaliyyət göstərən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda və Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olublar. Burada iştirakçılara zavodların fəaliyyətinə dair təqdimatlar və videoçarxlar nümayiş etdirilib.

 

Tədbir çərçivəsində gənc iştirakçılar Heydər Əliyev Mərkəzini də ziyarət edib, burada Azərbaycan mədəniyyəti və tarixi ilə tanış olublar.

 

Tədbir noyabrın 17-də “Excelsior Hotel”də başa çatıb.

 

Burada gənc iştirakçılar 3 gün ərzində hazırladıqları təqdimatları, tullantıların idarə edilməsi və ümumiyyətlə ekologiya sahəsində biliklərini bölüşüblər. Sonda bütün iştirakçılar diplomlarla təltif edilib, onlara hədiyyələr verilib.

 

Konfransın keçirilməsinə “EkoSfera” İctimai Birliyi tərəfindən təşkilati dəstək göstərilib.

 

Xatırladaq ki, tullantıların idarəolunması sahəsində uşaqların birinci beynəlxalq konfransı 2012-ci il noyabrın 15-16-da Qala qəsəbəsində keçirilmişdi.



DSC_6880.jpgDSC_6882.jpgDSC_6949.jpgDSC_6956.jpgDSC_7230.jpgDSC_7564.jpgDSC_7578.jpgDSC_7707.jpgDSC_7863.jpgDSC_8002.jpgDSC_8175.jpgDSC_8297.jpgDSC_8400.jpg

Paylaş: