Buxarestdə “Yeni beynəlxalq kontekstdə Azərbaycanın geosiyasi önəmi” mövzusunda elmi konfrans

11 noyabr 2014


Noyabrın 11-də Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdə, Rumın-Amerikan Universitetində “Yeni beynəlxalq kontekstdə Azərbaycanın geosiyasi önəmi” mövzusunda elmi konfrans keçirilib.

 

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin rəhbəri İqbal Hacıyev son zamanlar beynəlxalq aləmdə baş verən proseslərin mənfi təsirinə rəğmən, Azərbaycanda davam edən inkişaf proseslərindən danışıb.

 

Konfransda Azərbaycanın nailiyyətlərindən bəhs edən film nümayiş olunub.

 

Azərbaycanın Rumıniyadakı səfirliyinin müşaviri İrfan Davudov Cənubi Qafqaz regionunda bir çox münaqişələrin cərəyan etdiyini və bu münaqişələrin, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin regionun inkişafına mənfi təsir göstərdiyini, sabitliyə təhlükə yaratdığını bildirib. O, Azərbaycanın Avropa ilə Asiya arasında körpü rolunu oynadığını və bir çox beynəlxalq layihələrdə iştirak etdiyini xatırladıb, Rumıniyanın Azərbaycanı beynəlxalq təşkilatlarda hər zaman dəstəklədiyini qeyd edib.

 

Rumın-Amerikan Universitetinin prorektoru, professor Florin Bonçu Azərbaycanın dünyanın ən qədim neft istehsalçılarından biri olduğunu deyib. Azərbaycanın enerji potensialından söz açan F.Bonçu bildirib ki, regionda və dünyada baş verən geosiyasi dəyişikliklərlə əlaqədar olaraq, həm Rumıniyanın, həm də bütövlükdə Avropa İttifaqının Azərbaycanla əlaqələri möhkəmləndirməsi zəruridir. 

 

Tədbirdə ARDNŞ-in Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimov, “Geopolitika” Assosiasiyasının sədri, Enerji təhlükəsizliyi üzrə ekspert Dan Barbuts, Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Rumıniya Qabaqcıl Strategiya Mərkəzinin rəhbəri Rızvan Buzatu da çıxış ediblər.