Bakıda Uşaqların III Ümumrespublika Forumu

17 noyabr 2014


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə noyabrın 17-də Bakıda Uşaqların III Ümumrespublika Forumu keçirilib.

 

Forumda 350 nəfərə yaxın uşaq, həmçinin xüsusi istedada malik, xüsusi qayğıya ehtiyacı olan, digər millətlərdən, qaçqın və məcburi köçkün ailələrindən uşaqlar iştirak ediblər.

 

Forum çərçivəsində uşaqların əl işlərindən ibarət sərgi də nümayiş olunub.

 

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub.

 

Sonra Azərbaycanda dövlət uşaq siyasəti ilə bağlı film nümayiş etdirilib.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda keçirilən uşaq forumlarının artıq ənənəyə çevrildiyini qeyd edib, bu tədbirlərin keçirilməsinə göstərilən dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və UNICEF-in rəhbərliyinə minnətdarlığını bildirib.

 

Milli Məclis sədrinin müavini Bahar Muradova isə Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən, uşaqlara göstərilən diqqət və qayğıdan danışıb.

 

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, təhsil nazirinin müavini Firudin Qurbanov, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze, Xarici İşlər Nazirliyinin idarə rəisi Marat Kəngərlinski çıxış ediblər.

 

Forum zamanı uşaqlar üçün aktual olan mövzular - “Vətəni sevək və ona layiq olaq”, “Uşaqlar üçün bərabər hüquq və imkanlar”, “Təhsildə yeni standartların tətbiqi”, “Uşaqlar və internet təhlükəsizliyi”, “Ətraf mühitin mühafizəsi. Sağlam həyat tərzi”, “Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi”, “Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti”, “Qarabağ həqiqətlərini dünyaya çatdıraq” mövzuları üzrə aidiyyəti dövlət orqanlarını təmsil edən ekspertlərin iştirakı ilə müzakirələr aparılıb.

 

Forum iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub, həmçinin Azərbaycan uşaqları adından dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb.