25 sentyabr 2008
19 noyabr 2018
Heydər Əliyev Fondunun Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada təşkil etdiyi “Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı” çərçivəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda (MDU AAÖİ) “Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində” mövzusunda beynəlxalq elmi-praktiki konfransın açılışı olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konfransın açılışında iştirak edib.
Asiya və Afrika Ölkələri İnstitutunun direktoru İqor Abılqaziyev çıxışında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yubileyinin dövlət səviyyəsində qeyd edilməsi barədə Sərəncam imzalayıb. O deyib: “Bu yubiley beynəlxalq səviyyədə də bayram edilir. Nəsiminin əsərləri dünya poeziyasının mükəmməl nümunələrindən biridir. Bu əsərlərdə insan əzəməti və şəxsiyyət azadlığı tərənnüm edilir. Nəsiminin ədəbi irsi dövrün dərin poetik fikirlərinin və fəlsəfi baxışlarının vəhdətini təşkil edir. Nəsiminin yaradıcılıq irsi Azərbaycan ədəbiyyatının tarixində xüsusi mərhələdir. Azərbaycan poeziyasının humanizm ideyaları ilə zənginləşməsində və yeni məzmun kəsb etməsində unudulmaz şairin xidmətləri ölçüyəgəlməzdir”.
İqor Abılqaziyev xüsusi vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri, Azərbaycanın və Sovet İttifaqının böyük dövlət xadimi Heydər Əliyev Nəsimi irsinin populyarlaşmasında bilavasitə iştirak edib. O deyib: “Məhz Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub. O vaxtdan Nəsimi irsinin daha ətraflı öyrənilməsi istiqamətində mühüm addımlar atılıb”.
Festivalın Leyla Əliyevanın dəstəyi ilə keçirildiyini xatırladan İqor Abılqaziyev deyib: “Çox hörmətli Leyla xanım, fürsətdən istifadə edərək, bizə göstərdiyiniz diqqətə görə sizə bütün institutumuz adından təşəkkür dolu ən səmimi sözlərimizi ifadə etmək istərdim”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, Nəsimi ideologiyasının əsasını təşkil edən dəyərlər indi də müasirdir. Əcdadlarımızın önəm verdiyi dəyərləri müasir gənclərin də bilməsi olduqca əhəmiyyətlidir.
Səfir deyib: “İqor Abılqaziyev çox düzgün qeyd etdi ki, sovet dövründə məhz Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyev keçmişin böyük filosof və şairlərinin – Nizaminin, Füzulinin, Nəsiminin və dünyanın söz xəzinəsinə öz töhfəsini vermiş digər şəxsiyyətlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində böyük işlərə başlayıb. Yəqin ki, bu işi onun oğlunun, Azərbaycanın indiki Prezidenti İlham Əliyevin davam etdirməsi çox rəmzi məna daşıyır. Diqqətəlayiq haldır ki, bu gün bu işlə Heydər Əliyevin nəvəsi, böyük filosofa həsr olunmuş belə tədbirlərin bütün dünyada keçirilməsinin təşəbbüskarı hörmətli Leyla xanım məşğul olur”.
Nəsimiyə həsr olunmuş konfransın məhz Azərbaycan dilinin tədris olunduğu AAÖİ-də keçirilməsinin də diqqətəlayiq olduğunu vurğulayan diplomat deyib: “Biz fəxr edirik ki, sizin tələbələriniz Azərbaycan dilini öyrənirlər və bu dildə yetərincə yaxşı danışırlar. Mən Azərbaycan dilini öyrənən tələbələrə böyük uğurlar arzulamaq və demək istəyirəm ki, Azərbaycan dilini yaxşı öyrəndiklərinə görə peşman olmayacaqlar”.
Sonra MDU-nun tələbələri Nəsiminin şeirlərini müxtəlif dillərdə oxuyublar, Azərbaycan bəstəkarlarının mahnılarını ifa ediblər. Azərbaycan aktyorlarının ifasında “Mərhaba” adlı musiqili-poetik tamaşa təqdim edilib.
Noyabrın 20-də konfrans işini davam etdirəcək. Konfrans iştirakçıları “Nəsimi festivalı: ideoloji-mədəni irsin dinamik interpretasiyası təcrübəsi”, “Nəsimi və Yan Qus. Şərqlə Qərbin mədəni vəhdəti”, “Nəsimi dili – dünən, bu gün və sabah” və s. mövzularda məruzələr dinləyəcəklər.
Konfransda Nəsimi yaradıcılığının, şairin bədii-fəlsəfi irsinin müxtəlif aspektlərinə toxunan çıxışlarla yanaşı, müasir gənclərin mənəvi dəyərləri, iki ölkənin gəncləri arasında əlaqələrin inkişafı mövzularında müzakirələr aparılacaq.