Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən şəhid Ərəstun Bəylərov adına 84 nömrəli körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində yenidən qurulub.
1984-cü ildən fəaliyyət göstərən müəssisə 2015-ci ilin may ayında sökülərək yerində ikimərtəbəli uşaq bağçası tikilib. 2015-ci il noyabrın 12-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.
109 yerlik bağçada on qrup fəaliyyət göstərir. Müəssisə zəruri avadanlıqla təchiz edilib. Həyətyanı sahədə müxtəlif attraksionlar quraşdırılıb, dekorativ ağaclar əkilib, yaşıllıq sahəsi salınıb.