Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən “İnci” körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində əsaslı təmir edilib.
Bağça 1987-ci ildən fəaliyyət göstərir. Burada təmir işlərinə 2016-cı ilin iyul ayında başlanılıb. 2018-ci il martın 5-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təhsil müəssisəsində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Bağçada 12 qrup fəaliyyət göstərir. 2 yaşdan 6 yaşadək 230 uşağın təlim-tərbiyəsi ilə peşəkar heyət məşğul olacaq. Qruplardan 8-i Azərbaycan, 4-ü isə rus bölmələrinə aiddir. Burada dərnək kimi ingilis dili qrupu da var. Müəssisə zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Binada videomüşahidə, yanğınxəbərverici sistemlər quraşdırılıb.