Şamaxı rayonunun Meysəri kəndində yerləşən körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub.
1926-cı ildən fəaliyyətə başlamış Meysəri kənd 120 şagird yerlik tam orta məktəbinin köhnə binası istismar üçün yararsız olduğuna görə 2018-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə kəndin giriş hissəsində 132 şagird yerlik yeni məktəb inşa edildikdən sonra Fond tərəfindən məktəbin köhnə binası körpələr evi-uşaq bağçasına uyğunlaşdırılmış layihə üzrə əsaslı təmir edilib. Körpələr evi-uşaq bağçasında 2019-cu ildə başlanılan təmir işləri 2020-ci ilin aprel ayında yekunlaşdırılıb. 2020-ci il mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bağçanın açılışında iştirak ediblər.
40 yerlik körpələr evi-uşaq bağçasında yataq və oyun otaqları, idman və musiqi zalları və digər zəruri otaqlar var. Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, uşaq əyləncə qurğuları, müasir işıqlandırma sistemləri quraşdırılıb.