Gəncə şəhərində yerləşən 37 nömrəli tam orta məktəb Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib.
1969-cu ildə inşa olunmuş Gəncə şəhəri, Kəpəz rayonu 37 nömrəli orta məktəbin binası ötən müddət ərzində köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən 724 şagirdlik məktəb əsaslı təmir olunub.
Təhsil ocağı 3 mərtəbəli 1 korpusdan və 2 mərtəbəli 3 korpusdan ibarətdir. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.
Məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, musiqi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası var.
Təhsil müəssisəsinin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, əraziyə asfalt örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib.