01_QABALA MUSIQI FESTIVALI.JPG
25 iyul 2010

Qəbələdə II Beynəlxalq Musiqi Festivalına start verilib

Heydər Əliyev Fondunun dəstəyi ilə iyulun 25-də Qəbələ şəhərində II Beynəlxalq Musiqi Festivalına start verilmişdir.

 

Musiqi bayramı Azərbaycan bəstəkarlarının əsərləri ilə başlanmışdır. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında tamaşaçılara bəstəkar Oqtay Zülfüqarovun “Bayram uvertyurası”, Fikrət Əmirovun “Fortepiano və orkestr üçün konsert”i, Qara Qarayevin “İldırımlı yollarla” baletindən parçalar, “Vasif Adıgözəlovun “Fortepiano və orkestr üçün konserti” musiqi əsərləri təqdim olunmuşdur. Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə konsertin solistləri olmuşlar. Musiqi əsərlərinə Yalçın Adıgözəlov və Azad Əliyev dirijorluq etmişlər.

 

Avqustun 5-dək davam edəcək festival çərçivəsində müxtəlif konsertlər və musiqi tədbirləri keçiriləcəkdir. Klassik musiqi həvəskarları ABŞ, Rusiya, İngiltərə, Fransa və İtaliyadan gələn istedadlı musiqiçilərin, o cümlədən Yuri Başmet, Boris Berezovski kimi dünya şöhrətli korifeylərin, festivalın fəxri qonağı olacaq Böyük Britaniyanın Kral Filarmonik Okestrinin ifasında ölməz əsərləri dinləyə biləcəklər. Festivalda iştirak edəcək gənc musiqiçilər üçün ötən ildəki kimi ustad dərslərinin keçirilməsi də planlaşdırılır.

 

Festivalın rəsmi açılışı iyulun 30-da olacaqdır.


FOTO