001.JPG
20 mart 2009

Bakıda Müasir İncəsənət Muzeyinin açılışı olub

Martın 20-də Azərbaycan paytaxtında Müasir İncəsənət Muzeyinin açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.


YUNESKO-nun baş direktoru Koişiro Matsuura, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da mərasimdə iştirak edirdilər.

 

Prezident İlham Əliyev, Koişiro Matsuura və Mehriban xanım Əliyeva muzeyin açılışını bildirən rəmzi qırmızı lenti kəsdilər.

 

Azərbaycan Prezidenti İlham Əliyev və Koişiro Matsuura YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış muzeyin ekspozisiyasına tamaşa etdilər.

 

Muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 800-dən çox işi toplanmışdır. Buraya gələnlər Azərbaycanın xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov və Nadir Əbdürrəhmanovun, adları Azərbaycan mədəniyyəti xəzinəsinə daxil olmuş digər rəngkar və heykəltəraşların işləri ilə də tanış ola biləcəklər.

 

Qərbi Avropa incəsənəti salonunda isə ümummilli lider Heydər Əliyevə, habelə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya hədiyyə olunmuş əsərlər nümayiş etdirilir.

 

Dizayn müəllifi tanınmış rəssam Altay Sadıqzadə olan yeni mədəniyyət məbədində uşaq incəsənəti salonu, kitabxana, videosalon, restoran və art-kafe də fəaliyyət göstərəcəkdir.

 

Sonra muzeyin açılışı münasibətilə mərasim keçirildi. Tanınmış mədəniyyət xadimlərinin də iştirak etdikləri mərasimi Azərbaycanın birinci xanımı Mehriban Əliyeva açdı. 


FOTO

Paylaş: