01.JPG
20 iyun 2009

Heydər Əliyev Fondunun dəstəyi ilə Ağdaş şəhərində tanınmış kaman ustası Habil Əliyevin adına uşaq musiqi məktəbi inşa olunub

Heydər Əliyev Fondunun dəstəyi ilə Ağdaş şəhərində müasir üslubda inşa edilən uşaq musiqi məktəbinin binası istifadəyə verilmişdir. Tanınmış kaman ustası, “İstiqlal” ordenli, Prezident təqaüdçüsü, xalq artisti Habil Əliyevin adını daşıyan uşaq musiqi məktəbinin açılışından əvvəl tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, xatirəsini anmışlar.

 

Mərasimdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxış edərək Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından tədbir iştirakçılarını salamlamış və onun ən xoş arzularını çatdırmışdır. Anar Ələkbərov bildirmişdir ki, 2004-cü il mayın 10-dan fəaliyyət göstərən Heydər Əliyev Fondu ölkədə təhsil, mədəniyyət, səhiyyə, elm və texnologiya, ekologiya və idman sahəsinin inkişafı istiqamətində çox böyük işlər görmüş, layihələr həyata keçirmişdir. Fond bu gün də Azərbaycanın regionlarında, o cümlədən xarici ölkələrdə genişmiqyaslı tədbirlər həyata keçirməkdədir.

 

Xalq artisti Habil Əliyev kamança ifaçılığı sənətini yüksək zirvələrə qaldırmışdır. Heydər Əliyev Fondu tərəfindən Ağdaşda onun adına inşa olunan uşaq musiqi məktəbi regionda mədəni həyatın canlanması, yeni istedadların üzə çıxarılması, gənc nəslin hərtərəfli inkişafı istiqamətində atılan növbəti addımdır. Bu, həm də kamança ustasına göstərilən böyük hörmətin təzahürüdür.

 

Rayon icra hakimiyyətinin başçısı Rafiq Niftəliyev, Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Fikrət Qoca, Mədəniyyət və Turizm Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin və onun siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişaf yolunda inamla irəliləməsindən, insanların həyat şəraitinin ildən-ilə yaxşılaşmasından, iqtisadiyyatın, təhsilin, səhiyyənin, kənd təsərrüfatının, mədəniyyətin, özəl sektorun inkişaf etməsindən danışmışlar. Bildirilmişdir ki, Ağdaşda müasir üslubda yeni musiqi məktəbi binasının inşa edilməsi və təhsil ocağına xalq artisti Habil Əliyevin adının verilməsi, eləcə də ən yüksək fəxri adlara layiq görülməsi dövlətimizin ona olan diqqət və qayğısının təzahürüdür.

 

Habil Əliyev çıxış edərək demişdir ki, musiqi məktəbinin binası çox gözəl üslubda inşa edilmiş və gənc istedadların ixtiyarına verilmişdir. Xalq artisti məktəbin istifadəyə verilməsini çox əlamətdar hadisə adlandırmış və bu işdə xidmətləri olan bütün insanlara minnətdarlıq etmişdir. Habil Əliyev Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyət və incəsənətin inkişafına göstərdikləri diqqət və qayğını yüksək qiymətləndirmiş, onlara təşəkkürünü bildirmişdir.

 

Tədbirdə məlumat verilmişdir ki, 1937-ci ildən fəaliyyət göstərən və özünəməxsus ənənələri olan Ağdaş musiqi məktəbinin əvvəlki binası müasir tələblərə uyğun gəlmədiyindən yeni binanın inşasına ciddi zərurət yaranmışdı. “Gilan-İnşaat” MMC-nin tikinti briqadası tərəfindən inşa olunan 3 mərtəbəli uşaq musiqi məktəbinin binası müasir tələblərə uyğun maddi-texniki baza ilə təmin olunmuşdur. Təhsil ocağının 40 sinif otağı, 200 nəfərlik konsert zalı, qazanxanası, yeməkxanası vardır. Məktəbdə tar, kamança, qarmon, piano və klarnet ixtisasları üzrə şöbələr fəaliyyət göstərir. 500-ə yaxın şagirdi olan 7 illik musiqi məktəbində 70-dən artıq müəllim çalışır. Məktəbdə musiqi nəzəriyyəsi, Azərbaycan və Avropa bəstəkarlarının əsərləri, xor fənni tədris olunur, böyük ansambl fəaliyyət göstərir.

 

Respublikada bənzəri olmayan bu uşaq musiqi məktəbinə Heydər Əliyev Fondu tərəfindən musiqi alətləri, bərk və yumşaq inventar, kitablar, tanınmış bəstəkarların və musiqiçilərin mahnıları yazılmış disklər, onların fotoşəkilləri hədiyyə olunmuşdur. Binanın fasadı və otaqları müasir ornamentlərlə xüsusi zövqlə bəzədilmişdir. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin incəsənət xadimləri və məşhur musiqiçilərlə görüşlərindən çəkilmiş fotoşəkillərdən ibarət stend quraşdırılmışdır.

 

Çıxışlardan sonra binanın açılışını bildirən rəmzi lent kəsilmiş və məktəblə tanışlıq olmuşdur. Mərasim iştirakçıları məktəbin ansamblının ifasında maraqlı konsert proqramını dinləmişlər.


FOTO