01.jpg
13 avqust 2009

Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələ şəhərində Beynəlxalq musiqi festivalı və pianoçuların müsabiqəsi keçirilir

Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələ şəhərində Beynəlxalq musiqi festivalı və pianoçuların müsabiqəsi keçirilir. Ayın 23-dək davam edəcək tədbirin açılış mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxış edərək Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubunu oxumuşdur.


Bildirilmişdir ki, Mehriban xanım Əliyeva festival iştirakçılarına və münsiflər heyətinə uğurlar arzulayır, bu tədbiri böyük musiqi bayramı hesab edir.

 

Təbrik məktubunda deyilir ki, dünyanın tanınmış musiqi xadimlərinin iştirakı ilə keçirilən Qəbələ Beynəlxalq musiqi festivalı və pianoçuların beynəlxalq müsabiqəsi yeni istedadların aşkara çıxarılmasına, gənclərin peşəkarlarla görüşünə və onlardan sənətin incəliklərini öyrənməyə imkan verəcəkdir. Festival çərçivəsində məşhur pianoçuların təşkil edəcəyi ustad dərsləri gənc musiqiçilər üçün böyük töhfə olacaqdır.

 

Mərasimdə festivalın bədii rəhbəri, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev musiqi bayramı münasibətilə iştirakçıları təbrik etmiş, onlara uğurlar arzulamışlar. Festivala yüksək səviyyədə hazırlıq görüldüyü və nəhayət, bu möhtəşəm tədbirin baş tutduğu xüsusi qeyd edilmişdir. Bildirilmişdir ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılmasına xidmət edir.

 

Çıxışlardan sonra İsrailin Ranaana orkestri Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürasını ifa etmişdir. Azərbaycan Dövlət Xor Kapellasının çıxışı maraqla qarşılanmışdır.

 

Festival çərçivəsində kamera musiqisi konserti, Azərbaycan caz axşamı, Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert, pianoçuların beynəlxalq müsabiqəsi və muğam axşamı təşkil olunacaqdır. Avqustun 22-də isə festival iştirakçılarının son konserti olacaqdır.

 

Dünyanın 16 ölkəsindən – ABŞ-dan, Fransadan, İsraildən, Meksikadan, Polşadan, Rusiyadan, İtaliyadan, İspaniyadan və digər ölkələrdən gəlmiş tanınmış musiqiçilərin iştirak etdiyi festival üç hissədən ibarətdir. Əvvəlcə “Qafqaz Resort” hotelinin həyətində açıq havada, təbiətin qoynunda konsertlər təşkil ediləcəkdir. Sonra dünya şöhrətli professorlar gənclər üçün ustad dərsləri keçəcəklər. Nəhayət, Qəbələ rayon mədəniyyət evində gənc pianoçuların müsabiqəsi keçiriləcəkdir.


FOTO