22 avqust 2009

Qəbələ Beynəlxalq musiqi festivalı başa çatıb

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Musiqi Xadimləri İttifaqının təşkilatçılığı ilə Qəbələdə keçirilən Beynəlxalq musiqi festivalı avqustun 22-də başa çatmışdır. On gün davam etmiş festival çərçivəsində gənc pianoçuların beynəlxalq müsabiqəsi, klassik musiqi axşamları, muğam konserti keçirilmişdir. Gənc pianoçuların müsabiqəsində dünyanın 15 ölkəsindən 22 ifaçı iştirak etmişdir. 

 

Möhtəşəm musiqi bayramının təntənəli bağlanış mərasimində Milli Məclisin deputatı Fəttah Heydərov, İsrailin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem və festivalın bədii rəhbəri, SSRİ xalq artisti Fərhad Bədəlbəyli çıxış etmişlər.

 

On gün ərzində Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələdə əsl musiqi bayramının yaşandığını vurğulayan Fəttah Heydərov demişdir ki, bu Beynəlxalq festival dostluq, sülh, əmin-amanlıq, səadət, xoşbəxtlik bayramı olmuşdur. Belə gözəl bayramı Azərbaycanımıza bəxş edən, bu möhtəşəm tədbirin Qəbələdə keçirilməsinin təşəbbüskarı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk. On gün müddətində Azərbaycan dinləyicilərini və tamaşaçılarını, Qəbələ əhalisini öz uğurlu, gözəl ifaları ilə feyziyab etmiş sənətkarlara minnətdarıq. On beş ölkəni təmsil edən korifey musiqiçilərə, Azərbaycan sənətkarlarına ürəkdən təşəkkür edirəm.

 

Festivalı möcüzəli layihə adlandıran F.Heydərov, müxtəlif ölkələrdən gələn sənətkarların tamaşaçıları valeh etdiyini xüsusi vurğulamışdır. O, əmin olduğunu bildirmişdir ki, festival təmsil olunmuş ölkələr arasında dostluq və əməkdaşlığın inkişafına yeni təkan verəcəkdir. Qeyd etmişdir ki, tədbir həm də Azərbaycan təbiətinin, qonaqpərvərliyinin, musiqisinin nümayişinə çevrilmişdir. Bu möhtəşəm tədbir ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin mədəniyyətə, incəsənətə, sənət adamına qayğısı, diqqəti sayəsində mümkün olmuşdur. Məhz dövlətimizin başçısının yeritdiyi siyasət belə möhtəşəm tədbirin keçirilməsinə imkan vermişdir.

 

İsrailin ölkəmizdəki səfiri Mixael Lavon-Lotem xatırlatmışdır ki, cəmi iki həftədir ki, Azərbaycandadır, bu gün isə gözəl Qəbələdədir. Səfir tədbirin təşkilatçısı olan Heydər Əliyev Fonduna minnətdarlığını bildirmişdir. Diplomat xüsusi vurğulamışdır ki, festival heyrətamiz məkanda keçirilir. Bu musiqi bayramı ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına layiqli töhfədir. Söz verirəm ki, belə tədbirlərin davamlı olaraq keçirilməsi üçün səyimi əsirgəməyəcəyəm.

 

Səfir məlumat vermişdir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə İsraildən bir qrup tibb mütəxəssisi dəvət olunmuşdur. Onlar eşitmə problemi olan xəstələri müalicə edəcəklər. Bundan əlavə, bu bölgədə yaşayan, eşitmə duyğusundan məhrum 16 yaşlı bir gəncə Heydər Əliyev Fondunun təşəbbüsü, İsrail peşəkarlarının səyi ilə eşitmək, bu festivalı dinləmək nəsib olmuşdur.

 

Festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli qeyd etmişdir ki, hər şeyin sonu olduğu kimi, bu möhtəşəm tədbirimiz də başa çatır. Bu gözəl musiqi bayramına görə Azərbaycanın birinci xanımına dərin minnətdarlığımızı bildiririk. Biz bu on gün ərzində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısını daim hiss etmişik. Festivalın uğurlu keçməsində əməyi olan bütün insanlara təşəkkür edirəm. Öz iştirakları ilə festivalı daha da rövnəqləndirmiş dünya şöhrətli musiqiçilərə minnətdarlığımı bildiriəm. Onlar gənc pianoçulara yorulmaq bilmədən ustad dərsləri keçmişlər. İsrailin məşhur Ranaana simfonik orkestrinin çıxışları uzun müddət yaddaşlardan silinməyəcəkdir. Orkestr on gün ərzində ən çətin proqramları yüksək peşəkarlıqla ifa etmişdir.

 

Tədbir maraqlı yekun konserti ilə başa çatmışdır. Konserti məşhur amerikalı dirijor Dmitri Yablonski idarə etmişdir.

 

Sonda Qəbələnin gecə səmasını sürəkli atəşfəşanlıq əlvan rənglərə boyamışdır.