01.JPG
14 dekabr 2009

Bakıda keçirilən III Beynəlxalq Rostropoviç Festivalının bağlanış mərasimi olub

Dekabrın 14-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında III Beynəlxalq Mstislav Rostropoviç Festivalının təntənəli bağlanış mərasimi keçirilmişdir.

 

Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkil etdikləri festivalın bağlanış mərasimində paytaxtımızın sakinləri və şəhərimizin qonaqları simfonik musiqi əsərləri və klassik opera nümunələrini dinləmək imkanı qazanmışlar.

 

Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında dünya şöhrətli bəstəkar L.Bethovenin “Eqmont” operasından və digər əsərlərindən parçalar səslənmişdir. Orkestrin dirijoru M.Rostropoviçin tələbəsi Maksim Vengerov, solistlər Rey Çen (skripka), Ksavye Fillips (violonçel), Filipp Kopaçevski (fortepiano) olmuşlar.

 

Sonra Azərbaycan Dövlət xor kapellasının nəzdindəki Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin uşaq xoru UNİCEF-in himnini ifa etmişdir.

 

Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Ə.Qarayev, Heydər Əliyev Fondunun icraçı direktoru A.Ələkbərov, xarici dövlətlərin Azərbaycandakı səfirləri, mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər.

 


FOTO