8 dekabr 2009

Bakıda III Beynəlxalq Rostropoviç Festivalı açılıb

Dekabrın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında III Beynəlxalq Mstislav Rostropoviç Festivalının təntənəli açılış mərasimi keçirilmişdir.


Festivalı Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və festivalın bədii rəhbəri, Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç açmışlar.

 

O.Rostropoviç demişdir ki, Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkil etdiyi festivalın əsas məqsədi M.Rostropoviçin vətənində dünyanın tanınmış incəsənət ustalarının çıxışlarını təşkil etməkdir.

 

Festivalda Azərbaycan musiqisinin təmsilçiləri ilə yanaşı, “Yeni Rusiya” Dövlət Simfonik Orkestri və bir çox tanınmış musiqiçilərin çıxışları olacaqdır. Festival çərçivəsində simfonik musiqi konserti, kamera instrumental əsərləri və klassik opera nümunələri səslənəcəkdir.

 

Tədbirlər Heydər Əliyev Sarayında, Azərbaycan Dövlət Filarmoniyasında və M.Rostropoviçin ev muzeyində keçiriləcəkdir.

 

Festivalda vaxtilə dünya şöhrətli musiqiçi, SSRİ xalq artisti Mstislav Rostropoviçin tələbələri olmuş violonçel ustalarının da ifaları dinləniləcəkdir.

 

O.Rostropoviç bildirmişdir ki, dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri, atasının əziz dostu Heydər Əliyevin xatirəsinə həsr olunmuş klassik musiqidən ibarət “Heydər Əliyevə ithaf” adlı xüsusi konsert təşkil olunacaqdır.

 

Bakını doğma şəhəri hesab etdiyini dilə gətirən O.Rostropoviç atasına, onun sənətinə göstərilən qayğı və ehtirama görə Azərbaycan xalqına, ölkəmizin rəhbərliyinə minnətdarlığını bildirmiş, ecazkar musiqi dinləmək arzusunda olan bütün bakılıları və şəhərimizin qonaqlarını festival çərçivəsində keçiriləcək tədbirlərə dəvət etmişdir.

 

Nazir Əbülfəs Qarayev bildirmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Rostropoviç adına Beynəlxalq festival hər il dekabr ayında ölkəmizin paytaxtında əsl musiqi bayramı kimi təşkil edilir.

 

Bildirilmişdir ki, 7 gün davam edəcək tədbirdə David Qerinkas (violonçel), Pinxas Çukerman (skripka), Amandı Forsayt (violonçel), Filipp Kopaçevsko (fortepiano), Murad Adıgözəlzadə (fortepiano), Samir Cəfərov, Elçin Əzizov kimi musiqiçilərin çıxışları nəzərdə tutulmuşdur. Festival çərçivəsində dünyaşöhrətli dirijorlar Yuri Başmet, Kristian Badea, Rauf Abdullayev, Pinxas Çukerman, Pol Uotkins, Maksim Venqerov da iştirak edəcəklər. Tədbirin əhəmiyyətini artıran cəhətlərdən biri də gənc azərbaycanlı ifaçıların çıxışlarına yer ayrılmasıdır.

 

Təntənəli gecə Azərbaycanın xalq artisti Firəngiz Əlizadənin “M.Rostropoviçə ithaf” musiqi əsərinin səslənməsi ilə başlanmışdır. Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Ü.Hacıbəylinin, Q.Qarayevin, F.Əmirovun, O.Zülfiqarovun, C.Puççininin, S.Raxmaninovun musiqi əsərlərindən parçalar səslənmişdir. Orkestri tanınmış dirijor, xalq artisti, professor Rauf Abdullayev idarə etmişdir.

 

Tədbirdə nümayiş etdirilən “Musiqi əsgərləri: Rostropoviçin Rusiyaya qayıdışı” sənədli filmi maraqla qarşılanmışdır.