01_MUGAM MUSABIQASI - FINAL.JPG
15 yanvar 2008

“Muğam müsabiqəsi–2007” başa çatdı

Yanvarın 15-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi və Heydər Əliyev Fondunun dəstəyi ilə üç aydan çox davam edən “Televiziya Muğam Müsabiqəsi–2007”nin final mərhələsi keçirilmişdir.


Bu möhtəşəm musiqi bayramında Azərbaycan muğam sənətinin qorunub saxlanılmasında, təbliğində və inkişaf etdirilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, muğam sənəti sahəsində yeni istedadların üzə çıxarılmasında Heydər Əliyev Fondunun böyük rolu olmuşdur. Bundan əvvəlki televiziya muğam müsabiqəsinin iştirakçılarının sədası indi təkcə Azərbaycan səhnəsindən deyil, dünyanın möhtəşəm səhnələrindən, beynəlxalq musiqi məclislərindən gəlir.

 

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Mehriban xanım Əliyevanın “Muğam müsabiqəsi–2007”-nin iştirakçılarına təbrik məktubunu oxudu. Mehriban xanım Əliyevanın təbriki sürəkli alqışlarla qarşılandı.

 

Müsabiqənin münsiflər heyətinin üzvləri təqdim olunduqdan sonra söz muğama verildi. Müsabiqənin final mərhələsinə çıxmış 6 gənc ifaçı – Elməddin İbrahimov, Güllü Muradova, Abgül Mirzəliyev, Ehtiram Hüseynov, Nasir Ətapur və Rəvanə Ərəbova tamaşaçılar və münsiflər heyəti qarşısında bir daha imtahan verdilər. Onların bir-birindən maraqlı ifaları tamaşaçıları heyran qoydu.

 

Sonra münsiflər heyəti adından xalq artisti Əlibaba Məmmədov çıxış edərək bildirdi ki, 160 nəfər arasından seçilmiş 20 nəfərin 3 aydan çox davam edən muğam yarışmasında 6 nəfər finala çıxmışdır. Bu, təkcə musiqi yarışması deyildir. Bu müsabiqə Azərbaycan muğamlarına yeni nəfəslər, yeni ifalar gətirmişdir. Belə bir nəcib layihənin reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xalqımız qarşısındakı xidmətlərini xüsusi qeyd etmək istəyirəm. İncəsənət adamlarına, biz xanəndələrə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə sənət dostlarım, bu müsabiqənin münsiflər heyəti adından və şəxsən öz adımdan dərin minnətdarlığımızı bildirirəm.

 

“Muğam müsabiqəsi–2007”-nin iştirakçılarından 14 nəfərinə diplomlar və 1000 manat pul mükafatı verildi.

 

Sonra münsiflər heyətinin qərarı ilə müsabiqədə birinci yerə çıxmış Elməddin İbrahimova və Güllü Muradovaya bürünc mükafat, üzərində Mehriban xanım Əliyevanın və münsiflər heyətinin imzası olan qaval, 10 min manat pul, Heydər Əliyev Fondunun buraxdığı “Qarabağ xanəndələri” musiqi albomu və diplom təqdim olundu. Müsabiqədə ən çox xal topladığına görə Elməddin İbrahimova Qarabağ xalçası hədiyyə edildi.

 

İkinci yerə layiq görülmüş Ehtiram Hüseynov və Abgül Mirzəliyevə də bürünc mükafat, üzərində Mehriban xanım Əliyevanın və münsiflər heyətinin imzası olan qaval, “Qarabağ xanəndələri” musiqi albomu, 7 min manat pul mükafatı və diplom verildi.

 

Üçüncü yerə çıxan Rəvanə Ərəbova və Nasir Ətapur bürünc mükafat, qaval, musiqi albomu, 4 min manat pul və diplom ilə mükafatlandırıldılar.

 

Möhtəşəm muğam müsabiqəsinin finalı bütün iştirakçıların ifasında dövlət himninin səslənməsi ilə başa çatdı.


FOTO