01.jpg
10 noyabr 2008

Parisdə, YUNESKO-nun iqamətgahında görkəmli alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilib

Noyabrın 10-da Parisdə, YUNESKO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilmişdir.

 

YUNESKO səviyyəsində keçirilən yubiley mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir.

 

XX əsr Azərbaycan ədəbiyyatında, elmində müstəsna xidmətləri olan Mir Cəlal Paşayevin 100 illiyinin YUNESKO səviyyəsində qeyd edilməsi, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən önəmin və dəyərin təzahürüdür. 2008-2009-cu illərdə YUNESKO-nun dünya miqyaslı hadisələrin və şəxsiyyətlərin yubileylərinin qeyd olunması ilə bağlı qərarına Mir Cəlal Paşayevin də adının daxil edilməsi, həm də Azərbaycan-YUNESKO əməkdaşlığının inkişafının bariz nümunəsidir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri kimi bu sahədə geniş və səmərəli fəaliyyəti qurumla ölkəmiz arasında əlaqələrin inkişafına mühüm töhfə verir.

 

Yubiley mərasimində iştirak etmək üçün YUNESKO-nun iqamətgahına gələn Mehriban xanım Əliyevanı qurumun baş direktoru Koişiro Matsuura və digər rəsmi şəxsləri səmimiyyətlə qarşılamışlar.

 

Koişiro Matsuura və Mehriban xanım əvvəlcə Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən sərgi ilə tanış olmuşlar. Azərbaycanın görkəmli yazıçısı və aliminin müxtəlif illərdə çəkilmiş fotolarında onun zəngin həyat və fəaliyyətinin ən maraqlı məqamları əks olunmuşdur. Bu fotolarda görkəmli yazıçının dövrünün görkəmli ziyalıları ilə görüşlərini yaşadan məqamlar, ailə üzvləri ilə şirin xatirələr yaşanır. Sərgidə yazıçının həm Azərbaycanda, həm də xaricdə nəşr edilmiş əsərləri də təqdim olunmuşdu.

 

Görkəmli yazıçının əsərləri bir neçə nəslin tərbiyəsində, maariflənməsində və dünya baxışının formalaşmasında mühüm rol oynamışdır. Mir Cəlal Paşayev həm də alimliyi, müəllimliyi, ziyalılığı ilə Azərbaycanın fikir tarixində xüsusi yer tutur. Odur ki, bu böyük ziyalının yubileyinin YUNESKO səviyyəsində qeyd edilməsinin xüsusi mənası və özəlliyi var.

 

Yubiley mərasimini YUNESKO-nun baş direktoru KOİŞİRO MATSUURA açaraq demişdir:

 

- Xanım Mehriban Əliyeva!

 

Əziz qonaqlar!

 

Xanımlar və cənablar!

 

Bu gün axşam məşhur Mir Cəlal Paşayevin 100-cü ildönümünə həsr olunmuş tədbirdə sizin hamınızı salamlamaq istəyirəm.

 

Mir Cəlal Paşayevin nəvəsi Mehriban xanım Əliyevanı burada görməkdən xüsusilə məmnunam. Mən Mir Cəlalın dörd övladına da xoş gəlmisiniz deyirəm. Mehriban xanım Əliyevanın atası ilə bərabər, Mir Cəlal Paşayevin digər üç övladı da bu axşam burada bizimlədir. Onun iki oğlu və iki qızı bu salonda əyləşiblər. Mən Azərbaycanın tanınmış yazıçısı Mir Cəlal Paşayevin dörd övladını bir daha səmimiyyətlə salamlayıram.

 

Salamlamadan sonra bəhs edəcəyim məsələlərə keçməzdən öncə, mən Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə səmimi qəlbdən təbrik etmək istərdim. Bu münasibətlə mən təbrik məktubu göndərmişəm, lakin yenidən xanım Əliyevadan xahiş edərdim ki, səmimi təbriklərimi ölkə başçısına çatdırsın.

 

Bu ilin mayında Bakıda keçirilmiş Avropa və Mərkəzi Asiyada savadlılıq mövzusunda regional konfransda iştirak etmək üçün ölkənizə etdiyim səfər xatirimdədir. Prezident Əliyev xeyirxahlıqla məni qəbul etmişdir. Bu sahədə görülmüş işlərə görə mən ölkə rəhbərliyinə olduqca minnətdaram. Mənə məlumat verilmişdir ki, son illər Azərbaycan həcmi 30 faizdən artıq olan illik iqtisadi artımla dünyada birinci yerdədir. Çox heyranedici inkişaf sürətidir. Hətta deyərdim, rekorddan da artıqdır. Mən bu münasibətlə sizi təbrik edirəm.

 

Eyni zamanda, çox şadam ki, təşkilatımızın fəaliyyət göstərdiyi bütün sahələrdə - elm, mədəniyyət və təhsil sahəsində YUNESKO ilə Azərbaycan arasında əməkdaşlıq genişlənməkdədir. Bu işə verdiyi töhfəsinə görə mən YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. Onun səfir təyin olunduğu vaxtdan etibarən YUNESKO-Azərbaycan əməkdaşlığı yüksələn xətlə artmışdır və bir çox sahələri əhatə etmişdir.

 

Əlbəttə, onu da bilməliyik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev xoşməramlı səfir Mehriban xanımın təşkilatdakı fəaliyyətinə şəxsən dəstək vermişdir. Buna görə mən ona bir daha minnətdaram. Gələn illər ərzində mən Prezident Əliyevlə birgə işimizi davam etdirməyi və YUNESKO ilə Azərbaycan arasında əsas sahələrdə əməkdaşlığın dərinləşməsini arzulayıram.

 

Eyni zamanda, 2004-cü ildə təyin olunduğu vaxtdan etibarən Mehriban xanım Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri kimi təşkilatımıza verdiyi töhfəsinə görə mən ona bir daha təşəkkürümü bildirirəm. O, nəinki təhsil, həm də mədəniyyət sahəsində olduqca fəal şəkildə çalışmışdır.

 

Qeyd etmək istəyirəm ki, Mehriban xanım sivilizasiyalararası və mədəniyyətlərarası dialoq mövzusunda bir neçə mühüm tədbir təşkil etmişdir. Bu tədbirlər zamanı gənclərin sivilizasiyalararası və mədəniyyətlərarası dialoq sahəsində oynadığı rola xüsusi önəm verilmişdir. Daha sonra, bu ilin iyununda Mehriban xanım qadınların bu sahədəki rolu ilə bağlı konfrans keçirmişdir. Dəvət olunmağıma baxmayaraq, əfsuslar olsun ki, mən tədbirə gedə bilmədim, lakin öz həmkarımı göndərdim. Bu, olduqca uğurlu bir tədbir idi.

 

Bu gün nəinki yaşadığımız regionlarda, ümumilikdə bütün dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun xüsusilə əhəmiyyətli olmasını bir daha qeyd etmək istəyirəm. Ona görə də həmin sahəyə verdiyi mühüm töhfəsinə görə xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Bundan başqa, o, təhsil sahəsində də çox fəaldır.

 

Əlavə olaraq qeyd etmək istəyirəm ki, Mehriban xanım Əliyeva qeyri-maddi mədəni irsin qorunmasında da xüsusi rol oynayır. O, Azərbaycanın qədim musiqi ənənəsi sayılan muğamın təşviq olunmasında çox fəaldır. Maddi və qeyri-maddi mədəni irsin qorunması sahəsində yeni nailiyyətlər var. Hazırda qeyri-maddi və maddi mədəni irsin təşviqi ilə bağlı yeni Konvensiya qəbul etmişik. Azərbaycan çox zəngin qeyri-maddi və maddi mədəni irsə malikdir. Yaxın vaxtlarda Azərbaycanın mühüm qeyri-maddi mədəni irsinin şah əsəri sayılan muğama həsr olunmuş mərkəzin açılışı keçiriləcəkdir. Mən gələn il Muğam Mərkəzinin açılışında iştirak etmək məqsədi ilə Azərbaycanın paytaxtı Bakı şəhərinə səfər etməyi planlaşdırıram. Bu ilin mayında səfərim zamanı gördüm ki, həmin mərkəzin tikintisi başa çatmaq üzrədir. İndi isə xanım Əliyeva mənə məlumat verdi ki, mərkəzin tikintisi başa çatıb və rəsmi açılış üçün hazırdır. Mən gələn il, Prezident Əliyev və onun xanımı Əliyeva ilə birlikdə mərkəzin açılışında iştirak etmək üçün ölkənizə səfər etmək niyyətindəyəm.

 

Mən bilirəm ki, Mehriban xanım öz çıxışında babasının fəaliyyəti, onun verdiyi töhfə haqqında bizə məlumat verəcəkdir. Sadəcə, onu əlavə etmək istərdim ki, foyedə Mir Cəlal Paşayevin həyat və yaradıcılığına həsr edilmiş fotosərgi təşkil olunmuşdur. Orada onun ailəsinin fotoları, övladlarının, o cümlədən Mehriban xanımın atasının əhatəsində çəkilmiş fətəşəkillər nümayiş etdirilir.

 

Biz Mir Cəlal Paşayevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş bu sərginin və gecənin təşkilindən çox məmnunuq. Belə bir tədbirin keçirilməsi ilə bağlı irəli sürülmüş təşəbbüsə görə xanım Əliyevaya minnətdaram.

 

Mən Mir Cəlal Paşayevin nailiyyətləri haqqında çox danışmayacağam, lakin icazə verin, onun çox vaxt söylədiyi və mənim xoşuma gələn bir kəlamı təkrar edim. O demişdir: “Həyatımın ən böyük nailiyyəti mənim ailəmdir!” Bu, həqiqətən belədir. Əgər sizin hələ imkanınız olmayıbsa, lütfən həmin fotoları seyr edin, onda görərsiniz ki, o, ailəsini nə qədər sevirdi. Onlar çox gözəldir. Həmin kəlamı bir daha təkrar etmək istərdim: “Həyatımın ən böyük nailiyyəti mənim ailəmdir!”

 

Çox sağ olun.

 

Sonra çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva xalqımızın malik olduğu mədəni dəyərlərin zənginliyindən danışaraq bildirmişdir ki, çox böyük ədəbi irsə malik olan Azərbaycan böyük alimlər, mütəfəkkirlər nəsli yetişdiribdir. Mir Cəlal Paşayevin ədəbi və elmi yaradıcılığının xarakterik xüsusiyyətlərindən danışan Mehriban xanım demişdir ki, onun əsərləri bütöv bir dövrün mənzərəsini yaradır. O, böyük pedaqoq kimi Azərbaycan cəmiyyəti üçün minlərlə açıq fikirli tələbə yetişdirmişdir.

 

Mehriban Əliyeva başda YUNESKO rəhbərliyi olmaqla, yubiley mərasiminin keçirilməsində əməyi olan bütün insanlara təşəkkürünü bildirmişdir.

 

Sonra Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunmuşdur.

 

Mərasim “Könül dolusu musiqi” adlı konsert proqramı ilə davam etdirilmişdir. Dirijor Rauf Abdullayevin idarəsi ilə Azərbaycan Dövlət Simfonik Orkestri Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim etmişdir.

 

Yubiley mərasiminə dəvət olunan Fransa Senatının keçmiş sədri Kristian Ponsöle Azərbaycan xalqının görkəmli ziyalısı Mir Cəlal Paşayevin 100 illik yubileyi münasibətilə Mehriban xanım Əliyevanı təbrik etmiş, bu mərasimdən aldığı yüksək təəssüratın ölkəmizə olan rəğbətini daha da artırdığını vurğulamışdır.

 

Mərasimdən sonra YUNESKO-nun iqamətgahında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Mir Cəlal Paşayevin 100 illik yubiley mərasimində iştirak edən qonaqların şərəfinə ziyafət verilmişdir.


FOTO