07_edit.JPG
10 oktyabr 2008

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 10-da paytaxtın yaxınlığında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin açılış mərasimində iştirak etmişdir.


Qala kəndinin sakinləri Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı ehtiramla qarşıladılar. Milli geyimli oğlan və qız onlara gül dəstələri təqdim etdilər.

 

Prezident İlham Əliyev kompleksin açılışını bildirən rəmzi lenti kəsdi.

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən yeni layihə Azərbaycanın tarixi keçmişinin qorunub saxlanması ilə yanaşı, ölkəmizin turizm mərkəzlərindən birinə çevrilməsinə də xidmət edəcəkdir. Burada hələ 1988-ci ildə Qala Dövlət Tarix Etnoqrafiya qoruğu yaradılmışdır. Qoruğun 156 hektar sahəni əhatə edən ərazisində eramızdan əvvəl III minillikdən XX əsrə qədər dövrə aid kurqanlar, sərdabalar, yaşayış evləri, 4 ovdan, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və s. var. Bu abidələrin qorunması, eləcə də Abşeronda aşkar edilən arxeoloji tapıntılar hesabına qoruğun daha da zənginləşdirilməsi məqsədi ilə 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında ilk arxeoloji-etnoqrafik muzey kompleksi yaradılmışdır. İki hektar ərazisi olan muzey kompleksdə Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və sair yerləşdirilmişdir.


Prezident İlham Əliyev əvvəlcə muzey kompleksinin yerləşdiyi ərazinin ilkin və indiki görünüşünə, Qala kəndinin 1916 və 1938-ci illərdə çəkilmiş planına, kəndə gələn yolların sxeminə, Abşeronun arxeoloji-etnoqrafik abidələrinin, XIII-XIV əsrlərə aid Qala və Mərdəkan qəsrlərinin, Buzovna, Şağan, Zirə və Türkan kəndlərindəki qədim yaşayış evləri, məscid, türbə, qəsr, qala, qəbirstanlıq və s. fotoşəkillərinə baxdı.

 

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov muzey kompleksinin yaradılması və fotoşəkillər barədə məlumat verdi.

 

Prezident İlham Əliyev və xanımı muzey kompleksini gəzdilər, buradakı eksponatlarla tanış oldular.

 

“Qala” Dövlət Tarix-Etnoqrafiya qoruğunun direktoru Fikrət Abdullayev məlumat verdi ki, dünyanın ən qədim insan məskənlərindən olan Azərbaycan ərazisi arxeoloji abidələrlə, maddi-mədəniyyət nümunələri ilə zəngindir. Tarixi abidələr baxımından Abşeron yarımadasının da xüsusi yeri vardır. Abşeron yarımadasının şimal-şərqində yerləşən Qala qəsəbəsində və ona bitişik ərazidə 215 memarlıq və arxeoloji abidə mövcuddur. Abidələrin öyrənilməsinə ötən əsrin 60-cı illərində başlanılmışdır. Qayaüstü rəsmlər mövzusu və süjetlərinə görə çox rəngarəngdir. Burada ov, insanı qurban vermə, nikah, astronomik rəmzlər və sair səhnələr təsvir olunmuşdur. Qayaüstü təsvirlərdə, həndəsi, xonça görünüşlü nişanlar mühüm yer tutur. Dübəndi, Türkan kurqanlarındakı antropomorf heykəlləri bəzi mütəxəssislər ölənlərin ruhunu axirət dünyasına yola salan ölüm Allahı ilə eyniləşdirirlər. Bu kurqanlar yalnız dəfn abidələri deyil, həm də qədim Azərbaycan tayfalarının maddi və mənəvi mədəniyyətinin öyrənilməsi üçün zəngin mənbədir.

 

Prezident İlham Əliyev dedi ki, Qobustanı çox adam tanıyır, o, ölkə daxilində və dünyada tanınır. Çünki qoruqdur. Amma Qala qəsəbəsində belə yer qədim mədəniyyətimizin bir əsəridir, onu göstərir ki, qədim dövrlərdə insanlar necə yaşamışlar. Gərək bura muzey kimi daim fəaliyyət göstərsin.

 

Muzey komplekslə tanışlıq zamanı Azərbaycanın ən qədim sənətkarlıq növlərindən sayılan dulusçuluq emalatxanaları da maraq doğurdu.

 

Prezident İlham Əliyev qədim abidələrdən olan Qavaldaşa, Şüvəlan, Ağdaş düzü, Xaşaxuna, Zirə yaşayış məskənlərinin planına, qədim toyxana yerinə, tacir evinin maketinə, məşhur Qala qoyunlarına, dəvələrə, Dübəndi və digər ərazilərdə arxeoloji qazıntılar zamanı aşkar olunmuş tapıntılara, qədim qəbiristanlıqdakı abidələrə də baxdı.


FOTO