004.JPG
10 dekabr 2008

Bakıda Mstislav Rastropoviç adına II Beynəlxalq musiqi festivalının açılışı olub

Dekabrın 9-da Bakıda Mstislav Rastropoviç adına II Beynəlxalq musiqi festivalı açılmışdır.

 

Dünyanın bir çox tanınmış musiqiçisinin qatılacağı festivalı Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Rastropoviç Fondu təşkil etmişdir. Bu münasibətlə dekabrın 9-da təşkil olunmuş mətbuat konfransında Rostropoviç Fondunun Prezidenti, mərhum sənətkarın qızı Olqa Rostropoviç demişdir:

 

-Atam Bakını çox sevirdi. Ona görə də beynəlxalq festivalın burada keçirilməsi təsadüfi deyildir. Festivala Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri, uşaq-gənclər simfonik orkestri, Rusiyanın “Moskva solistləri” kamera orkestri, Amerikadan məşhur dirijor Yucin Kon və skripkaçı Rey Çen, İtaliyadan tanınmış vokalçılar Angela Kara, Mario Malaqnini, Zayan As, Katarina Karneus, Rusiyanın tanınmış skripkaçı və dirijoru Maksim Vengerov və violonçelistlər ansamblı, Fransadan məşhur violonçel ifaçısı Xavyer Filips, Beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın əməkdar artisti, pianoçu Murad Adıgözəlzadə, görkəmli opera müğənniləri, Beynəlxalq müsabiqələr laureatları Makvala Kasraşvili, Badri Mausuradze, Qalina Vişnevskayanın Opera ifaçılığı Mərkəzinin solistləri İrina Dubrovskaya, Elçin Əzizov və başqaları dəvət olunmuşlar.

 

Festival çərçivəsində Heydər Əliyev adına Sarayda İtaliyanın məşhur Cüzeppe Verdi di Milano orkestri və xorunun ifasında Cüzeppe Verdinin “Rekviyem” əsəri səslənəcəkdir. Bu tədbir Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunacaqdır. Bundan başqa, dekabrın 12-də Heydər Əliyev adına Sarayda Mstislav Rastropoviçin həyat və yaradıcılığına həsr olunan sərgi də açılacaqdır.

 

Bakıya gəlmiş görkəmli incəsənət ustaları dünya opera sənətinin klassikləri Cüzeppe Verdi, Jorj Bize, Cakkomo Puççini və Pyetro Maskanyinin operalarından səhnələr ifa edəcəklər.


FOTO

Paylaş: