_03.JPG
20 fevral 2006

Dahi bəstəkar Dmitri Şostakoviçin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq festivalın təntənəli açılışı olub

Fevralın 20-də Azərbaycanda Rusiya İli çərçivəsində Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə dahi bəstəkar Dmitri Şostakoviçin 100 illik yubileyinə həsr edilmiş beynəlxalq festivalın təntənəli açılışı olmuşdur.


Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının salonuna toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi, xanımı Mehriban Əliyevanı və ailə üzvlərini hərarətlə qarşıladılar.


Festivalın prezidenti, dünya şöhrətli musiqiçi, həmyerlimiz Mstislav Rostropoviç səhnəyə dəvət olundu. Maestro musiqisevərlərə müraciətlə dedi: "Çox xoşbəxtəm ki, sevimli şəhərim Bakıda dahi bəstəkar Dmitri Şostakoviçin 100 illiyinə həsr edilmiş festival keçirilir. Onun Bakını və bakılı şagirdlərini necə sevdiyini çox yaxşı bilirəm. Əminəm ki, onun bu festivalda səslənəcək musiqisi musiqiçiləri və dinləyiciləri gözəlliyə məhəbbətdə birləşdirəcəkdir. Ümumiyyətlə, onun yüksək yaradıcılığı və musiqi sahəsindəki xidmətləri Azərbaycanda çox yüksək qiymətləndirilmiş və ona Azərbaycanın xalq artisti adı verilmişdir. O, həm də Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayevin və Cövdət Hacıyevin sevimli müəllimi olmuşdur. Bu mötəbər festivalın Azərbaycan kimi gözəl, sabit və inkişaf edən bir ölkədə keçirilməsinin böyük əhəmiyyəti vardır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə belə mühüm tədbirlərin təşkili dünyada mədəniyyətlərarası dialoqun inkişafı baxımından çox dəyərlidir. Mən Azərbaycan xalqına bir daha minnətdaram".


Sonra maestro Mstislav Rostropoviçin dirijorluğu ilə Rusiya Dövlət Akademik Simfonik Orkestri D.D.Şostakoviçin 1-ci simfoniyasını və "Katerina İzmaylova" operasından beş antraktı ifa etdi.


Ukrayna müğənnisi, beynəlxalq müsabiqələr laureatı Oksana Dikanın (soprano) ifasında Şostakoviçin ötən əsrin hələ 30-cu illərində bəstələdiyi "Mtsensk qəzasının ledi Makbeti" operasından iki ariya səsləndi.


Böyük müvəffəqiyyətlə keçən konsert dəfələrlə gurultulu alqışlarla qarşılandı.


Maestro Mstislav Rostropoviç səhnəyə qayıdaraq tamaşaçılara dərin təşəkkürünü bildirdi, Dmitri Şostakoviçin "İki nəfər üçün çay" simfoniyasının yaranma tarixindən danışdı və əsəri simfonik orkestrin ifasında dinləyicilərə təqdim etdi.


Azərbaycan Prezidenti İlham Əliyev konsertdən sonra filarmoniyanın foyesində maestro Mstislav Rostropoviçlə səmimi görüşdü, onu uğurlu çıxışına görə təbrik etdi.


Mstislav Rostropoviç Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi, Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafına göstərilən diqqət və qayğının dünyada yüksək qiymətləndirildiyini söylədi. O, Prezidentin ailə üzvləri ilə də görüşdü.


Milli Məclisin sədri Oqtay Əsədov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər, paytaxt ictimaiyyətinin nümayəndələri, musiqisevərlər festivalın açılışında olmuşlar.


FOTO