001.jpg
10 may 2006

Mərdəkan qəsəbəsində yenidən qurulan kütləvi kitabxananın açılışı olub

Mayın 10-da, ulu öndərimizin anadan olmasının 83-cü ildönümü günündə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva paytaxtın Əzizbəyov rayonunda bir neçə mədəniyyət və təhsil obyektinin açılışında iştirak etmişdir.

 

Ümummilli liderimiz Heydər Əliyevin "Kitabxana millət, xalq, cəmiyyət üçün müqəddəs bir yer, mədəniyyət, bilik, zəka mənbəyidir" müdrik kəlamını öz fəaliyyətində örnək kimi qəbul edən Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi çoxsaylı layihələrdən bir qismi də mövcud kitabxanaların yenidən qurulması ilə bağlıdır. Fondun bu sahədəki ardıcıl fəaliyyəti artıq onlarca qəsəbə və kənd kitabxanasının yenidən qurulmasına, müasir avadanlıqla təmin olunmasına və zənginləşməsinə imkan yaratmışdır. Əsaslı şəkildə Mərdəkan qəsəbəsində yenidən qurulan kütləvi kitabxananın açılış mərasiminə gələn Mehriban xanımı səmimiyyətlə, gül-çiçəklə qarşıladılar. Kitabxananın müdiri Ofeliya Abdullayeva mərasimə toplaşanlara xatırlatdı ki, əvvəlki darısqal bina müasir tələblərə cavab vermədiyinə, yararsız vəziyyətə düşdüyünə görə sakinlər, kitabxana kollektivi Mehriban xanıma müraciət etmişdi. Həm bizim deputatımız olan Mehriban xanım xahişimizə dərhal müsbət reaksiya verərək, kömək göstərmişdir. Qısa vaxt ərzində əvvəlkindən 4 dəfə geniş olan, 480 kvadratmetr sahəni tutan kitabxana binası inşa olunmuşdur. 86 min nüsxə fondu olan bu kitabxanada indi Azərbaycan və rus dillərində 4 şöbə, oxu zalı, işçilər üçün istirahət yeri vardır. Heydər Əliyev Fondu tərəfindən kompyuter dəsti və xeyli təzə kitab da bağışlanmışdır.

 

Bütün bunlara görə Mehriban xanıma kollektivin, çoxminli oxucuların və mədəniyyət işçilərinin minnətdarlığını bildirən kitabxanaçılar, görülmüş işləri həm də milli mədəniyyətimizin inkişafına xeyirxah, uzaqgörən qayğının nəticəsi kimi qiymətləndirdilər.

 

Mehriban xanım kitabxananın fondu, şöbələri, oxucuların rahatlığı üçün yaradılmış şəraitlə tanış oldu, foyedə təşkil edilmiş foto-sərgilərə baxdı, oxucularla söhbət edərək onların maraq dairəsini öyrəndi, kitabın hər zaman əvəzedilməz bilik mənbəyi olduğunu xatırlatdı. Kitabxanaya daxil olan yeni xarici ədəbiyyatla, dövri mətbuatla, latın qrafikası ilə çapdan çıxan kitablarla, kataloq sistemi ilə yaxından maraqlanan Mehriban xanım burada yaradılan şəraitdən razılığını bildirdi, kollektivə öz tövsiyələrini verdi, kompyuter sisteminə keçidlə bağlı hansı problemlərin mövcud olduğunu soruşdu və bildirdi ki, kitabxananın fəaliyyətinin təkmilləşdirilməsi üçün Fond bundan sonra da lazımi kömək göstərəcəkdir.

 

Kitabxananın fəal oxucuları Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən quruculuq-abadlıq işlərinə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın dəstəyini yüksək qiymətləndirdilər, deputat kimi fəaliyyətindən də razılıqlarını vurğuladılar.


FOTO

Paylaş: