18 may 2006

Gənc rəssamın xatirəsinə həsr olunmuş sərgi açılıb

Mayın 18-də Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə Vəcihə Səmədova adına sərgi salonunda gənc yaşlarında həyatdan getmiş istedadlı rəssam Azadə Əliyevanın əsərlərindən ibarət sərgi açılmışdır.

 

Mərhum rəssamın vəfatının ilinə həsr olunmuş sərgidə təsviri sənətin bütün janrlarında 100-dən artıq əsər nümayiş etdirilir.

 

Xalq rəssamları - Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov, Azadənin müəllimi Cəmil Müfidzadə açılış mərasimində çıxış edərək, rəssamın yaradıcılığından danışmışlar. Bildirilmişdir ki, çoxşaxəli istedada malik rəssam qısa ömür sürməsinə baxmayaraq, zəngin irs qoyub getmişdir. Onun səhnə tərtibatı, eləcə də, dəzgah boyakarlığı sahəsindəki işləri yüksək peşəkarlıq səviyyəsində olmuşdur. Qrafika janrındakı işləri özünəməxsusluğu ilə seçilirdi. Rəssamın yaradıcılığındakı gənclik obrazlarının bədii tamlığı xüsusi vurğulanmışdır. Azərbaycan xanımlarının milli xüsusiyyətlərini təcəssüm etdirən nadir kuklaları müxtəlif sərgilərdə və kolleksiyalarda uğurla nümayiş etdirilmişdir.

 

Belə bir inam ifadə olunmuşdur ki, rəssamın bu sərgisi gələcəkdə də dəfələrlə göstəriləcək, o, Azərbaycanın təsviri sənət tarixində yaşayacaqdır.