004--SARGI.JPG
19 oktyabr 2012

Fransanın Reyms şəhərində Azərbaycanla bağlı sərginin açılışı və konsert olub

Oktyabrın 19-da Fransanın Reyms şəhərində “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisinin açılış mərasimi olub.


Açılış mərasimində çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu cür tədbirlərin Reymslə yanaşı, Fransanın daha on şəhərində keçiriləcəyini diqqətə çatdırdı.


“Bu sərgi ölkələrimiz arasındakı dostluğa və qarşılıqlı hörmətə tövhə verəcəkdir”, - deyən Mehriban Əliyeva bildirdi ki, gənc müstəqil ölkə olan Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə sahibdir və hər zaman Şərq ilə Qərb arasında körpü olan ölkəmiz müsəlman aləmində mütərəqqi nailiyyətlərə imza atıb. Bu sırada 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın qurulması, qadınlara səsvermə hüququnun verilməsi, qızlar üçün məktəbin açılması, opera və baletin yazılması kimi mühüm hadisələr var.


“Azərbaycan-Fransa əməkdaşlığı təqdirəlayiqdir. Biz Azərbaycanın mədəni zənginliyinə böyük ehtiram bəsləyirik”. Bu sözləri isə Reyms şəhərinin meri xanım Adelin Hazan dedi. O, Azərbaycan ilə Reyms arasında mədəni və iqtisadi əməkdaşlığın inkişaf edəcəyinə ümidvar olduğunu vurğuladı.


Sərgidə ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar nümayiş etdirilmişdir. Azərbaycan xalçaları buradakı ekspozisiyanın ən qiymətli inciləri sırasında idi. Milli xalçaçılığımızın bütün istiqamətlərinin təmsil olunduğu sərgidə yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təqdim olunub. Xalq incəsənətinin bütün istiqamətlərinə dair nümunələrin, misgərlik məmulatlarının, şəbəkələrin, Azərbaycan milli geyimlərinin, milli musiqi alətlərimizin təqdim edildiyi sərgidə Heydər Əliyev Fondunun xətti ilə nəşr olunan və ölkəmizin təbliğinə xidmət edən kitab və bukletlər, fransız dilində nəşr olunan ədəbiyyat toplusu da maraqla qarşılanıb.


X X X


Oktyabrın 19-da axşam Reyms Konservatoriyasında Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti oldu.


Bu konsert ölkəmizin həm milli dəyərlərə, həm də müasir meyllərə eyni dərəcədə hörmətlə yanaşdığını nümayiş etdirdi. Tamaşaçılar isə bu vəhdəti milli musiqimizin maraqlı interpretasiyalarında hiss etdilər.


Bu gecədən təəssüratlar kifayət qədər zəngin olmuş və özünəməxsus ovqatı ilə seçilən Azərbaycan mədəniyyətinə hörmətin nümunəsinə, həm də Reyms tamaşaçısında heç vaxt unudulmayacaq xatirəyə çevrildi.


FOTO