DSC_0641.JPG
1 noyabr 2012

Dö Sevr departamentinin Niort şəhərində Azərbaycan günləri ilə bağlı növbəti tədbir keçirilib

Azərbaycanı Fransada tanıtmaq, zəngin tarixi və mədəni dəyərləri barədə fransızlarda daha geniş təsəvvür yaratmaq məqsədi ilə Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Azərbaycan günləri ilə bağlı növbəti tədbir Dö Sevr departamentinin Niort şəhərində keçirilib.


Tədbir şəhərin möhtəşəm “Le Moulin du Bac Scene Nationale” sarayında ölkəmizlə bağlı sərginin açılışı ilə başlayıb. Şəhərin meri, departamentin deputatı xanım Jenevyev Qayyard niortluların az tanıdıqları Azərbaycan mədəniyyəti və incəsənəti, habelə mahnı və rəqsləri ilə ilk dəfə yaxından tanış olmaq imkanı əldə etdiklərini diqqətə çatdırmış, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə keçirilən tədbirlə əlaqədar Fransada səfərdə olduğunu xatırlatmış, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamış, mətbəximizin Azərbaycan zənginliyinin meyarlarından biri olduğunu bildirmişdir.


Azərbaycanın Fransa ilə bütün sahələrdə, o cümlədən mədəni sahədə əlaqələrinin inkişaf etdiyini vurğulayan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Parisdə ölkəmizlə bağlı mədəni tədbirlərin mütəmadi keçirildiyini, Fransanın müxtəlif ali məktəblərində yüzlərlə azərbaycanlı gəncin təhsil aldığını, keçən il Qafqazda ilk dəfə olaraq Bakıda fransız məktəbinin təməlinin qoyulduğunu bildirmişdir.


Hazırda diplomatik səylərin iki ölkə arasında mədəni və iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəldildiyini deyən səfir Fransada inkişaf edən üzümçülük sahəsinə xüsusi maraq göstərildiyini qeyd etmişdir.


E.Əmirbəyov Azərbaycanın tarixi və mədəni irsinin zənginliyindən söhbət açmış, sərgidə nümayiş etdirilən eksponatların ölkəmizin mədəni dəyərlərinin bariz nümunəsi olduğunu bildirmişdir.


Səfir 1991-ci ildə müstəqilliyini bərpa edən, müxtəlif dinlərə, azsaylı xalqlara münasibətdə tolerant ənənələrinə sadiq qalan Azərbaycanın sivil cəmiyyətin yaranması və inkişaf etdirilməsi istiqamətində Avropa Şurası, BMT və digər beynəlxalq təşkilatların irəli sürdükləri söz və fikir azadlığı kimi demokratik dəyərlərə əsaslandığını qeyd etmişdir.


XlX əsrin ikinci yarısında məşhur fransız yazıçısı Aleksandr Dümanın (ata) Azərbaycana səyahət etdiyini xatırladan Elçin Əmirbəyov bu gün də Fransanın tanınmış şəxslərinin ölkəmizə səfər etdiyini diqqətə çəkmiş, bunun bariz nümunəsi kimi məşhur aktyor Jerard Depardyenin bir neçə dəfə Azərbaycanda olduğunu bildirmişdir.


Fransa ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafına toxunan səfir cari ilin sentyabr ayında Parisdə səfirliyin nəzdində mədəniyyət mərkəzinin açıldığını, Azərbaycanın birinci xanımı, Milli Məclisdə Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı ilə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə Parisdə təntənəli tədbir keçirildiyini vurğulamış, Fransada Azərbaycan günlərinin iki ölkə arasında mədəni əlaqələrin inkişafına yeni təkan verəcəyini qeyd etmişdir.


Departamentin prefekti Pyer Lamber çıxışında mədəniyyətlərin sərhəd tanımadığını diqqətə çəkərək belə tədbirlərin mədəniyyətlərarası dialoqun meyarlarından biri kimi dəyərləndirmiş, xalqların birinin digərinin tarixi, mədəniyyəti və incəsənəti ilə tanışlığında sərgi və digər vasitələrin əhəmiyyətindən danışmışdır.


Sərgidə nümayiş etdirilən qədim xurcun və fərşlər, musiqi alətləri və digər eksponatlar qonaqların marağın səbəb olmuşdur. Sərgidə Azərbaycan tarixindən, Quba xalçaçılıq sənətindən, Bakının qədim abidələrindən, turizm imkanlarından bəhs edən kitab və broşürlər, habelə Azərbaycanın mədəniyyətini, incəsənətini, bənzərsiz təbiətini və digər sahələri əks etdirən çarxlar nümayiş etdirilmişdir.


Sonda muğam instrumental ansamblının və respublikanın Xalq Artisti Afaq Məlikovanın rəhbərlik etdiyi Dövlət rəqs ansambllarının ifasında mahnılar və rəqslər ifa edilmişdir. Fransız tamaşaçılar xüsusilə oğlanların ifasındakı milli rəqslərimizə maraq və heyranlıqlarını sürəkli alqışlarla büruzə vermişlər.


FOTO