DSC_0903.JPG
3 noyabr 2012

Berlində “Bakıya uçuş” sərgisinin açılışı olub

Almaniya paytaxtının məşhur “Collectors room” sərgi mərkəzində Heydər Əliyev Fondunun, Azərbaycanın Almaniyadakı səfirliyinin və “Baku international” jurnalının birgə təşkilatçılığı ilə “Bakıya uçuş” müasir Azərbaycan incəsənət sərgisinin açılış mərasimi keçirilib. Sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.


Sərginin açılışına Almaniyanın nüfuzlu şəxsləri, ictimai xadimləri, incəsənət adamları, dünyanın müxtəlif ölkələrindən qonaqlar gəlmişdilər.


Açılış mərasimində çıxış edən Leyla Əliyeva “Bakıya uçuş” sərgisi haqqında qonaqlara məlumat verdi. Fondun vitse-prezidenti bildirdi ki, indiyədək bu sərgi dünyanın müxtəlif paytaxtlarında, o cümlədən Londonda və Parisdə keçirilib, böyük maraqla qarşılanıb. Heydər Əliyev Fondunun, Azərbaycanın Almaniyadakı səfirliyinin və “Baku international” jurnalının təşkilatçılığı ilə Berlində keçirilən sərgi çox zəngindir. Burada Azərbaycanın müasir incəsənətinin faktiki olaraq bütün istiqamətləri öz əksini tapıb. Sərgidə 21 sənət adamının 94 işi nümayiş etdirilir.


Leyla Əliyeva bu gün bütün dünyanı sürətli inkişafı və çiçəklənməsi ilə heyran qoyan Azərbaycanın qədim və zəngin tarixə malik ölkə olduğunu bildirdi. Azərbaycanlıların bütün müsəlman Şərqində ilk demokratik respublika qurduqlarını, Şərqdə ilk baleti, operanı yaratdıqlarını və bu cür bir sıra böyük nailiyyətlərə imza atdıqlarını söylədi. Qonaqlara Azərbaycanı tanımaq üçün Heydər Əliyev Fondunun, “Baku” jurnalının mühüm işlər gördüyünü bildirdi.


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dedi: “Azərbaycan elə bir ölkədir ki, burada müxtəlif mədəniyyətlər, millətlər və dinlər sülh şəraitində vahid bir ailə kimi yaşayırlar. Biz bu faktdan çox qürur duyuruq. Şübhəsiz ki, incəsənət Azərbaycan həyatının və mədəniyyətinin əhəmiyyətli bir hissəsidir. Sizin hər birinizi Azərbaycana dəvət edirəm. Gəlin ölkəmizi özünüz üçün kəşf edin”.


Sonra sərginin kuratoru Erve Mikaeloff, Vaymar Musiqi Universitetinin prezidenti Kristof Ştözl dünyanın müxtəlif ölkələrində keçirilmiş “Bakıya uçuş” sərgisinin Berlində də təşkil olunmasının Azərbaycanı dünyaya müasir, inkişaf edən və zəngin mədəni irsə malik ölkə kimi tanıtdığını bildirdilər.


Almaniyanın Şimali Afrika və Yaxın Şərq Dövlət Mərkəzinin direktoru Udo Ştaynbax dedi:


- Sərgi Almaniya ilə Azərbaycanın mədəniyyət sahəsindəki əlaqələrinin inkişafı ilə yanaşı, Azərbaycanı müasir incəsənətin inkişaf etdiyi Avropa ölkəsi kimi bizlərə təqdim etdi. Çox bəyəndim.


Mərasimə gələn daha bir qonaq – xanım Müjgan Əhrari vurğuladı:


- Sərgi sübut etdi ki, Azərbaycan rəssamları universal dəyərlərə malikdirlər. Onların mənəvi mühitləri çox zəngindir və dünyəvi dəyərləri bölüşürlər.


Sərgidən aldığı təəssüratı diqqətə çatdıran xanım Mişel Viktor Adamski dedi:


- Azərbaycanın zəngin musiqisi, poeziyası olduğunu bilirdim. İndi isə Azərbaycanı müasir incəsənət ölkəsi kimi də kəşf etdim.


Noyabrın 17-dək davam edəcək sərgi dünyanın digər şəhərlərində olduğu kimi, Almaniya paytaxtında da Azərbaycanı layiqincə tanıdacaq və ölkəmizə marağı artıracaqdır.


FOTO