DSCN0088.JPG
26 oktyabr 2012

“Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Şampan-Ardenn regionunun Şalon-an-Şampan şəhərində tədbir keçirilib

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə ölkəmizi fransızlara yaxından tanıtmaqla bağlı “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində oktyabrın 26-da Şampan-Ardenn regionunun Şalon-an-Şampan şəhərində növbəti tədbir keçirilib.


Tədbir Azərbaycanın mədəniyyəti ilə bağlı sərginin açılışı ilə başlamışdır. Sərgini açan şəhər bələdiyyə idarəsinin rəhbəri Bruno Burq-Brok Şərq ilə Qərb arasında, Xəzər dənizi sahilində yerləşən Azərbaycanın 2001-ci ildən etibarən Avropa Şurasının tam və bərabər hüquqlu üzvü olduğunu diqqətə çatdırmışdır. Sərgidə nümayiş etdirilən xalçaların, musiqi alətləri bu ölkənin qədim tarixə malik mədəniyyətindən xəbər verdiyini vurğulayan mer ölkəmizin təkcə nefti və qazı ilə yox, həm də zəngin mədəni irsi ilə Qafqazın incisi olduğunu bildirmişdir. Bruno Burq-Brok Azərbaycanın tarixi və klassik musiqisi kimi muğamın 2003-cü ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini bildirmiş, belə tədbirlərin xalqların bir-birinə yaxından tanınmasında, ölkələr arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulamışdır.


Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” devizi altında reallaşdırılan layihə ilə bağlı ilk tədbirin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti və UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı ilə Reimsdə keçirildiyini xatırlatmışdır. Azərbaycan ilə Fransa arasında əlaqələrin inkişafından bəhs edən səfir ölkəmizin Prezidenti İlham Əliyevin Fransa Prezidenti Fransua Ollandın dəvəti ilə cari il sentyabrın 18-19-da Parisə səfər etdiyini, hər iki dövlət başçısının Luvr muzeyində İslam incəsənəti departamentinin açılışında iştirak etdiyini, prezidentlərin Yelisey sarayında görüşdüyünü xatırlatmış, sentyabrın 19-da Parisdə səfirliyimizin mədəniyyət mərkəzinin açılışının Azərbaycan ilə Fransa arasında ikitərəfli əməkdaşlığın inkişafında xüsusi əhəmiyyət daşıyacağını diqqətə çatdırmışdır.


Azərbaycanın Fransa ilə bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığının inkişaf etdiyini vurğulayan E.Əmirbəyov Parisdə ölkəmizlə bağlı mütəmadi mədəni tədbirlərin keçirildiyini, sərgilər, festivallar və konsertlər təşkil edildiyini, Fransanın bəzi universitetlərində Azərbaycan dilinin tədris olunduğunu bildirmişdir.


Səfir qeyd etmişdir ki, Azərbaycan təkcə yeraltı sərvətləri ilə deyil, həm də bu yeraltı sərvətlərdən daha zəngin tarixi mədəni irslərə malikdir. Bu gün azərbaycanlı musiqiçilərin ifasında fransız tamaşaçılarına təqdim olunacaq muğam UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi və mədəni irsinin şedevri kimi siyahıya alınmışdır.


Elçin Əmirbəyov şəhər meriyasının xatirə kitabına ürək sözlərini yazmışdır.


Sərginin qonaqları Azərbaycanın tarixi dulusçuluq və misgərlik əşyaları, qədim kişi və qadın geyimləri və xalçaçılıq nümunələrinə böyük maraq göstərmişlər.


Sonda əsası Xll əsrdə qoyulan möhtəşəm Notr-Dam-an-Vo kilsəsində muğam instrumental ansamblı konsert proqramı ilə çıxış etmişdir. Tamaşaçılar azərbaycanlı müğənnilərin və musiqiçilərin çıxışlarını hərarətlə qarşılamışlar.


FOTO