002.JPG
3 dekabr 2012

Bakıda VI Beynəlxalq Rostropoviç Musiqi Festivalı başlayıb

Dekabrın 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə VI Beynəlxalq Mstislav Rostropoviç Festivalı başlayıb.


Tədbirdə hökumət və dövlət nümayəndələri, tanınmış ziyalılar və incəsənət xadimləri iştirak ediblər.


Festivalın bədii rəhbəri Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviçdir.


Festivalın açılış mərasimindən əvvəl jurnalistlərə müsahibə verən Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fərəh Əliyeva demişdir ki, festivalın əsas məqsədi M.Rostropoviçin vətənində dünyanın tanınmış incəsənət ustalarının çıxışlarını təşkil etməkdir. Mstislav Rostropoviç festivalı Bakıda 2007-ci ildən ən yaxşı teatr və konsert zallarında keçirilir və ənənəvi olaraq dünyanın müxtəlif ölkələrindən görkəmli ifaçıları öz ətrafında toplayır. Festivalın əsas konsepsiyası hər bir ifanın yüksək keyfiyyətidir.


Bakı festivalının daha bir ənənəsi dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin davamçıları olan istedadlı gənclərin üzə çıxarılmasıdır.


Bildirilmişdir ki, bu il dünya şöhrətli sənətkarın anadan olmasının 85, onun paytaxtımızdakı ev-muzeyinin yaradılmasının isə 15 ili tamam olur. Bu münasibətlə festivalın proqramı bir qədər də zənginləşmişdir.


Festivalda Rusiya, İtaliya, Böyük Britaniya və Azərbaycandan dünya şöhrətli musiqiçilər və kollektivlər - Zubin Meta, Enriko Dindo, Maksim Vengerov, Plamena Mangova, Sergey Krılov, Badri Maysuradze, Canluka Marçiano, Stüart Nil, Rauf Abdullayev, Fuad İbrahimov, Elvin Hoca Qəniyev, Maggio Musicale Fiorentino simfonik orkestri, ingilis və Litva kamera orkestrləri, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri iştirak edirlər.


Festivalın ilk günündə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında yerli və xarici bəstəkarların əsərləri dinlənilmişdir. Orkestrin bədii rəhbər və baş dirijor, Azərbaycanın Xalq Artisti Rauf Abdullayev, solist isə violin ifaçısı Elvin Qəniyevdir.


FOTO