011.JPG
9 dekabr 2012

Mstislav Rostropoviç Festivalı başa çatıb

Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən VI Beynəlxalq Mstislav Rostropoviç Festivalı başa çatıb.


Bu münasibətlə dekabrın 9-da Heydər Əliyev Sarayında festivalın təntənəli bağlanış mərasimi keçirilib.


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev belə möhtəşəm festivalın təntənəli bağlanış mərasiminin Azərbaycan mədəniyyəti tarixində növbəti əlamətdar günlərdən biri olduğunu deyib. O, Heydər Əliyevin adını daşıyan Sarayda onun dostu, böyük musiqiçiyə həsr edilmiş festivalın yekun gününün keçirilməsinin sevindirici hal olduğunu söyləyib.


Ə.Qarayev festival müddətində Azərbaycana dünya şöhrətli musiqiçilər və musiqi kollektivlərinin toplaşdıqlarını qeyd edib. Builki festivalın böyük sənətkarın 85 yaşının tamam olması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayan nazir festivalın keçirilməsinə göstərilən böyük dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və festivalın bədii rəhbəri, Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviçə təşəkkürünü bildirib.


Festivalın bədii rəhbəri, Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç də indiyədək keçirilən festivallarda göstərilən dəstəyə görə Heydər Əliyev Fondunun prezidentinə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə, həmçinin festival iştirakçılarına təşəkkürünü bildirib.


Tədbir İtaliyanın məşhur orkestrlərindən olan Maggio Musicale Fiorentino Simfonik Orkestrinin konserti ilə davam edib.


Dünya şöhrətli dirijor Zubin Metanın rəhbərliyi ilə orkestrin ifasında səslənən simfonik əsərlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.


FOTO