22 dekabr 2012

Müasir İncəsənət Muzeyində rəssam Məlik Ağamalovun sərgisi açılıb

Heydər Əliyev Fondunun, Müasir İncəsənət Muzeyinin, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Müasir İncəsənət Muzeyində istedadlı rəssam Məlik Ağamalovun son dövrlərdə çəkdiyi rəsm əsərlərindən ibarət fərdi sərgisi təşkil olunub.


Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Məlik Ağamalovun Azərbaycanın rəssamlıq sənətində özünəməxsus yeri olduğunu, sənətkarın əsərlərində fərdi dünyagörüşü modelini yaratdığını vurğuladı.


Məlik Ağamalov Azərbaycanın müasir sənətinin “intellektual qanadı”nın əsas simalarından hesab olunur.


Bədii üsullardan geniş şəkildə istifadə edən konseptualist rəssamın əsərləri ölkəmizlə yanaşı, Fransa, Almaniya, Böyük Britaniya, Rusiya və Birləşmiş Ərəb Əmirliklərində nümayiş etdirilib.


Rəssam Məlik Ağamalovun fərdi sərgisi 2013-cü il yanvarın 13-dək ziyarətçilər üçün açıq olacaq.