02_fransa-azerbaycan-madani-dayarlar.jpg
9 fevral 2013

Fransada keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində Strasburqda sərgi və konsert təşkil olunub

Fevralın 9-da Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Strasburqda sərgi və konsert təşkil olunub.


Azərbaycan mədəniyyət günləri “Tussimo” sərgi salonunda ölkəmizlə bağlı guşənin rəsmi açılışı ilə başlayıb.


Tədbiri açan şəhərin meri, senator Rolan Ris Azərbaycanın mədəni zənginliklərinin nümayiş etdirildiyi bu sərgidə olmaqdan məmnunluq duyduğunu bildirib. Mer iştirakçıların ölkəmizin mədəni irsi ilə yaxından tanışlığının Azərbaycan barədə müəyyən təsəvvür əldə etmələrində mühüm rol oynayacağını diqqətə çatdırıb. R.Ris guşə ilə tanışlıq zamanı xalçalarımıza xüsusi maraq göstərdiyini qeyd edib.


Bir qrup senatorla Azərbaycana səfərini xatırladan mer ölkəmizlə tanışlığın, xüsusilə UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilən İçərişəhərin onda xoş təəssürat oyatdığını vurğulayıb: “Azərbaycanın mədəni dəyərləri bu ölkənin tarixiliyindən və zənginliyindən xəbər verir”. R.Ris Bakı ilə Strasburq, Azərbaycan ilə Alzas regionu arasında əlaqələrin daha da inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğunu söyləyib, ölkəmizin Avropa Şurasında yaxşı əlaqələr qurduğunu, xalqların biri-birini yaxından tanıması istiqamətində yaxşı ideyaların tapılmasının mümkünlüyünü bildirib. 


Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov ölkəmizin turizm imkanlarını əks etdirən sərginin ilk dəfə Strasburqda açıldığını xatırladıb, bu tədbirin təşkilinə imkan yaratdıqlarına görə şəhər merinə və digər rəsmi şəxslərə minnətdarlığını bildirib. O, ölkəmizdə turizmin inkişaf etdiyini vurğulayaraq sərginin strasburqluların Azərbaycan barədə ətraflı məlumat əldə etmələrinə imkan yaradacağına ümidvar olduğunu deyib.


Səfir qədim tarixi olan gənc müstəqil Azərbaycanda müxtəlif dinlərə, mədəniyyətlərə malik etnik qrupların yaşadığını, ölkəmizin Xəzər dənizi ilə Qafqaz sıra dağları, Şərq ilə Qərb arasında yerləşdiyini qeyd edib. Diplomat Azərbaycanı, onun zəngin mədəni abidələrini fransızlara yaxından tanıtmaq məqsədilə sərgi və konsertin ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təşkil olunduğunu diqqətə çatdırıb.


Qeyd olunub ki, Azərbaycan Alzas regionu ilə yalnız mədəni sahədə deyil, iqtisadi sahədə də əlaqələrin inkişafında maraqlıdır. Keçən il ölkəmizlə Fransa arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyi təntənəli şəkildə qeyd edilib. Azərbaycan dünyəvi, həm də tolerant ölkədir. Azərbaycanda onlarla etnik qrup dostluq və mehribanlıq şəraitində yaşayır. Ölkəmizdə “Şərab yolları” turizm marşrutu mövcuddur. Xizək həvəskarları üçün hər cür şəraiti olan kompleks yaradılıb. Azərbaycan memarlıq baxımından diqqəti cəlb edən tarixi abidələrə, zəngin mətbəxə, gözəl təbiətə malik ölkədir.


Alzas region şurası prezidentinin birinci müavini Andre Reşard çıxışında Miluz şəhərində, indi isə Strasburqda təşkil edilən sərginin alzaslıların Azərbaycan ilə tanış olmalarında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Ölkəmizin sürətlə inkişaf etdiyini deyən natiq Azərbaycanın Avropa Şurasında xüsusi çəkisi olduğunu vurğulayıb. Azərbaycan keramika məhsulları, xalçaları, mədəni irsi, tarixi ənənələri ilə yanaşı, həm də yeraltı sərvətləri ilə zəngin ölkədir. Güclü iqtisadi potensiala malik ölkə enerji ehtiyatları ilə zəngindir, neft və qaz sənayesi sürətlə inkişaf edib. A.Reşard iqtisadi forum keçirməklə Azərbaycan ilə tərəfdaşlığı inkişaf etdirməkdə maraqlı olduqlarını bildirib.


Şəhərin meri və digər rəsmi qonaqlar Azərbaycan guşəsində nümayiş etdirilən saxsı qablar, misgərlik nümunələri, xalçalarla, xurcunlarla, qədim kişi və qadın geyimləri ilə tanış olublar.


Fransanın keçmiş xarici ticarət naziri Luis Fransua bildirib ki, Azərbaycanın bizim regionda tanınması istiqamətində atdığı addım alzaslıların böyük marağına səbəb olub: “Şəxsən mən Azərbaycanı yaxşı tanıyıram. Nazir vəzifəsində çalışarkən ölkənizə səfərim çərçivəsində Bakının tarixi və görməli yerləri ilə tanışlıq, xüsusilə Qız qalası və İçərişəhər məndə unudulmaz təəssürat yaradıb. Xalçalar və miniatür əsərlər daha çox xoşuma gəldi. Ötən il “Baku Crystal Hall”da keçirilən “Eurovision-2012” beynəlxlaq mahnı müsabiqəsi Azərbaycanı bütün dünyada, o cümlədən Fransada yaxşı tanıdıb. Strasburqda Azərbaycan muğamını tanıyır və sevirlər. İqtisadi sahədə də əməkdaşlığa böyük imkanlar var. Ölkənizin zəngin mətbəxini tanıtmaq üçün istər Parisdə, istərsə də Strasburqda Azərbaycan restoranının olmaması təəssüf doğurur”.


Strasburq turizm idarəsinin sədri Jan-Jak Gsel isə fikirlərini bölüşərkən sərginin çox maraqlı olduğunu bildirib: “Əminəm ki, sərgiyə gələn 30 mindən artıq adam ölkənizlə yaxından tanış olmaq imkanı əldə edəcək. Etiraf edim ki, Azərbaycanı bir o qədər də tanımıram. Yalnız onu deyə bilərəm ki, keçmiş Sovet İttifaqının respublikalarından biri olan Azərbaycan Xəzər dənizinin sahilində yerləşir, Rusiya, Gürcüstan, Türkiyə və İran kimi ölkələrlə həmsərhəddədir. Mənə ecazkar təbiəti olan ölkəniz, səmimi və mehriban azərbaycanlıların qonaqpərvərliyi haqqında çox danışıblar. Ümid edirəm ki, yaxın vaxtlarda ölkənizə səfər edəcəyəm. Bunun başlıca səbəbi mənim xizək həvəskarı olmağımdan irəli gəlir. Eşitmişəm ki, Azərbaycanda yeni xizək kompleksi istifadəyə verilib”.


Həmin gün Strasburqun məşhur “Musiqi sarayı”nda Azərbaycanın Xalq Artisti Teymur Göyçəyevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti də olub.


Konsertdən əvvəl çıxış edən şəhərin meri R.Ris həm sərgi, həm də incəsənət ustalarının konserti ilə Azərbaycanın Alzas regionunda yaxşı tanınacağına ümidvar olduğunu bildirib. Azərbaycana səfəri zamanı ölkəmizin mədəni irsi, mədəniyyəti, eyni zamanda, sürətlə inkişaf edən iqtisadiyyata malik müstəqil ölkə kəşf etdiyini bildirən mer ölkəmizi daha yaxşı tanımaq üçün əhali ilə əlaqədə olmağın vacibliyini qeyd edib.


Səfir Elçin Əmirbəyov Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Qafqazı mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi əsasında Fransanın bir neçə şəhərində sərgi və konsertlərin təşkil edildiyini xatırladıb. Diplomat qədim və zəngin mədəniyyətə malik ölkəmizin İpək yolu üzərində yerləşdiyini, onun Fransanın Şərqində o qədər də tanınmadığını, ona görə də Alzasda belə tədbirin keçirildiyini diqqətə çatdırıb. Səfir xalqımızın ənənəvi musiqisi olan muğamın 2003-cü ildə UNESCO-nun şifahi və qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini bildirib.


FOTO