07_paris-azarbaycan-incasanat-mugam.jpg
11 fevral 2013

Parisdə Azərbaycan muğamı səsləndirilib

Fevaralın 11-də Parisdəki Azərbaycan mədəniyyəti mərkəzində Heydər Əliyev Fondunun, ölkəmizin Fransadakı səfirliyinin və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə incəsənətimizin incisi olan muğam musiqisi konserti olub.


Fransa paytaxtı ictimaiyyətinin nümayəndələrinin, akkreditə olunmuş diplomatik korpusun əməkdaşlarının, diasporumuzun təmsilçilərinin və muğam həvəskarlarının iştirak etdiyi konserti açan səfir Elçin Əmirbəyov ötən ilin sentyabrından fəaliyyətə başlayan mərkəzdə ilk dəfə xalqımızın ənənəvi muğam konsertinin səsləndiyini, konsertin martda Bakıda keçiriləcək Üçüncü Beynəlxlaq Muğam Festivalı çərçivəsində təşkil olunduğunu, festivalın Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Muğam Mərkəzi tərəfindən təşkil edildiyini bildirib.


Azərbaycan xanəndələrinin xüsusi sənətkarlıqla əsrlər boyu ifa etdikləri muğamın UNESCO-nun şifahi və qeyri-maddi mədəni irsi kimi bəşəriyyətin şedevrləri siyahısına daxil edildiyini diqqətə çəkən diplomat muğam sənətini yaşatmaq və inkişaf etdirmək məqsədilə 2005-ci ildə ölkə Prezidentinin dekreti əsasında Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başladığını və 2009-cu ildən Bakıda Beynəlxlaq Muğam Festivalının keçirildiyini, bu il üçüncü dəfə belə festivalın təşkil olunacağını diqqətə çatdırıb.


Səfir muğamın əsasən ölkəmizin müxtəlif bölgələrində, xüsusilə Bakı, Gəncə, Naxçıvan şəhərlərində daha çox ifa edildiyini, Azərbaycanın əzəl ərazisi Qarabağın bir növ muğamın tarixi vətəni olduğunu, regionun paytaxtı Şuşada bütün Azərbaycanda məşhur olan muğam məktəbinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.


Gənc xanəndələr Nigar Şabanova və Elnur Zeynalov muğam və təsniflər səsləndiriblər. Onları tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, nağarada Kamran Kərimov, kanonda Çinarə Mütəllibova və balabanda Coşqun Sadıqov müşayiət ediblər.


İncəsənət ustalarının çıxışı fransız musiqisevərləri tərəfindən alqışlarla qarşılanıb.


Tamaşaçı Fransuaz Daqona konsertdən aldığı təəssürüt barədə deyib: “Mən muğam musiqisi ilə uzun müddətdir ki, tanışam. Fransanın Azərbaycandakı səfiri Ginyüt tərəfindən Azərbaycan incəsənət ustalarının konserti mütəmadi təşkil edilirdi. Mən demək olar ki, həmin konsertlərin birini də buraxmırdım. Elə o dövrdən Azərbaycan incəsənətinin tarixən necə zəngin və rəngarəng olduğunu öyrəndim və muğam musiqisini sevdim. Əvvəllər muğamı müşayiət edən musiqi alətlərini tanımırdım. İndi onlaırn adlarını bir-bir sadalaya bilərəm. Mən hər il onlarla azərbaycanlı uşağı Fransaya gətirir və onları ölkəmizlə tanış edirəm. Həmin uşaqlar arasında balaca bir oğlan muğamı məharətlə ifa edirdi. Amma təəssüflər olsun ki, onun səsi tez bir vaxtda tutuldu.


Bu gecə fransızlar qarşısında muğamı ifa edən xanədələrin çıxışına isə söz ola bilməz”.


FOTO