18.jpg
20 fevral 2013

Fransanın Alzas regionunun Kolmar şəhərində “Azərbaycan günləri” ilə bağlı növbəti tədbir keçirilib

Azərbaycanı Fransada tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində bu ölkədə keçirilən “Azərbaycan günləri” ilə bağlı növbəti tədbir Alzas regionunun Kolmar şəhərində baş tutub.


Tədbir ölkəmizin tarixini və mədəni dəyərlərini əks etdirən sərginin açılışı ilə başlayıb. Şəhər merinin müavini Marianna Şelkova Azərbaycanın yalnız yeraltı təbii sərvətləri ilə deyil, eyni zamanda zəngin tarixi və mədəni irsi ilə də Qafqazın mirvarisi olduğunu diqqətə çatdırıb.


SSRİ-nin süqutundan sonra Azərbaycanın çətin bir dövr yaşamasına baxmayaraq, ölkədə aparılan islahatlar sayəsində qısa bir vaxtda iqtisadiyyatının sürətli inkişaf yoluna çıxdığını xatırladan merin müavini Şərqlə Qərb arsında körpü rolunu oynayan Azərbaycanın qədim “İpək yolu” üzərində yerləşməsi sayəsində mühüm strateji əhəmiyyət daşıdığını vurğulayıb. 


Mədəniyyəti yaşayış incəsənəti kimi dəyərləndirən M.Şelkova xalqların bir-birinə yaxınlaşmasında, dostluq əlaqələrinin yaranmasında mədəniyyətin misilsiz rol oynadığını qeyd edib.


Şəhərin rəsmilərini, qonaqları və sərgi iştirakçılarını salamlayan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini Fransanın region və əyalətlərində daha yaxından tanıtmaq məqsədilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsinin Heydər Əliyev Fondu tərəfindən təşkil edildiyini və bu layihənin 2012-ci ilin sonlarından başlayaraq həyata keçirildiyini xatırladıb. O, layihəyə əsasən, “Azərbaycan günləri”nin Kolmardan bir qədər əvvəl Alzas regionunun daha iki şəhərində- Miluz və Strasburqda da keçirildiyini bildirib.


Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkanda yerləşdiyinə diqqət çəkən səfir ölkəmizin paytaxtı Bakı şəhərinin dünyada neft mərkəzi kimi tanınmasına baxmayaraq, ölkəmizin milli və tarixi mədəni dəyərlərinin də yeraltı sərvətləri kimi zəngin olduğunu deyib, sərgidə nümayiş olunan eksponatların kolmarlılarda Azərbaycanı kəşf etmək istiqamətində xüsusi əhəmiyyət daşıyacağına əmin olduğunu söyləyib.


Alzas regional şurası prezidentinin birinci müavini senator Andre Reşard çıxışında bir qrup senator həmkarları ilə Azərbaycana etdiyi səfəri və bu səfərdən aldığı yüksək təəssüratı xatırladıb, 20 ildən bir qədər artıq vaxtda müstəqillik əldə edən ölkəmizin gənc olmasına baxmayaraq nəinki neft sərvəti, habelə zəngin mədəni dəyərləri ilə artıq dünayda tanındığını, ölkəmizdə turizmin inkişafının fransızların Azərbaycanla  yaxından tanış olmalarına imkan yaratdığını bildirib, xalqların bir-birini yaxından tanımaq istiqamətində səy göstərilməsinin vacibliyini vurğulayıb.


Bakı, Şəki, Gəncə və Qəbələdə adət və ənənələr arasında müxtəliflik olduğu kimi, Alzas bölgəsinin də Fransanın digər bölgələrindən fərqləndirən özünəməxsus xüsusiyyətlərindən danışan senator xalqlar arasında bəşəri ideyalara xidmət edən əlaqələrin, xüsusilə Azərbaycan ilə Fransa arasında dostluq telləri ilə yanaşı iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində ölkəsinin maraqlı olduğunu diqqətə çatdırıb.


Fransada işsizlik probleminə toxunan senator xarici, o cümlədən Azərbaycan investorlarının ölkəsinə, habelə Alzas bölgəsinə sərmayə yatırmaları üçün münbit şəraitin olduğunu və bunun tərəfdaşlığın, ölkələr arasında əlaqələrin, xüsusilə xalqlar arasında mədəni münasibətlərin inkişafında mühüm rol oynayacağını qeyd edib.


A.Reşard yerli mətbuat nümayəndələrini Azərbaycan ilə bağlı tədbiri geniş işıqlandırmağa çağırıb.


Fevralın 24-dək davam edəcək sərgidə xalqımızın tarixi, mədəni dəyərlərini əks etdirən eksponatlar nümayiş olunur.


Daha sonra şəhərin bələdiyyə teatrında təşkil olunan Azərbaycanın caz musiqisindən ibarət konserti açan şəhərin meri Jilber Meyer Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərlərinin kolmarlılarda xoş təəssürat yaradacağına ümidvar olduğunu bildirib, ölkəmizin tarixi, mədəni dəyərlərinin zənginliyini diqqətə çəkib, sərgidə nümayiş etdirilən eksponatların – qadın geyimlərinin, xalça və xurcunların, musiqi alətlərinin Azərbaycanın qədim tarixə malik ölkə kimi xarakterizə etdiyini vurğulayıb.


SSRİ-nin süqutundan sonra müstəqillik qazanan gənc ölkəmizin modernləşdiyini vurğulayan mer qısa bir dövrdə Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini bir çox ölkələr üçün əsl nümunə olduğunu, muğam musiqisinin UNESCO tərəfindən qeyri-maddi mədəni irs kimi şedevr əsərlər siyahısına daxil olunduğunu bildirib.


Keçən ilin oktyabrında Fransa ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyi münasibətilə Parisdə möhtəşəm tədbir keçirildiyini xatırladan mer Fransanın Azərbaycanın müstəqilliyin tanıyan ikinci ölkə olduğunu, bir neçə fransız şirkətinin ölkəmizdə fəaliyyət göstərdiyini vurğulayıb, bu axşam iki xalqı birləşdirən hadisənin Fransa ilə Azərbaycan arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə ümid etdiyini bildirmişdir.


Səfir Elçin Əmirbəyov konsertin kolmarlıların cismani olaraq ölkəmizin zəngin musiqi dünyasına səyahət etməsinə imkan verəcəyinə əminliyini ifadə edib, Fransanın ölkəmiz üçün mühüm tərəfdaş olduğunu bildirib. Caz musiqisinin Azərbaycanın zəngin mədəni ənənələrindən xəbər verdiyini xatırladan E.Əmirbəyov caz-muğamın tanınmış azərbaycanlı cazmenler Vaqif Mustafazadənin və Rafiq Babayevin adları ilə bağlı olduğunu, klassik cazla ənənəvi muğam misiqisinin improvizə edildiyini diqqətə çəkib, beynəlxlaq caz musiqi festivallarında müvəffəqiyyətlə çıxış edən gənc azərbaycanlıların Bakı Caz Məktəbinin yetirmələri olduğunu və hazırda ölkəmizdə bu musiqinin inkişaf etdiyini vurğulayıb.


Konsertdə gənc incəsənət ustalarının ifasında xalq mahnıları ilə bərabər Avropa caz ustalarının əsərləri də ifa edilib. 


FOTO