17_FOND-QIZ QALASI-FESTIVAL-BAGLANISH.jpg
19 may 2012

“Qız qalası” Üçüncü Beynəlxalq incəsənət festivalının başa çatmasına həsr edilmiş mərasim keçirilib

Mayın 19-da İçərişəhərdəki Kiçik Karvansarada “Qız qalası” Üçüncü Beynəlxalq incəsənət festivalının başa çatmasına həsr edilmiş mərasim keçirilib. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.


Mədəniyyətlərarası dialoqa xüsusi töhfə verən “Qız qalası” Beynəlxalq incəsənət festivalı 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və “Qız qalası” Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilir. Festival Azərbaycanın ən qədim və dünya əhəmiyyətli abidələrindən olan Qız qalasının təbliğini qarşısına məqsəd qoyub.


Builki incəsənət festivalında 24 ölkədən 30-dan çox tanınmış rəssam iştirak edib. Onlar qalanın kiçik maketlərini öz milli üslublarında naxışlarla bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradıblar. Əvvəlki festivallardan fərqli olaraq nəsli kəsilməkdə olan “Qafqaz beşliyi”nə diqqəti cəlb etmək məqsədilə bu il ilk dəfə olaraq İDEA Beynəlxalq Ətraf Mühit Kampaniyası çərçivəsində ceyran maketləri hazırlanıb və ötən illərdəki müsabiqələrdə iştirak etmiş və artıq festivalın dostları hesab olunan rəssamlar tərəfindən bəzədilib. Bu işlər sırasında yer alan Mehriban xanım Əliyevanın və Leyla Əliyevanın əsərləri iştirakçılar tərəfindən yüksək qiymətləndirildi. 


Festivalda sərgilənən işlərlə yaxından tanış olan Mehriban xanım Əliyevaya müəlliflər öz əsərlərinin ideya məzmunu haqqında ətraflı məlumat verdilər. 


Leyla Əliyeva tədbirdə çıxış etdi.


Tədbirdə “Qız qalası” Üçüncü Beynəlxalq incəsənət festivalına həsr edilmiş videomaterial nümayiş etdirildi. Builki festivalın digər fərqləndirici cəhəti isə Qız qalası üzərində video-mappinq texnologiyasının təqdim edilməsi oldu. 


Festivalın bağlanış mərasimində Qız qalasının üzərinə ötən festivallarda yaradılmış və abidənin arxitekturasına uyğun olan Qız qalası maketlərinin proyeksiyası salınaraq rəngarəng görüntülər yaradıldı. 



FOTO