12_fransa--shabli—azerbaycan-gunlari.jpg
2 mart 2013

Fransanın Şabli şəhərində Azərbaycan günləri ilə bağlı sərgi və konsert keçirilib

Martın 2-də Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Fransanın Burqon regionunun Şabli şəhərində sərgi və konsert təşkil olunub.


Sərgini açan şəhərin meri Patrik Jendro əlaqələrin qurulmasında mədəniyyətin xüsusi rolunu qeyd edib.


Ölkələr arasında yaxınlaşmanın ən mühüm təzahürlərindən biri kimi iqtisadi sahədə əməkdaşlığın əhəmiyyətini diqqətə çatdıran Patrik Jendro üzümçülük, şərabçılıq və maldarlıq sahələrinin inkişaf etdiyi regionun bu sahələrdə Azərbaycanla iqtisadi əlaqələr qurulmasında maraqlı olduğunu bildirib.


Mer bildirib ki, Fransanın Okser, Vezele və Şabli şəhərləri ilə Azərbaycanın Şəmkir, Bakı və Göygöl şəhərləri arasında qarşılıqlı əlaqələrin yaradılması istiqamətində danışıqlar gedir.


Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov sərgi və konsertin ölkəmizi fransızlara yaxından tanıtmaq məqsədi ilə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsinin əsas tərkib hissəsi olduğunu, bu tədbirlərin 2012-ci ilin sonlarından etibarən Fransanın bir çox şəhərlərində keçirildiyini diqqətə çatdırıb.


Səfir Azərbaycanın Fransada çox tanınması üçün mədəni sərvətlərin müxtəlif nümunələrinin sərgisinin və konsertin təşkilinin qərara alındığını bildirib, ölkəmizin coğrafi mövqeyi haqqında məlumat verib.


Azərbaycanın yalnız neft və qazla deyil, yerüstü sərvətlərlə, o cümlədən mədəni dəyərlərlə zənginliyindən bəhs edən E.Əmirbəyov sərgidə nümayiş etdirilən eksponatların buna əyani misal olduğunu söyləyib.


Qonaqlar və şəhər sakinləri sərgidə nümayiş etdirilən eksponatlarla tanış olublar. Onlara ölkəmizin tarixi və mədəniyyəti, habelə turizm imkanlarından bəhs edən albom və broşürlər paylanılıb.


Daha sonra şəhərin Sən-Martən kilsəsində konsert olub. Konserti açan Şabli şəhərinin yerləşdiyi Yon departamentinin baş şurasının prezidenti Andre Vilye sərgi sayəsində şəhər ictimaiyyətinin ölkəmiz barədə müəyyən məlumatlar əldə etdiyini, nümayiş olunan eksponatların həqiqətən də Azərbaycanın fövqəladə mədəni irsi ilə diqqəti cəlb etdiyini bildirib. Azərbaycanın sürətli iqtisadi inkişafının başqa ölkələrlə iqtisadi əlaqələr qurulmasına hərtərəfli imkan verdiyini diqqətə çatdıran Andre Vilye Fransa ilə Azərbaycan arasında məsafə uzaqlığına baxmayaraq, iki xalqın yaxınlaşmasında belə mədəni tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.


Şablidə qonaqpərvərliklə qarşılandıqlarına görə şəhər rəsmilərinə və sakinlərinə təşəkkür edən səfir Elçin Əmirbəyov çıxışında konsert proqramının xalqımızın klassik musiqi ənənələri əsasında hazırlandığını, ölkəmizin tarixi və zəngin mədəni dəyərləri ilə fransızları yaxından tanış etmək məqsədi daşıdığını diqqətə çatdırıb, xalqların yaxınlaşmasında və dostluq əlaqələrinin yaranmasında bu tədbirlərin əhəmiyyətini qeyd edib. 1991-ci ildə ölkəmizin müstəqillik əldə etdiyini və demokratik inkişaf yoluna qədəm qoyduğunu xatırladan E.Əmirbəyov Azərbaycanla ticarət sahəsində əməkdaşlıqda Fransanın ikinci yerdə olduğunu, ölkəmizin Avropanın ən inkişaf edən ölkələrindən biri olan Fransa ilə istər iqtisadi, istər siyasi, istərsə də mədəni sahələrdə geniş əlaqələr qurmaqda maraqlı olduğunu bildirib.


FOTO