04_-lankaran-beynalxalq-mugam-festivali-madaniyyat.jpg
14 mart 2013

Azərbaycanın bölgələrində “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində tədbirlər keçirilir

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə martın 9-da Bakıda start götürən “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində ölkəmizin bir sıra bölgələrində konsertlər, tamaşalar, ustad dərsləri və digər tədbirlər keçirilir.


Tədbirlərdə Azərbaycanın bir sıra xanəndələri, musiqiçiləri, caz ifaçıları ilə yanaşı, xarici qonaqlar da iştirak edirlər.


Son bir neçə gün ərzində “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində Şamaxıda musiqi kollektivlərinin konserti, Lənkəranda Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının konsert ifası və “Ustaddan şagirdə” muğam məclisi, Gəncədə “Yeddi muğam dünyasına səyahət” adlı konsert, Şirvanda “Ustaddan şagirdə” muğam konserti, Qəbələdə festival tədbirlərinin açılış mərasimi, Ağdamda rayon musiqiçilərinin konserti və sair təşkil olunub.


“Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində paytaxtda da silsilə tədbirlər keçirilir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletinin tamaşası, Bakı Caz Mərkəzində gənc pianoçu Etibar Əsədlinin etno-caz layihəsi, Beynəlxalq Muğam Mərkəzində Çinin Sincan-Uyğur Muxtar Rayonunun “Özhalmukamı” milli orkestrinin “Gözəl qızlar” və İraqın “İraqi maqam” musiqi kollektivlərinin ifasında milli musiqilər, eləcə də Azərbaycan xanəndələrinin “Ustaddan şagirdə” muğam məclisi, Beynəlxalq Muğam Mərkəzində Tunis bəstəkarı, müğənni, ud ifaçısı və ictimai xadim Lotvi Buşnakın “Yaxın Şərqdən salamlar...” adlı konserti festival çərçivəsində təşkil olunmuş tədbirlərdəndir.