01_fransa-la-roshell-sheheri-azerbaycan-gunlari-.jpg
30 mart 2013

Fransanın La Roşell şəhərində “Azərbaycan günləri” ilə bağlı tədbir keçirilib

Azərbaycanı Fransada daha yaxından tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Atlantik okeanının sahilində yerləşən La Roşell şəhərində Azərbaycan günləri keçirilir.


Tədbir ölkəmizin tarixini və mədəni dəyərlərini əks etdirən sərginin açılışı ilə başlayıb. Şəhərin meri Maksim Bono bildirib ki, sərgidə nümayiş etdirilən Azərbaycanın mədəni dəyərləri ilə tanışlıq şəhər sakinlərinin az tanıdıqları bu ölkə barədə müəyyən məlumat əldə etməsində müstəsna əhəmiyyətə malikdir.


Puatu-Şarant regionunundan deputat seçilən Jan-Lük Draponun sərginin açılışında iştirak etdiyini xatırladan mer onun Milli Assambleyadakı Fransa-Azərbaycan dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyətinin tərkibində Azərbaycana səfər etdiyini, ölkəmizdən zəngin və xoş təəssürat aldığını, məhz onun sayəsində La Roşelldə sərgi və konsertin təşkil edildiyini diqqətə çatdırıb, ölkəmiz ilə Fransa arasında əməkdaşlıq imkanlarından bəhs edib, iki ölkə arasında əlaqələr yaradılmasının əhəmiyyətini vurğulayıb, təhsil və müxtəlif sektorlarda əməkdaşlığın vacibliyini bildirib.


Sərgidəki eksponatların mədəniyyət müxtəlifliyindən xəbər verdiyinə toxunan Maksim Bono bu gün La Roşelldə keçirilən Azərbaycan günlərinin Fransa ilə Azərbaycan arasında əməkdaşlığın və dostluğun təcəssümü kimi səciyyələndirib, xalqlar arasında dostluğun artıq real bir hadisəyə çevrildiyini qeyd edib.


Sərgi və konsertin Azərbaycan mədəniyyətini yaxından tanıtmaq məqsədi daşıdığını diqqətə çatdıran səfir Elçin Əmirbəyov isə Fransanın müxtəlif regionlarında və əyalətlərində ölkəmizin mədəniyyətinin təbliği ilə bağlı günlərin keçirilməsində xüsusi əməyi olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.


“Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” ilə bağlı sərgi və konsertin ötən ilin oktyabr ayından etibarən keçirilməyə başladığını xatırladan səfir bildirib ki, La Roşell Fransada Azərbaycan günlərinin keçirildiyi sayca onuncu şəhərdir. O, belə tədbirlərin iyuladək davam edəcəyini, Azərbaycan günlərinin keçirildiyi şəhərlərin sayının 19-a çatacağını bildirib.


Səfir Azərbaycanın Fransa ilə bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrini genişləndirdiyini, Fransanın paytaxtında mütəmadi olaraq Azərbaycan ilə bağlı mədəniyyət günləri, müxtəlif sərgilər, festivallar və konsertlərin təşkil olunduğunu söyləyib.


Azərbaycanın qədim xalçaları, palazları, xurcunları, miskərlik və dulusçuluq sənəti nümunələri, qədim kişi və qadın geyimləri və digər eksponatlar fransızlar arasında ölkəmizə qarşı maraq oyadıb. Sərgi iştirakçılarına Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, ayrı-ayrı şəhərləri ilə bağlı kitab və broşürlər paylanılıb.


Sərgidən sonra “Müğam” instrumental və respublikanın Xalq Artisti Afaq Məlikovanın rəhbərlik etdiyi Dövlət Rəqs ansambllarının iştirakı ilə konsert təşkil olunub.


FOTO