02_haf-fransa-van-shahari--azarbaycan-gunlari-sargi.jpg
2 may 2013

Fransanın Van şəhərində “Azərbaycan günləri” keçirilib

Mayın 2-də Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Fransanın Van şəhərində “Azərbaycan günləri” keçirilib.

 

Şəhərin San-Pol liseyində təşkil olunan sərginin açılışında çıxış edən mer David Robo müxtəlif icmaların yaşadığı Fransada təbii sərvətləri və mədəni dəyərləri ilə zəngin olan Azərbaycanın az tanınmasından təəssüfləndiyini bildirib, Vanın okeanın yaxınlığında, Azərbaycanın isə dəniz kənarında yerləşməsi arasında müəyyən oxşarlığın mövcudluğunu vurğulayıb, ölkəmizin Avropa Şurasının tam hüquqlu üzvü olduğunu və gələcəkdə Bakı ilə sıx əlaqələr yaradılacağına ümid etdiyini deyib.

 

Brötan regionunun Fransanın kənd təsərrüfatı sahəsindəki əsas rolundan, ərzaq məhsulları ilə təminatından bəhs edən D.Robo ölkələrimiz arasında müxtəlif istiqamətdə əməkdaşlığın, o cümlədən Azərbaycanın müxtəlif universitetləri ilə əlaqələrin qurulmasının vacibliyini vurğulayıb.

 

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov isə Vanın Fransada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Azərbaycan günləri”nin keçirildiyi on ikinci şəhər olduğunu xatırladıb. Səfir “Azərbaycan günləri” ilə bağlı sərgi və konsertin Brötan regionunun mirvarisi hesab edilən və Morbrian departamentinin əsas şəhəri Vanda keçirilməsindən məmnun olduğunu, bu il Fransanın daha 19 şəhərində belə tədbirlərin keçiriləcəyini bildirib, ölkəmizin Fransa ilə bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələri inkişaf etdirdiyini söyləyib. O, Parisdə ölkəmizə dair mütəmadi mədəniyyət günlərinin təşkil olunduğunu, Fransanın müxtəlif ali təhsil ocaqlarında Azərbaycan dilinin tədris edildiyini bildirib. Diplomat Qafqazda ən böyük fransız məktəbinin Bakıda tikilməkdə olduğunu xatırladıb.

 

Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayan səfir ölkəmizin Cənubi Qafqazın lider dövləti olduğunu bildirib, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın demokratik dəyərlərə əsaslanan sivil, dünyəvi dövlət quruculuğu yolunda inamla irəlilədiyini qeyd edib.

 

Konsertdə səslənəcək caz musiqisi ilə bağlı Azərbaycanın öz ənənələri olduğunu deyən E.Əmirbəyov İkinci Dünya Müharibəsindən sonra bu musiqinin ölkəmizdə inkişafından, cazmen Vaqif Mustafazadə tərəfindən cazla muğamın sintez edilərək caz-muğam yaranmasından, istedadlı azərbaycanlı gənclərin beynəlxalq caz festivallarındakı uğurlu çıxışlarından bəhs edib.

 

Şəhər sakinləri sərgidə nümayiş etdirilən keramika və misgərlik sənət nümunələrinə, xalça və kilimlərə, xurcunlara, qədim qadın və kişi geyimlərinə xüsusi maraq göstəriblər. Onlara Azərbaycan tarixindən, mədəniyyət və incəsənətindən bəhs edən bröşürlər və kitablar paylanılıb.

 

Van turizm idarəsinin direktoru Bruno Bodaro sərginin həm maraqlı, həm də yaddaqalan olduğunu söyləyib: “Azərbaycan Fransada o qədər tanınmasa da, sərgidəki eksponatlarla ölkənizin qədim tarixi və zəngin mədəniyyəti barədə müəyyən məlumat əldə edə bildik. Sərgidəki sakitlik bura gələnlərin eksponatlara böyük maraq göstərdiyinə dəlalət edir. Mən sərginin təşkilatçısı olan Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm”.

 

Sonda caz musiqisi səsləndirilib. Tamaşaçılar Salman Qəmbərov, İsgəndər Ələsgərov və Emil Həsənov üçlüyünün ifasını dinləyiblər.


FOTO