36_evian-heydar-aliyev-fondu.jpg
6 may 2013

Fransanın Evian şəhərində Azərbaycan günləri ilə bağlı tədbir keçirilib

Azərbaycanı Fransada tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində bu ölkədə keçirilən “Azərbaycan günləri” ilə bağlı növbəti tədbir Evian şəhərində təşkil olunub.


Evianın Festivallar sarayının Sütunlar zalında nümayiş etdirilən sərginin açılışında çıxış edən şəhər meri və eyni zamanda, Milli Assambleyanın deputatı Mark Francina və Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov xalqlarımızın biri-birini yaxından tanımasında, ölkələrimiz arasında əlaqələrin inkişaf etməsində mədəni tədbirlərin əhəmiyyətini vurğulayıblar.


Hər bir ölkənin tarixinin, mədəni dəyərlərinin xalq tərəfindən qorunub saxlandığını diqqətə çəkən Elçin Əmirbəyov Azərbaycanın neft və qazı kimi tarixinin və mədəni dəyərlərinin də zəngin olduğunu, xalqımıza məxsus bəzi tarixi abidələrin, eləcə də əsrlər boyu qorunub saxlanılan muğam musiqisinin UNESCO kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən Ümumdünya İrs siyahısına daxil edildiyini bildirib.


Səfir bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da caz musiqisinin geniş yayıldığını, istedadlı gənclərin beynəlxalq caz festivallarına ölkəmizi layiqincə təmsil etdiklərini və laureat adını qazandıqların qeyd edib.


E.Əmirbəyov Evianın Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Azərbaycan günlərinin Fransada keçirildiyi 13-cü şəhər olduğunu xatırladıb.


Sonda “Bakustik jazz” qrupunun konserti olub.


Konsertdə T.Hacıyevin, R.Hacıyevin, S.Rüstəmovun, V. Mustafayevin və S.Qəmbərovun əsərləri səsləndirilib.


Sərgi mayın 10-dək davam edəcək.


FOTO