009.jpg
10 mart 2012

Azərbaycan Milli İncəsənət Muzeyində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Fransa inciləri” mövzusunda sərgi açılıb

Martın 10-da Azərbaycan Milli İncəsənət Muzeyində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Fransa inciləri” mövzusunda sərgi açılmışdır.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, ölkəmizdə səfərdə olan Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran, ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri, ziyalılar, ölkəmizdə akkreditə olunan diplomatik korpusun rəhbərləri sərginin açılış mərasimində iştirak etmişlər.


Bakının mədəni həyatında çox önəmli hadisə olan bu sərgi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Mədəniyyət və Turizm Nazirliyinin, Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın dəstəyi ilə reallaşmışdır.


İki ay ərzində 400-dək nadir əsərin nümayiş olunacağı sərgi Azərbaycan Milli İncəsənət Muzeyi, Dövlət Muzeyləri Birliyi-Böyük Saray tərəfindən, Luvr, Orse muzeylərinin, Fransa Milli Kitabxanasının, Milli Mebel və Milli Qobelen, Bove və Savonri manufakturalarının, qəsrlər üzrə dövlət təsisatının, Versal sarayının və bir çox digər Fransa muzeylərinin iştirakı ilə təşkil olunmuşdur. Xatırladaq ki, ötən ilin aprelində Parisdə keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran Bakıda fransız incəsənəti sərgisini təşkil etməyi qərara almışdılar. Bakıdakı nümayişin əsas məqsədi Fransanın bütün dünyaya bəxş etdiyi gözəl sənət nümunələrini Azərbaycana gətirməkdir. Sərgidəki əsərlər fransız zövqü, fransız ideyaları və fransız kreativini əks etdirir.


Açılış mərasimində qeyd edildi ki, bu sərgi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində Azərbaycan ilə Fransa arasında gündən-günə intensivləşən mədəni əməkdaşlıqda yeni səhifədir.


Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva mərasimdə çıxış etdi.


Sonra Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran çıxış etdi.

 

Nazir Frederik Mitteranın çıxışı:


- Heydər Əliyev Fondunun prezidenti, hörmətli Mehriban xanım Əliyeva!


Mədəniyyət və turizm naziri hörmətli Əbülfəs Qarayev, Fransanın Azərbaycandakı səfiri hörmətli Qabriel Keller və Azərbaycanın Fransadakı səfiri hörmətli Elçin Əmirbəyov, Rəssamlıq Akademiyasının rektoru hörmətli Ömər Eldarov, Dövlət İncəsənət Muzeyinin direktoru hörmətli Çingiz Fərzəliyev, sərgi bələdçisi hörmətli Filipp Kostamania, hörmətli dostlar, Fransanın mədəniyyət ocaqları və institutlarının yüksək rütbəli nümayəndələri.


Azərbaycan Respublikasının birinci xanımı hörmətli Mehriban Əliyeva, Siz artıq burada çıxış etdiniz və əslində bu mühüm tədbir münasibətilə buraya toplaşmağımızın bütün məqsədlərini əhatəli şəkildə bizim üçün təsvir etdiniz. Bunu nəzərə alaraq belə qərara gəldim ki, əvvəlcədən hazırladığım nitqi daha burada söyləməyim. Heç də səbəb o deyildir ki, hazırladığım nitq maraqsız olardı. Lakin xüsusi olaraq qeyd etmək istəyirəm ki, Sizin rəhbərlik etdiyiniz heyət bizim çox ülvi tutduğumuz məqsədlərə xidmət edir, qəlbimizə yaxın olan dəyərləri özündə təcəssüm etdirir. Sizin rəhbərlik etdiyiniz heyət bu baxımdan bu işi çox yüksək səviyyədə yerinə yetirir. Təbii ki, Sizin heyət deyəndə həm Fondun işçilərini, həm mədəniyyət və turizm nazirini və o cümlədən bütün digər şəxsləri nəzərdə tuturam. Onlar bizim aramızda etimadın və dostluq tellərinin daha da gücləndirilməsi üçün çalışırlar.


Hörmətli birinci xanım, əslində Siz burada çox gözəl bir təsvir verdiniz. Bu təsvir məhz Fransanı Azərbaycan və Azərbaycanı Fransa ilə bağlayan çox əhatəli mədəniyyət əməkdaşlığına aiddir. Bu sözləri dedikdə təbii ki, ön plana aşağıdakılar gəlir. Əslində aparılan bu mədəni əməkdaşlıq çərçivəsində Azərbaycanın verdiyi töhfə olduqca vacibdir və bu baxımdan həmin sahədə çalışan hər bir şəxsə biz eyni dərəcədə xoş münasibət bəsləyirik.


Əslində Siz Azərbaycanın Fransada mədəni sahədə apardığı bir sıra işləri burada sadaladınız. Məsələn, onların sırasında Strasburqda yerləşən tarixi kilsənin vitraj şüşələrinin bərpası ilə əlaqədar aparılan işi xatırlatdınız. Ümumiyyətlə, məhz Sizin səyiniz, zəhmətiniz nəticəsində Fransada aparılan bir çox işləri burada vurğuladınız. Biz isə fransızlar olaraq, Fransa vətəndaşları olaraq bununla bağlı Sizə dərin təşəkkürümüzü bildiririk.


Biz bir neçə dəqiqədən sonra “Fransa inciləri” sərgisinə çıxarılan əsərlərlə tanış olacağıq. Lakin mən hətta bu sərgini nəinki “Fransa inciləri”, həmçinin “Azərbaycan inciləri” adlandırardım. Bu, məhz onunla bağlıdır ki, Azərbaycan tərəfi bu cür tədbirlərə xüsusi önəm verir. Əslində Sizin bu işə göstərdiyiniz böyük maraq çox əhəmiyyətlidir. Fransada, ümumiyyətlə, bu cür mədəni tədbirlər xüsusi nüfuza malikdir və bu baxımdan biz hesab edirik ki, əgər Azərbaycan tərəfi, azərbaycanlılar Fransa mədəniyyətinə bu cür maraq nümayiş etdirirlərsə bu, o deməkdir ki, Fransada Azərbaycanı tanıyanların da sayı çoxalır. Xüsusən də Sizin Fransada mövcud ictimai rəyə təsiriniz artır və kütləvi informasiya vasitələri ilə ölkənizi tanıtmağa imkanlarınız genişlənir.


Əslində, biz bu gün Fransanın mədəni irsinin müəyyən incilərini burada Azərbaycan ictimaiyyətinə nümayiş etdiririk. Lakin Sizin çoxsaylı nümayəndələrin bu sərginin açılışında iştirak etməsi və bundan sonra da ictimaiyyət nümayəndələrinin ekspozisiya ilə tanış olması Fransa tərəfindən çox yüksək dəyərləndiriləcək və Fransanın, Fransa cəmiyyətinin Azərbaycana marağını daha da artıracaqdır. Biz bu baxımdan məlumatlıyıq ki, Azərbaycanın da çox gözəl mədəni irsi vardır. Mən bu sözləri deyərkən Azərbaycanın muzeylərini, poeziyasını, incəsənətini, baletini nəzərdə tuturam. Mən burada xüsusi olaraq qeyd etmək istəyirəm ki, Sizin çox zəngin memarlıq irsiniz var və bütün bunlar artıq, öz çıxışınızda qeyd etdiyiniz kimi, silinməz izlər qoymuşdur və bu izlər əsrlər boyu formalaşmışdır.


Təbii ki, aramızdakı mədəni mübadilələr, mövcud münasibətlərin bu sahədə möhkəmləndirilməsi, hörmətli Mehriban xanım, Sizin rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun xeyirxah münasibəti və sadiqliyi olmadan mümkünsüz olardı.


Mən dünən səhər Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmək şərəfinə nail oldum. Görüşümüz zamanı mən xüsusi vurğuladım ki, atanız - ulu öndər Prezident Heydər Əliyevin Fransaya ilk rəsmi səfəri bizim yaxşı xatirimizdədir. Bu baxımdan mən xüsusilə qeyd etmək istəyirəm ki, o vaxt çox mühüm, həlledici anlar idi. Azərbaycan Respublikası öz müstəqilliyinə yenidən qovuşmuşdu, öz dövlətçiliyini qururdu. Məhz Heydər Əliyevin Fransaya ilk rəsmi səfəri Fransa Respublikasının o vaxtkı Prezidenti cənab Fransua Mitteranın ikinci prezidentlik dövrünün sonuna təsadüf etmişdi.


Əslində, bu gün təşkil olunan bu sərgi hamımızın ümumi şəkildə mədəni dəyərlərə nəinki sadiqliyimizi nümayiş etdirir, həmçinin Fransanın Azərbaycana ümumi hörmət və ehtiramının, rəmzi və bu sərginin təşkilində əməyi olan hər bir şəxsə göstərilən hörmət və rəğbətin təzahürüdür. Bu baxımdan təbii ki, biz xüsusi minnətdarlığımızı, xüsusi təşəkkürlərimizi Sizin rəhbərlik etdiyiniz Heydər Əliyev Fonduna yetiririk ki, bu Fond bunun üçün çox çalışmışdır.


Hörmətli Mehriban xanım, mən onu da qeyd etmək istəyirəm ki, - bunu artıq cənab nazirlə görüşümdə də xatırlatdım, - biz buraya mühüm nümayəndə heyəti ilə gəlmişik. Belə bir səviyyədə, çox sayda nümayəndə heyətinin ölkəyə gəlməsi bir daha onu göstərir ki, Fransanın hakimiyyət orqanları Azərbaycan ilə mövcud mədəni münasibətlərə, əməkdaşlığa xüsusi əhəmiyyət verir. Bunu nəzərə alaraq, mən bəyan edirəm ki, bu gün məhz mədəni əməkdaşlığımızda, münasibətlərimizin tarixində biz yeni bir səhifəni açırıq.


Elə bu münasibətlə, icazə verin, mən bir daha burada cənab Kuzelə xüsusi təşəkkürümü bildirim. Cənab Kuzel Fransanın Milli Muzeylər Birliyinin rəhbəridir. Xanım Labudetə, cənab Abaranda, o cümlədən digər nümayəndələrə - Pompidu Mərkəzinin rəhbərinə, Luvr muzeyinin direktoruna, Fransa Milli Kitabxanasının rəhbərliyinə, Fransanın digər mədəniyyət ocaqlarının rəhbər işçilərinə təşəkkürümü bildirirəm. Onlar bu işə öz töhfələrini vermişlər. Qeyd etmək istəyirəm ki, burada sərgilənən bütün bu əsərlər Fransanın bir çox müxtəlif yerlərində yerləşən mədəniyyət ocaqlarından gətirilmişdir. Onlara da təşəkkürümü bildirirəm. Çünki onlar bu işi ona görə etmişlər ki, Fransa ilə Azərbaycan arasında səmimi, mehriban dostluq münasibətlərinin xüsusi əhəmiyyət kəsb etdiyini yaxşı bilirlər.


Mən bir daha fürsətdən istifadə edib, cənab Filipp Kostamaniyə, onun rəhbərlik etdiyi bütün bu heyətə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu qədər çox sayda əsərlərin burada sərgilənməsi, inanın ki, böyük səylərin göstərilməsini tələb edən bir iş idi. Eyni zamanda, mən, bizim azərbaycanlı dostlarımıza da təşəkkür etmək istəyirəm ki, onlar da bütün hazırlıq işlərində çox fəal olmuş, öz töhfələrini vermişlər. Bütün bunlar aramızda olan və müstəsna əhəmiyyət kəsb edən qarşılıqlı anlaşmanın təcəssümüdür. Eyni zamanda, mən cənab Jan Pol Beyruya da təşəkkürümü bildirmək istəyirəm ki, o da azərbaycanlı dostlarımızla çox sıx işləmişdir ki, bu tədbir həyata keçirilsin.


Hörmətli Mehriban xanım, mən bir daha Sizə, qızınız Leyla xanıma təşəkkürümü bildirmək istəyirəm və ümumiyyətlə bütün dostlarımızı bir neçə dəqiqədən sonra bu sərgiyə baxmağa dəvət edirəm. Mən sizin hamınızı bizim xüsusi ailəmizin üzvləri hesab edirəm. Bu, məhz mehribanlıq şəraitində yaşayan Azərbaycan-fransız ailəsidir.


Hörmətli dostlar, işlərimiz bununla bitmir. Xahiş edirəm elə fikirləşməyəsiniz ki, biz sadəcə gəldik, bu işi lazımi şəkildə icra etdik. Yox, bu, belə deyildir. Biz bundan sonra da məhz kino sahəsində yeni birgə tədbirlərin, yeni sərgilərin keçirilməsini nəzərdə tuturuq. Biz bilirik və xüsusi qeyd edirik ki, Bakıda fransız liseyi tikilir və Parisdə Azərbaycan evi açılacaqdır. Bu qəbildən bir çox tədbirləri biz bir yerdə keçiririk. Bütün bunlar aramızda olan dostluq münasibətlərinin daha da dərinləşməsinə xidmət edir və əslində, bu, qarşılıqlı mədəni əməkdaşlığımızın işıq saçan, istilik, hərarət bəxş edən bir Günəşidir.


Hörmətli Mehriban xanım, Sizin dəstəyiniz olmasaydı, ümumiyyətlə bu sərgi mümkünsüz olardı. Mən bir daha Sizə dərin təşəkkürümü bildirirəm. Siz qiymətli vaxtınızı, gücünüzü, enerjinizi məhz bu tədbirin uğurla həyata keçirilməsinə sərf etdiniz və əslində bu cür tədbir, sərgi artıq digər ölkələr üçün də yaxşı nümunə ola bilər.


Bir daha Sizə təşəkkürümü bildirmək istəyirəm.


Zənnimcə, Sizin bizə göstərdiyiniz bu etimadı yəqin ki, biz müəyyən qədər də olsa doğrulda bildik.


“Fransa inciləri”nə xoş gəlmisiniz! Sizi burada görməkdən çox məmnunuq. Diqqətinizə görə minnətdaram!


X X X


Sonra iştirakçılar “Fransa inciləri” sərgisi ilə tanış oldular.


Bu gündən Bakıda dünyanın ən gözəl muzeylərində - Luvr və Orse muzeylərində, Versal sarayında, Pompidu Mərkəzində, Marsel, Lion, Nitsa və digər şəhərlərdəki muzeylərdə sərgilənən əsərlər nümayiş olunacaqdır. Sərgiyə gələnlər Edqar Deqa, Ogüst Roden, Anri Tuluz-Lotrek, Jan Batist Simeon Şarden, Ejen Delakrua, Ogüst Renuar kimi məşhur rəssamların əsərləri ilə tanış olan biləcəklər. Tamaşaçılar fransız dizaynerlərinin, tanınmış brendlərin müəlliflərinin, həmçinin Fransa fotoqraflarının işlərini, məşhur tarixi afişaları yaxından seyr edəcəklər. Sərgi möhtəşəmdir, çünki Bakıya gətirilən əsərlər arasında elələri vardır ki, bunlar heç vaxt nümayiş olunduğu muzeylərdən kənara çıxarılmamışdır. Sərginin qeyri-adiliyi isə burada Fransa tarixinin böyük bir dövrünün təqdim edilməsidir. Sərginin möhtəşəmliyi həm də bu amildən irəli gəlir. Ekspozisiyanın fərqliliyi müxtəlif dövrlərə aid əsərlərin ayrıca zallarda nümayiş olunmasındadır. Burada intibah dövründən başlayaraq müasir yaradıcılıq mərhələsinə qədər Fransa mədəniyyətini əks etdirən nadir əsərlər sərgilənmişdir.


Azərbaycanın və Fransanın inkişaf etdirmək istədikləri mədəni əlaqələrin ruhunu əks etdirən bu sərgidəki əsərlər fransızların zövqünü, ideyalarını, yaradıcılıq dünyasının incəliklərini əyani şəkildə görüb qiymətləndirməyə imkan verəcəkdir. Məhz bu baxımdan sərginin təşkilatçıları tamaşaçıların Bakıda Fransa ruhunu hiss etmələri üçün əllərindən gələni etmişlər.



FOTO