17.JPG
14 iyun 2013

Fransanın Bove şəhərində Azərbaycan günləri ilə bağlı tədbir keçirilib

Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Azərbaycan günləri ilə bağlı “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində növbəti tədbir iyunun 14-də Fransanın Bove şəhərində keçirilib.


Tədbiri açan Bove şəhərinin meri, departamentdən senator seçilən xanım Karolin Kayöks təşkil olunan sərgi və konsertin Azərbaycanı, onun tarixini, qədim və zəngin mədəni irsini, musiqi alətlərini, incəsənət əşyalarını yaxından tanıtmaqda xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.


Mühüm mədəni və tarixi irslə zəngin Azərbaycanı qədim sivilizasiyanın məskəni kimi dəyərləndirən mer Fransanın iqtisadiyyatı dinamik inkişafda olan ölkəmizlə hərtərəfli əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib.


Uaz departamentindən deputat seçilən, Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun üzvü Jan-Fransua Mansel Azərbaycana səfərinin onda zəngin təəssürat yaratdığını qeyd edib. O, Azərbaycanda müxtəlif millətlər və dinlərin nümayəndələrinin heç bir problem olmadan dost və mehriban şəraitdə yaşadığını, ayrıseçkiliyə yol verilmədiyini, Şərqlə Qərb arasında hərtərəfli əlaqələrin qurulmasında və inkişaf etdirilməsində Azərbaycanın körpü rolu oynadığını vurğulayıb.


Jan-Fransua Mansel Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun rəhbəri kimi dəfələrlə Fransaya səfər etdiyini, iki ölkə arasında dostluq əlaqələrinin inkişafına xüsusi töhfə verdiyini xatırladıb, Azərbaycanı Fransada tanıtmaq istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayıb.


Sərgidə nümayiş etdirlən müxtəlif eksponatların Azərbaycanın tarixinin və mədəniyyətinin zənginliyindən xəbər verdiyini vurğulayan deputat azərbaycanlıların səmimiliyindən, qonaqpərvərliyindən də bəhs edib.


Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov artıq Fransanın 14 şəhərində Azərbaycan günləri ilə bağlı sərgi və konsertin təşkil edildiyini və gələcəkdə də bu təşəbbüsün davam etdiriləcəyini bildirib.


Azərbaycanın qədim və zəngin tarixi olduğunu xatırladan səfir ölkəmizdə onlarla müxtəlif millətlərin azsaylı nümayəndələrinin yaşadığını, onların dil və dininin, mədəniyyətinin, ədəbiyyatının inkişafına heç bir məhdudiyyət qoyulmadığını, əksinə dövlət tərəfindən xüsusi qayğı və diqqət göstərildiyini söyləyib.


Son illər Azərbaycanda turizm imkanlarının genişləndiyini və bu istiqamətdə yeni layihələrin reallaşdığını qeyd edən E. Əmirbəyov Azərbaycanın Cənubi Qafqaz regionunun sürətlə inkişaf edən lider dövlətinə çevrildiyini vurğulayıb.


Uaz departamentinin perfekti Nikola Desforj Bove şəhərində təşkil olunan sərgi və konsertin iki ölkənin dostluğu istiqamətində atılan addım kimi dəyərləndirib, mədəni sahədə əməkdaşlığın vacibliyini vurğulayıb.


Sonda “Bakustik “ qrupunun və “ Muğam” instrumental ansamblının ifasında Azərbaycan xalq və bəstəkar mahnıları səsləndirilib.


Bovedə keçirilən Azərbaycan günlərinin şərəfinə şəhərin mərkəzindəki kafedralın fasadında lazer şou göstərilib.


FOTO