“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, “Təmiz Şəhər” ASC, “Qız Qalası” qalereyası və “İçərişəhər” DTMQİ-nin birgə təşkilatçılığı ilə “Tullantıdan sənətə” İkinci Beynəlxalq sərgisi keçirilir.
Sərgidə dünyanın müxtəlif ölkələrindən onlarla sənətkar cəmiyyəti bir daha fikirləşməyə sövq edəcək incəsənət əsərləri ilə çıxış edir, istifadəyə yararsız və gərəksiz hesab edilən əşyaları sənət əsərinə çevirirlər.
Ötən ilin iyun ayında Qala qəsəbəsində keçirilmiş “Tullantıdan sənətə” Birinci Beynəlxalq sərgisindən fərqli olaraq, builki sərginin formatı çərçivəsində tullantının sənət əsərinə çevrilməsi prosesini əyani şəkildə izləmək mümkündür. Sərginin 8-i azərbaycanlı olmaqla, ümumilikdə, 24 iştirakçısı öz əsərləri üzərində elə pavilyondaca işləyirlər.
Beynəlxalq sərgidə Azərbaycan ilə yanaşı Fransa, İtaliya, Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Benin, Albaniya, Ukrayna, Qazaxıstan, Belarus, İsrail, Özbəkistan, Tacikistan, Türkiyə və Rusiyadan incəsənət nümayəndələri iştirak edirlər.
İyunun 20-dək iştirakçılar tullantıdan yaradacaqları sənət əsərlərinin üzərində işləyəcəklər və həmin gün sərginin rəsmi bağlanışı olacaq.
Sərginin əsas məqsədi insanları israfçılıqdan yayındırmaq və onların malik olduğu əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir. İştirakçılar ən bəsit və lazımsız materiallardan - metal, kağız, plastik kütlə, rezin məmulat və müxtəlif məişət tullantılardan istifadə etməklə maraqlı əsərlər yaradırlar.
Sərgini ziyarət etmək istəyənlərin “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna gediş-gəlişini təmin etmək üçün təşkilatçılar tərəfindən avtobuslar ayrılıb. Ziyarətçilər iyunun 19-dək hər gün saat 12:00 və 15:00-da Qoşa Qala qapısı önündən yola düşən avtobuslar vasitəsilə qoruğa gedə bilərlər.
Beynəlxalq tədbir Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz Şəhər” ASC tərəfindən Qala qəsəbəsində həyata keçirilən tullantıların idarəolunması sisteminin müasir standartlara uyğun qurulması üzrə pilot layihəsinin maarifləndirmə proqramı çərçivəsində keçirilir.