037.gif
21 iyun 2013

Heydər Əliyev Mərkəzində Endi Vorholun əsərlərindən ibarət “Həyat, ölüm və gözəllik” mövzusunda sərgi açılıb

İyunun 21-də Heydər Əliyev Fondunun və Endi Vorhol Muzeyinin birgə dəstəyi ilə Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamı Endi Vorholun əsərlərindən ibarət “Həyat, ölüm və gözəllik” mövzusunda sərgi açılıb.


Açılış mərasimində Endi Vorhol Muzeyinin təmsilçiləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.


Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, fəaliyyətə başlamasından ötən qısa müddət ərzində Mərkəzdə artıq bir neçə sərgi təşkil edilib, bir sıra möhtəşəm tədbirlər keçirilib: “Bizim əsas məqsədimiz ölkəmizi dünyada tanıtmaq, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, mədəniyyətimizi təbliğ etmək və təbii ki, dünya mədəniyyətinin ən yüksək nümunələrini Azərbaycanda nümayiş etdirməkdir. Artıq ölkəmizin simvoluna çevrilmiş Heydər Əliyev Mərkəzinin binasında Ümummilli Liderin anadan olmasının 90 illik yubileyi münasibətilə Heydər Əliyev Muzeyi də fəaliyyətə başlamışdır. Həmçinin burada təşkil olunmuş “Azərbaycan inciləri” sərgisində qonaqlara Azərbaycanın tarixi və mədəniyyəti haqqında geniş məlumat verilir. “Mini Azərbaycan” sərgisi də Bakıdakı və Azərbaycanın regionlarındakı tarixi memarlıq abidələrinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda buradakı fotosərgilər də çox böyük maraq doğurur”.


Müasir incəsənətin həyatımızda böyük rol oynadığını deyən Mərkəzin direktoru bu istiqamətdə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda yaradılan Müasir İncəsənət Muzeyinin fəaliyyətini xüsusilə vurğulayıb, “YARAT!” Müasir İncəsənət Məkanının müvafiq istiqamətdə fəaliyyətini diqqətə çatdırıb. Anar Ələkbərov cari ildə 55-ci Venesiya Biennalesində Azərbaycan və “YARAT!” Müasir İncəsənət Məkanının pavilyonlarının çox yüksək nailiyyətlər əldə etdiklərini bildirib. Azərbaycan pavilyonunun Venesiya Biennalesi tərəfindən 5 ən möhtəşəm pavilyon sırasına daxil edildiyini xatırladan Anar Ələkbərovun sözlərinə görə, bütün bu nailiyyətlər nəzərə alınaraq məhz Heydər Əliyev Mərkəzində müasir incəsənətin banisi olan XX əsrin məşhur rəssamı Endi Vorholun “Həyat, ölüm və gözəllik” mövzusunda sərgisinin təqdim edilməsi qərarlaşdırılıb: “Bu sərgi mədəniyyətlərarası dialoqun yaradılmasında, müxtəlif mədəniyyətlərin, o cümlədən müasir incəsənət nümunələrinin təbliğində və yaşadılmasında əhəmiyyətli rol oynayacaq”.


Anar Ələkbərov bildirib ki, Heydər Əliyev Mərkəzi bu gün elm, təhsil, mədəniyyət və digər istiqamətlərdə yerli və beynəlxalq səviyyəli müxtəlif layihələri həyata keçirməklə bu sahələrin öyrənilməsinə və inkişafına xidmət göstərir: “Bu gün isə Mərkəz bütün sənətsevərləri müasir rəssamlığın məşhur nümunələri ətrafında toplayıb. Bu sərgi Heydər Əliyev Mərkəzinin mədəniyyətlərin bir-birinə qovuşması, xalqlar arasında dialoqun yaranması istiqamətində uğurlu layihələrindən hesab oluna bilər”.


Sərgidə 100-ə yaxın əsərin nümayiş etdirildiyini deyən Anar Ələkbərov bu işin təşkilində əməyi olan Endi Vorhol Muzeyinin rəhbərliyinə təşəkkürünü bildirib.


Mərkəzin direktoru Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya bütün bu layihələrin hazırlanmasında, əsərlərin Azərbaycana gətirilməsində göstərilən dəstəyə görə minnətdarlıq edib, layihəyə bilavasitə nəzarət edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib.


Endi Vorhol Muzeyinin direktor müavini Patrik Mur rəssamın Azərbaycanda, Heydər Əliyev Mərkəzində ilk dəfə keçirilən sərgisini təqdim etməkdən məmnunluğunu və ziyarətçilərin bu sərgidən zövq alacağına ümidvar olduğunu dilə gətirib.


Sərginin kuratoru Cianni Merkurio isə bu tədbirin Azərbaycanda keçirilməsini mədəniyyət sahəsində əlamətdar hadisə adlandırıb. O, Heydər Əliyev Mərkəzində Endi Vorholun sərgisində iştirak etməsindən böyük şərəf duyduğunu deyib, Mərkəzin gələcəkdə bir çox mühüm layihələrə ev sahibliyi edəcəyini, Bakını müxtəlif mədəniyyətlərin kəsişdiyi nöqtəyə çevirəcəyini söyləyib.


Modern incəsənətin məşhur nümayəndələrindən olan Endi Vorholun Azərbaycanda ilk dəfə keçirilən sərgisində rəssamın 100-dək əsəri və qısa filmləri yer alır.


Sərgidə rəssamın portretlər, avtoportretlər silsiləsindən rəsmləri, eləcə də “Güllər” (Flowers), “Kamuflyaj” (Camuflaje), “Sonuncu şam yeməyi” (The Last Supper), “Dua edən kişi əlləri” (Male hand Praying), “Elektrik stulu” (Electric Chair) və digər dünya şöhrətli əsərləri nümayiş olunur.


Sərgi təkcə Endi Vorhol haqqında deyil, eyni zamanda, avanqard film, pop-art barədə geniş məlumat əldə etməyə imkan verir.


Əsərlərinin orijinallığı, hər bir incəsənət nümunəsinə özünəməxsus üslubda yanaşma tərzi olan Endi Vorholun Heydər Əliyev Mərkəzində sərgilənən əsərləri maraqlı kompozisiyada təqdim edilir. Bu kompozisiya görkəmli rəssamın “Həyat, ölüm və gözəllik” fəlsəfəsini daha yaxından tanımağa, əsərlərin hər birində rəssamın daxili dünyasını görməyə imkan verir.


Endi Vorholun əsərlərini dünyanın bir çox muzeylərində təqdim edən Endi Vorhol Muzeyinin geniş səyyar sərgi proqramı var. Muzeyin 1996-cı ildən etibarən 40 ölkədə təşkil etdiyi sərgiləri 10 milyondan çox ziyarətçi izləyib.


Endi Vorhol 1928-ci ildə ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində anadan olub. O, ekletika üslubu ilə 1960-cı və 1970-ci illər amerikan mədəniyyətinin simvolu sayılır. Endi Vorhol rəssam kimi fəaliyyət göstərməklə yanaşı, həm də reklam illüstratoru, heykəltəraş, kinoprodüser, videorəssam, reklam direktoru, televiziya prodüseri, kinoaktyor, model, novella müəllifi, filosof, dramaturq, jurnal redaktoru, qrafik dizayner, fotoqraf, musiqi prodüseri, pop ulduzların meneceri olub.


Endi Vorhol 1987-ci il fevralın 22-də vəfat edib.


Bakıda açılmış “Həyat, ölüm və gözəllik” mövzusunda sərgi sentyabrın 9-dək davam edəcək.


Endi Vorholun “Həyat, ölüm və gözəllik” sərgisi burada nümayiş olunan əsərlərin dəyərinə görə indiyədək Azərbaycanda nümayiş etdirilmiş sərgilərdən ən qiymətlisidir.


FOTO