01_qabala-beynalxalq-musiqi-festivali-achilish.jpg
24 iyul 2013

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələ V Beynəlxalq Musiqi Festivalı başlayıb

İyulun 24-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda Qəbələ V Beynəlxalq Musiqi Festivalı başlayıb.

 

Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub.

 

Məktubda deyilir: “Hörmətli festival iştirakçıları. Əziz dostlar! Sizi – Qəbələ V Beynəlxalq musiqi festivalının iştirakçılarını ürəkdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə xoş arzularımı çatdırıram. Dünyada gedən ictimai-siyasi proseslərdə və sivilizasiyalararası dialoqda dünya mədəniyyətlərinin qarşılıqlı münasibətləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir. Məhz mədəniyyət xadimlərinin məqsədyönlü fəaliyyəti nəticəsində bəşəriyyət mədəniyyətlərin qarşıdurması təhlükəsini dəf edərək dialoqun uğurlu nəticələrinə nail olub.

 

Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya Azərbaycanın dövlətlərarası siyasətlərinin əsas prioritetlərindən biridir. Biz zəngin mədəniyyətimiz vasitəsilə ölkəmizi dünyada tanıtmağa nail olmuşuq, bu gün beynəlxalq ictimaiyyət Azərbaycan mədəniyyətinə böyük maraq göstərir. Mən də UNESCO-nun xoşməramlı səfiri kimi dünya mədəniyyəti xəzinəsini olduqca dəyərli əsərlərlə zənginləşdirmiş, xalqımızın mədəni irsinin dünyada təbliğ olunmasına, dünya mədəniyyət nümunələrinin ölkəmizdə tanıdılmasına xidmət edən, xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələri daim dəstəkləyəcəyəm.

 

Nüfuzu ildən-ilə artmaqda olan Qəbələ Beynəlxalq Musiqi Festivalının keçirilməsi ənənəvi xarakter almışdır. Bu gün Qəbələnin adı Beynəlxalq tədbirlərin təşkil olunduğu şəhərlərin adları ilə bir sırada yer alır. Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.


İnanıram ki, Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcək builki festival, füsunkar təbiətin və valehedici musiqinin gözəl vəhdəti hər birimizdə xoş təəssüratlar yaradacaqdır. Festivalda iştirak edən hər kəsə tükənməz nailiyyətlər arzulayıram”.

 

Açıq havada qurulan səhnədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub.

 

Konsertdə Pyotr Çaykovskinin “Yevgeni Onegin” operasından Polonez, Türkər Qasımzadənin “Balet süitası”, Ayaz Qəmbərlinin “Divertisment”, Qara Qarayevin “Don Kixot” əsərinin simfonik qravürləri, Fikrət Əmirovun “Nəsimi haqqında dastan” simfonik poeması, Kərəm Əkbərovun “Azərbaycan” simfonik poemasından parçalar səsləndirilib.

 

Qəbələ şəhərində iyulun 24-dən avqustun 6-dək davam edəcək musiqi bayramında Azərbaycan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.


FOTO