7 avqust 2013

Heydər Əliyev Fondunun dəstəyi ilə IV muğam televiziya müsabiqəsi başlayıb

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında IV muğam televiziya müsabiqəsi başlayıb.


Müsabiqənin ilk günü maraqlı ifalarla yadda qalıb. Əvvəlcə seçim turları nəticəsində Beynəlxalq Muğam Mərkəzində çıxış etmək hüququ qazanmış 21 gəncdən 11-i tamaşaçılara təqdim olunub. Sonra “Muğam” instrumental ansamblının müşayiəti ilə xanəndələr çıxış ediblər.


Ümumilikdə 500-dən çox gəncin iştirak etdiyi birinci turdan növbəti mərhələyə 48 xanəndə vəsiqə alıb, onlardan 21-i isə Bakı səhnəsində ifa etmək hüququ qazanıb.


Müsabiqənin birinci günündə gənc xanəndələrin ifasında “Sona bülbüllər”, “Küçələrə su səpmişəm”, “Şuşanın dağları” və digər xalq mahnıları, eləcə də təsniflər tamaşaçılara təqdim olunub.


Dördüncü muğam televiziya müsabiqəsi həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı sənətsevərlərin görüşünə gələcək. Müsabiqənin bütün konsertləri Azərbaycan Televiziyası ilə canlı yayımlanacaq.