6 avqust 2013

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ V Beynəlxalq Musiqi Festivalı başa çatıb

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 6-da başa çatıb.


Tədbirin bağlanış mərasimində festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək on dörd gün ərzində Qəbələdə əsl musiqi bayramının yaşandığını vurğulayıblar.


Tədbirin Qəbələdə keçirilməsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıq ifadə olunub, birinci xanımın təşəbbüsü və köməyi ilə Qəbələdə Beynəlxalq musiqi festivallarının keçirilməsinin ənənəyə çevrildiyi vurğulanıb.


Natiqlər bu festivalın ölkələr arasında dostluq və əməkdaşlığın inkişafına yeni təkan verəcəyinə əminliklərini ifadə ediblər.


Sonra açıq havada davam edən musiqi axşamında “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin konsert proqramı təqdim edilib.


ABŞ və Rusiyanın dünya şöhrətli məşhur violonçel ifaçısı, festivalın bədii rəhbərlərindən biri Dmitri Yablonskinin dirijorluğu ilə baş tutan konsertdə məşhur rusiyalı pianoçu Boris Berezovski, nüfuzlu “Reine Elizabeth Concours” müsabiqəsinin ən gənc qalibi, tanınmış skripkaçı Vadim Repin çıxış ediblər. Musiqiçilər bəstəkar Dmitri Şostakoviçin “Bayram uvertürası”nı, Edvard Qriqin fortepiano və orkestr üçün konsertini təqdim ediblər.