017--muqam-musabiqasi-2013--final-.jpg
6 noyabr 2013

“Muğam televiziya müsabiqəsi–2013” başa çatıb

Noyabrın 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə üç ay davam edən “Muğam televiziya müsabiqəsi–2013”ün final mərhələsi keçirilib.

 

Tədbirdə akademik Ziyad Səmədzadə və Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycan Mili Elmlər Akademiyasının müxbir üzvi Nizami Cəfərov çıxış ediblər.

 

Azərbaycan muğam sənətinin qorunub saxlanılmasında, təbliğində və inkişaf etdirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri xüsusi vurğulanıb, muğam sənəti sahəsində yeni istedadların üzə çıxarılmasında Heydər Əliyev Fondunun rolu qeyd edilib.

 

Çıxış edənlər Azərbaycan muğamının professional musiqi mədəniyyətimizin mühüm qolunu təşkil etdiyini bildiriblər.

 

“Muğam televiziya müsabiqəsi-2013”ə avqustun 6-da Beynəlxalq Muğam Mərkəzində start verilib. Müsabiqə Azərbaycan Televiziyası və Radiosu, eləcə də “Mədəniyyət” kanalı ilə canlı yayımlanıb.

 

Müsabiqədə müxtəlif rayon və şəhərlərdə aparılan dinləmələr vasitəsilə seçilən gənclər iştirak edib. Ümumilikdə 500-dən çox gəncin iştirak etdiyi birinci turdan növbəti mərhələyə 48 xanəndə vəsiqə alıb, onlardan 21-i Bakı səhnəsində çıxış etmək hüququ qazanıb. Artıq bir ənənəyə çevrilən və dördüncü dəfədir ki, keçirilən muğam televiziya müsabiqəsinin münsiflər heyətində Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Ağaxan Abdullayev, Mənsum İbrahimov, Əməkdar İncəsənət Xadimi, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov və Əməkdar İncəsənət Xadimi, müsabiqənin təşkilat rəhbəri Nadir Axundov yer alıblar.

 

Sonra “Muğam” instrumental ansamblının müşayiət ilə müsabiqənin final mərhələsinə çıxmış gənc ifaçılar Xətai Hacıyev, Gülnar Qüdrətli, Babək Quliyev, Ramiq Bayramov, Zümrüd Məmmədova, Sərxan Bünyadzadə və Mirpaşa Şükürov tamaşaçılar və münsiflər heyəti qarşısında bir daha çıxış ediblər. Gecədə obyektiv səbəblərdən müsabiqənin Naxçıvanda keçirilən növbəti mərhələsində iştirak edə bilməyən Murad Əbduləzimov və Ayşən Mehdiyevanın da ifaları dinlənilib.

 

Sonda münsiflər heyəti müsabiqənin qaliblərinin adlarını elan edib və qaliblərin mükafatlandırma mərasimi keçirilib.

 

Müsabiqə iştirakçılarının 14 nəfərinə diplomlar təqdim edilib.

 

İştirakçılardan Murad Əbduləzimov və Ayşən Mehdiyeva “Tamaşaçıların rəğbəti” mükafatına layiq görülüblər və onlara üzərində müsabiqə təşkilatçılarının emblemi olan qaval hədiyyə olunub.

 

Münsiflər heyətinin yekdil qərarı ilə Sərxan Bünyadzadə birinci, Xətai Hacıyev, Zümrüd Məmmədova ikinci, Ramiq Bayramov, Gülnar Qüdrətli və Babək Quliyev isə üçüncü yerləri tutublar.

 

“Muğam televiziya müsabiqəsi – 2013”ün 12 yaşlı iştirakçısı Mirpaşa Şükürov yarışın ən yüksək mükafatına - “Qran-pri”yə layiq görülüb.

 

Qaliblərə diplomlar və Azərbaycanın musiqi alətlərinin rəmzi olan qiymətli xatirə hədiyyələri təqdim edilib.

 

Münsiflər heyəti adından çıxış edən Xalq Artisti Əlibaba Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğamlarımıza yeni həyat verdiklərini, onun inkişafına, təbliğinə hər zaman yardımçı olduqlarını söyləyib.

 

Sonda qaliblər və diplomantlar birlikdə “Qarabağ şikəstəsi”ni ifa ediblər.


FOTO